Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Bu cür məsələlərdə Xarkovdakı konsulluq Kiyevdəki səfirlikdən daha yaxşı işləyir

Fərəc Quliyev:Bu cür məsələlərdə Xarkovdakı konsulluq Kiyevdəki səfirlikdən daha yaxşı işləyir
Ukraynada gedən müharibə həmin ölkələdə yaşayan əcnəbi vətəndaşların da təhlükəsizliyini sual altına qoyub. Buna görə də, hər bir ölkə öz vətəndaşlarını müharibə gedən dövlətin ərazisindən çıxarmağa çalışır. Bu işlər, əsasən, həmin ölkədə akkreditə olunan səfirliklər vasitəsilə həyata keçirilir.

Ukraynada, qeyri-rəsmi məlumatlara görə, 500 mindən artıq soydaşımız yaşayır. Onların böyük əksəriyyətinin Azərbaycan vətəndaşı olduğu bildirilir. Bir neçə gündür ki, həmin vətəndaşlar Ukraynada olan səfirliyimizin fəaliyyətindən narazılıqlarını ifadə edın məlumatlar paylaşırlar. Bildirirlər ki, səfirliklə ümumiyyətlə əlaqə yaratmaq mümkün deyil. Qaynar xətt kimi qeyd edilən nömrələrə cavab verən yoxdur. Səfirlik nümayəndələri media və sosial şəbələlərdə də çox passivdirlər.

Səfir Elmira Axundova bugünlərdə deyib ki, Kiyevdəki səfirlikdə vətəndaşlar üçün qaynar xətt yaradılıb: “Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı vasitəsilə məlumat əldə edə bilərlər”.

Ancaq istər Azərbaycandan, istərsə də Ukraynadan qaynar xətlə əlaqə saxlamağın mümkünsüz olduğu bildirilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ukraynada vəziyyət kifayət qədər kritikdir: “Mən hardasa yarım saat əvvəl Xarkovla əlaqə saxladım. Bizim oradakı Vaqif Almurad adlı dostumuz dedi ki, dünən Xarkovdakı Azərbaycan konsulluğu bu işlə məşğul olub. Hətta onun özünə də evakuasiya təklifi edilib. Deyir ki, imtina edib, gedib döyüşmək üçün Ukrayna ordusuna yazılmaq istəyib, yaşına görə icazə verməyiblər. Kiyevdəki səfirliyimiz daha fəal olmalıdır. Çünki bütün regionlarla onlar əlaqə saxlamalıdır. Bizim Ukraynanın bütün bölgələrində konsulluğumuz yoxdur. Türkiyə vətəndaşlarını evakuasiya etmək üçün öz avtobuslarını göndərdi. Moldovaya keçib, oradan yola salınmaq mümkün olurdu. Səfirliyimiz digər fəallıq göstərən ölkələrə baxmalıdır. Türkiyənin səfirliyi gün ərzində bir neçə dəfə vətəndaşları ilə əlaqə saxlayır. Bizim soydaşlarımızla bağlı mütləq şəkildə ciddi iş aparılmalıdır. Səfirlik media ilə fəal işləməlidir. Vətəndaşlarımızın təhlükəsizliyinin təminatı ilə bağlı işlər daha da intensivləşməlidir. Küçəyə çıxmaq qadağaları da qoyulur. Bunun üçün də qaynar xətlər fəal işləməlidir. İkiqat güclə fəaliyyət göstərməlidir. Adam çatmırsa, oradakı vətəndaşlarımızı prosesə cəlb etmək olar. Belə məsələlərdə təşəbbüskarlıq göstərmirlər. Hesab edirəm ki, bu cür məsələlərdə Xarkovdakı konsulluq Kiyevdəki səfirlikdən daha yaxşı işləyir”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com