Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Azərbaycanlı deputat: "Onlara qarşı savaş elan edilməlidir"

Azərbaycanlı deputat: "Onlara qarşı savaş elan edilməlidir"

Yanvarın 26-da AŞPA-nın qış sessiyasında Siyasi məsələlər komitəsi adından britaniyalı parlamentari Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" sənədi əsasında qətnamənin qəbulu ermənipərəst qüvvələr tərəfindən əngəlləndi. Səsvermədə iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verdi, 45 nəfər isə bitərəf qaldı.

Səsvermədən sonra Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın Baltikyanı ölkələrlə dostluq qrupunun rəhbəri Eduard Şarmazanov Latviya Seyminin vitse-spikeri, Latviyanın AŞPA-dalə nümayəndə heyətinin rəhbəri İnes Libina-Eqnereyə, Litva Seymində Litva - "DQR" dostluq qrupunun rəhbəri, Litvanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Daliya Kuoditeyə və Estoniyanın Ermənistanla parlament dostluq qrupunun rəhbəri Riyqikoq Mati Raydmaya nümayiş etdirdikləri mövqeyə görə minnətdarlığını bildirdi.

Azərbaycanla münsibətləri heç də pis olmayan bu Baltikyanı ölkələrin deputatlarının məsələyə münasibəti hələ bir tərəfə qalsın, Litva parlamentində heç bir dövlət, hətta Ermənistanın özü tərəfindən də tanınmayan "Dağlıq Qarabağ Respublikası" adlı separatçı rejimlə əlaqələrə dair ayrıca dostluq qrupunun mövcud olması diqqətdən yayınmadı. Qeyd edək ki, adıçəkilən dostluq qrupu artıq təxminən 2 ildir ki, fəaliyyət göstərir və onun rəhbəri də cinsi orietasiyası ilə heç də birmənalı qarşılanmayan Daliya Kuodite adlı qadın deputatdır.

Milli.Az olaraq Azərbaycana dost olduğunu deyən dövlətin parlamentində separatçılarla dostluq qrupunun mövcudluğu ilə bağlı millət vəkili, Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fərəc Quliyevin münasibətini öyrəndik. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ məsələsində haqlı olduğunu həmişə sübut edib. Bu, bütün beynəlxalq qurumlarda qəbul olunan qərarlarda, o cümlədən BMT-nin 4 qətnaməsində əksini tapıb və bu faktlar artıq hamıya aydındır. Amma buna baxmayaraq, bəzi dövlətlər və təşkilatlar tərəfindən Azərbaycana qarşı yenə də qərəzli münasibət sərgilənir:

"Belə çıxmasın ki, həmin o Baltikyanı ölkələrin parlamentlərində Azərbaycan həqiqətlərini, regiondakı vəziyyəti birmirlər. Yaxşı bilirlər. Baltikyanı ölkələrdə də hamının Azərbaycana qarşı münasibəti bu cür deyil. Məsələn, Litvanın eks-prezident Vitautas Landzberqis AVRONEST-in iclasında birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın işğalçı ordusunun oradan çıxarılması məsələsini açıq şəkildə qoyan adamlardan biri olub. Bu gün də Litva parlamentində baş verənləri Litva dövlətinin, yaxud litvalıların münasibətindən daha çox orada olan bir qrup şəxsin mövqeyi kimi qəbul etməyə çalışırıq. Amma ən azından əgər Litvanın dövlət qurumunda separatçı rejimlə əlaqələr qurmaq üçün parlamentlərarası dostluq qrupu formalaşıbsa, təbii ki, buna o dövlətin rəhbərliyinin də, parlamentin də münasibəti olmalıdır. Yoxdursa, deməli, burada bir az da qərəz var".

Millət vəkilinin fikrincə, Azərbaycan öz maraqları naminə bizə qarşı qərəzli olan dövlətlər və təşkilatlarla münasibətləri yaxşılaşdırmağa çalışmalıdır. Lakin elə məsələlər var ki, orada qətiyyən güzəştə getmək olmaz: "Biz həmişə deyirik ki, çox çalışmağımız, yaxşı işləməyimiz lazımdır. Amma mən bilmirəm daha nə etmək lazımdır ki, Azərbaycan tərəfi eləmir? Azərbaycan tərəfi hər şeyi edir. Hətta Azərbaycan tərəfi heç nə etməsəydi belə, onlar gözəl bilirlər ki, burada nə baş verir. Çünki həqiqət Azərbaycanın yanındadır, onu heç təbliğ etməyə də ehtiyac yoxdur. Ona görə də, görünür, bu geosiyasi oyunlarda bir sıra amillərin təsiri hələ müəyyən qədər davam edəcək və böyük ehtimalla, biz yenə də oxşar mənzərələrlə rastlaşacağıq. Ona görə də bizim daha çox güclənməyimiz və dost qruplar formalaşdırmağımız məcburi xarakter alıb. Çalışmalıyıq ki, olan dostlarımızı itirməyək və müəyyən qədər soyuqluq yaranmış beynəlxalq təsisatlarla və dövlətlərlə də münasibətlərimizi istiləşdirək. Azərbaycan tərəfi Litva parlamentində ermənilərin separatçı rejimi ilə dostluq qrupunun yaradılmasına dair hələ 2 il əvvəl münasibət bildirib, XİN nota verib. Sadəcə olaraq, bu iki dövlət arasındakı münasibətlərin növbəti mərhələsi artıq daha kəskin diplomatik fazaya keçirilməsini, yaxud da diplomatik savaş elan edilməsini, embarqolar tətbiq edilməsini, əlaqələrin kəsilməsi səviyyəsinədək gedilməsini zəruri edir. Biz bu məsələlərdə güzəştli mövqe tutmamalıyıq. Çünki bu, artıq Azərbaycanın şərəf işidir".

İlkin İzzət
Milli.Az