Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Ölkəmizin həyatında yeni quruculuq dövrü başlayıb

Fərəc Quliyev:Ölkəmizin həyatında yeni quruculuq dövrü başlayıb
«Bu bir həqiqətdir ki, həyata keçirilən düşünülmüş iqtisadi islahatlar respublikamızın inkişafını təmin etməklə bərabər, Azərbaycanın xarici dövlətlər üçün cəlbedici ölkəyə çevrilməsinə əhəmiyyətli baza yaradıb. Həyata keçirilən siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minib. Müstəqilliyin ilk illərində iqtisadi inkişafın təkanvericisi neft-qaz sektoru olsa da, aparılan islahatlar nəticəsində qeyri-neft sektoru yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir və bütün sahələrdə inkişaf meyilləri nəzərə çarpır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət verilir. Demək olar ki, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir”. Bu gün işğaldan azad olunmuş ərazilərimizə investisiyaların cəlb edilməsi prioritet məsələlərdən hesab olunur.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.

F.Quliyev qeyd edib ki, artıq ölkəmiz üçün yeni bir dövr - quruculuq dövrü başlayıb: «Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratdı. Bu kontekstdə bir sıra məqamlara xüsusi olaraq diqqət yetirmək lazımdır. Əvvəla, Azərbaycan hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Ölkəmiz böyük bir strateji regionda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerini və rolunu müəyyən etdi. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu, sadəcə olaraq, hadisələri kənardan izlədilər və ona əsla müdaxilə edə bilmədilər. Bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın formalaşması və Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından xüsusi konsepsiya hazırlanır. Həmin konsepsiyada yerli və xarici biznes üçün güzəştlərin, o cümlədən təşviqedici vergi güzəştlərinin tədqiq edilməsi nəzərdə tutulur. Artıq işğaldan azad olunmuş ərazilərimizdə sənaye parklarının yaradılması istiqamətində işlər intensiv şəkildə reallaşır. Bu da sahibkarlar üçün yeni investisiya imkanları və dövlət tərəfindən birmənalı şəkildə güzəştlərin tədqiq edilməsi anlamına gəlir. Bu istiqamətdə də fəaliyyətlər güclənib”. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən dərhal sonra düşməndən təmizlənən bölgənin yenidən qurulmasını xüsusi diqqət mərkəzində sax­layıb. Ölkə rəhbərinin son bir il ərzində azad edilən ərazilərə– Şuşa, Füzuli, Zəngilan, Xocavənd, Cəbrayıl, Ağdam, Qubadlı, Laçın, Kəlbəcər, Talış və Suqovuşana davamlı səfərləri zamanı bir sıra strateji infrastruktur obyektləri işə salınıb, yenilərinin təməli qoyulub. Bununla da düşmənin darmada­ğın etdiyi şəhər və kəndlərimizə həyat yenidən qayıdıb. Azadlığına qovuşan torpaqlarımızda aparılan böyük quruculuq və bərpa işlərinin sürəti getdikcə artıb.»

Partiya sədri əlavə edib ki, nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prosesinin həyata keçiriləcəyi planlaşdırılır. Dövlət başçısı tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inki­şafıdır. Dövlətimizin başçısı Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib: «Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır. Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördü­yümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaq­larda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.»

Ölkə rəhbərinin bu fikirləri Qa­rabağ və Şərqi Zəngəzurun tez bir zamanda dünyanın ən inkişaf edən məkanlarından birinə çevriləcəyi əminliyini yaradır.

Yeni iqtisadi rayonların yaranması Vətən müharibəsində qazanılan Zəfərdən sonra formalaşmış obyektiv reallıqları özündə əks etdirir. İki yeni iqtisadi rayonun dirçəldilməsində strateji hədəflərin olması ölkəmizin rəqabət qabiliyyətinin, həm də siyasi və iqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaqdır. Yaxın dövrdə biz müstəqil Azərbaycanımızın yeni yaradılan iqtisadi rayonlarının güclü inkişafının şahidi olacağıq. Hazırda «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı» layihəsi üzərində iş gedir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi cəlbediciliyi həm daxili, həm də xarici investisiya yatırımları üçün geniş perspektivlər açır. Bütün bunlar onu göstərir ki, ölkəmizdə sosial sahəyə göstərilən dövlət qayğısı ən yüksək səviyyədədir. Davamlı olaraq yüksəldilən əməkhaqqı və təqaüdlər xalqın həyat standartlarının yaxşılaşdırılmasına hesab­lanır və bu, ölkə iqtisadiy­yatının da çiçəklənməsinə səbəb olur. Çünki bir dövlətin vətəndaşlarının həyat səviyyəsi nə qədər yüksəkdirsə, iqtisadiyyatı da o qədər güclüdür.

Şəmsiyyə Əliqızı,
Nilufər Mustafaqızı, «İki sahil»