Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Fikirləşir ki, belə anlaşmaya güclü siyasi lider qarant ola bilər”

Fərəc Quliyev: “Fikirləşir ki, belə anlaşmaya güclü siyasi lider qarant ola bilər”
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya yardımından danışarkən deyib ki, çox yaxşı münasibətləri var: “Oradan PUA-lar alınıb və bu, böyük köməkdir. Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var. Mən ona çox minnətdaram. Siyasi səviyyədə o həm də bir çox addımlar atır ki, Putin müharibəni bitirməyin vacibliyini başa düşsün”.

Zelenski vurğulayıb ki, Türkiyə gələcəkdə Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevriləcək və Rusiya ilə danışıqlar prosesinə təsir edəcək: “Dünya liderlərinin çoxunda belə bir imkan yoxdur. Çox adam istəyir, amma az adamda belə bir fürsət var. Ərdoğan çox güclüdür, çox ciddi prezidentdir və bizə yardım edir”.

Maraqlıdır, Zelenski Türkiyənin ölkəsinin təhlükəsizliyinin təminatçısına çevriləcəyini deyəndə hansı amilləri nəzərdə tutur?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, böyük ehtimalla, altdan-altdan hansısa danışıqlar gedir: “Çünki əvvəldən də məlum idi ki, Türkiyə və Azərbaycan müəyyən vasitəçiliklər təklif etmişdilər. Vasitəçilik edən həm də müəyyən öhdəliklər götürür. Hər bir tərəfin fikirlərinə qarant durur. Kimin nə qədər güzəştə gedə biləcəyini qarşı tərəfə çatdırır. Bunun da müqabilində vasitəçi qarant olduğunu da tərəflərə xatırladır ki, onu kimsə aldada bilməsin. Türkiyə ciddi dövlətdir. Zelenski də öz çıxışında dedi ki, Ərdoğan güvənli liderdi. Hesab edirəm ki, hansısa məqamları razılaşdırmaq istəyirlər. Ukraynanın nə istədiyi, hansı güzəştlərə gedə biləcəyi müzakurə olunur. Ola bilər ki, müəyyən məsələləri qəbul etdirməyi Ərdoğan öz üzərinə götürüb. Bunlar həyata keçəndən sonra qarant elə vasitəçiliyi edən olacaq. Ukrayna heç də hər dövlətə güvənmir. Onu ortada qoyan böyük dövlətlərin nümunəsi göz qabağındadır. Fikirləşir ki, belə anlaşmaya güclü siyasi lider qarant ola bilər. NATO üzvü olsa da, hər iki tərəfin Türkiyəyə etimadı var. Bu baxımdan da Türkiyə masaya daha yaxın görünür”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com