Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Onlar fürsət düşdükcə və ayaqları yer tutduqca iddialarını davam etdirəcəklər

Fərəc Quliyev:Onlar fürsət düşdükcə və ayaqları yer tutduqca iddialarını davam etdirəcəklər
Ermənistan Xarici İşlər Nazirliyi 1988-ci ilin fevral hadisələri ilə bağlı bəyanat yayıb. Bəyanatda “artsaxın dirçəliş günü” kimi “qeyd edilən” tarixin - 20 fevral 1988-ci il ildönümündə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar əks olunub. İddia olunub ki, guya, bu hadisə “insan haqları” ilə bağlı ümumerməni hərəkatının əsasını qoyub. Bəyanatda həmçinin vurğulanıb ki, 34 ildən sonra, iki dəfə qanlı müharibə olmasına baxmayaraq, “Ermənistan və artsax milli hədəflər, dövlətçilik, suverenlik, erməni haqları və beynəlxalq tanınma” istiqamətində səylərini davam etdirir. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin sərsəm bəyanatını cavabsız qoymayıb.

XİN-in mətbuat xidmətindən bildirilib ki, 1988-ci il 20 fevral tarixində erməni separatçılığının əsası qoyulub. Qeyd olunub ki, Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ərazilərinin bir hissəsi 30 ilə yaxın işğal altında qalıb. Ermənistanın “dirçəliş” kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib: “Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in bəyanatı bu ölkənin son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur”.

Məlumat üçün bildirək ki, Qərbi Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın daxilində qara yara kimi yaradılan keçmiş DQMV-da ermənilər deyil, hər zaman azərbaycanlılar diskriminasiyaya məruz qalıb. Azərbaycanlıların bu torpaqlardan çıxması üçün hər vasitəyə əl atılıb. Keçmiş DQMV-də ermənilər tam şəkildə ermənidilli orta məktəblərdə təhsil alıblar, bütün reklam lövhələri, idarə adları ermənicə yazılıb.

Xankəndidə ermənilərin ali məktəbi fəaliyyət göstərib. DQMV-dəki idarə və müəssisələrdə, rəsmi qurumlarda hər zaman ermənilər birinci postu tutublar və yazışmalar ermənicə aparılıb. 1988-ci il 20 fevrala qədər əhalinin böyük əksəriyyəti ermənilər olub və onların sayı şişirdilərək 149 minə çatdırılıb. Nəinki Dağlıq Qarabağda, Azərbaycanın bütün regionlarında, əsasən də Bakıda ermənilər yüksək vəzifələrdə təmsil olunublar, ən gəlirli sahələrə rəhbərlik ediblər və yaxud orda əsas adamlardan biri olublar. Yalnız 1988-ci il hadisələrindən sonra ermənilərin Azərbaycandan növbəti dəfə torpaq qoparmaq istəyinə qarşı Azərbaycan ictimaiyyəti etirazını bildirib. Bakıda dinc aksiyalar keçirilib. Buna cavab olaraq isə ermənilərin Qarabağda azərbaycanlılara qarşı hücumu və qətliamları başlayıblar. Xocalı və Ağdaban da daxil olmaqla, bir neçə dəhşətli soyqırım həyata keçiriblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Şərq”ə deyib ki, Ermənistanda monolit siyasi elita yoxdur. Partiya rəhbərinin sözlərinə görə, ermənilər Azərbaycan xalqı ilə yanaşı, öz aralarında da savaşır, mübarizə aparırlar:

“Ermənilərin bir sıra məsələlərə baxışı ziddiyyətlidir. Ona görə də indiki dövrdə bu formada bəyanat yaymaları o qədər təəccüb doğurmur. Ermənilər 1978-ci ildə torpaqlarımıza gəlişlərinin 150 illiyi münasibəti ilə bir abidə qoymuşdular. Yəni 1828-ci il müqaviləsindən sonra bura köçürüldüklərini özləri etiraf ediblər. Ucaltdıqları abidə ilə öz miflərini dağıtdılar. Ermənistan 44 günlük müharibədə məğlub olandan sonra artıq heç kim demək olar ki, Qarabağ haqqında, “status” barəsində danışmır. Hətta uzun müddət arxalandıqları, müəyyən qədər stimul aldıqları Fransa kimi dövlətlər də daha çox Azərbaycan-Ermənistan əməkdaşlığından, sərhədlərdəki konfliktlərdən danışırlar. Ona görə də İrəvan hökuməti Qarabağ erməniləri məsələsini gündəmdə saxlamaq üçün müxtəlif manevrlər edirlər. Qondarma rejimin “xarici işlər naziri” İrəvanda kitab təqdimatı keçirtmişdi. Orada bəyan etmişdi ki, “Kəlbəcərin itirilməsi iki “erməni respublikası”nın su ehtiyatlarına böyük zərbə vurub”. Ancaq bu kimi məsələlər ciddiyə alınmır. Ermənistan özü çox hay-küy salanda İrəvan deyirlər ki, “heç siz özünüz qondarma rejimi tanımırsız, başqasından tələb edirsiz”. Lakin belə absurd bəyanat göstərir ki, ermənilər fürsət düşdükcə və ayaqları yer tutduqca iddialarını davam etdirəcəklər”.

F.Quliyevə görə, bu məsələnin gündəmdə qalması həm daxili auditoriya, həm də xarici tərəfdarları üçün vacibdir:

“Sülh müqaviləsinin imzalanmasını yubatmaq, sərhədlərin müəyyənləşməsini gecikdirmək Qarabağ məsələsini gündəmdə saxlamağa xidmət edir. Xankəndi və ətrafında 27 minə qədər erməni yaşadığı deyilir. Onların hamısının 1988-ci ilədək doğulanlardan ibarət olması, yoxsa sonradan sürü kimi rus sülhməramlıları tərəfindən bölgəyə gətirildiyi məlum deyil. Hesab edirəm ki, Ermənistanın XİN-in absurd ittihamlarına tutarlı cavab verilməlidir, amma məsələni çox da ciddiyə almamalıyıq. Rəsmi Bakının mövqeyi və addımları düzgündür”.

İsmayıl Qocayev/sherg.az