Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Belə məsələlərdə İran həmişə qərəzli davranış sərgiləyib

Fərəc Quliyev:Belə məsələlərdə İran həmişə qərəzli davranış sərgiləyib
İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah” və İranın kəşfiyyat nazirliyinə yaxın media qurumları 22-23 aprel tarixində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayına dair təxribat xarakterli yazılar dərc edirlər. Həmin yazılarda qurultay “pantürkistlərin anti-İran toplantısı”, “İran müxalifətinin toplantısı” kimi təqdim edilir.

Maraqlıdır, Dünya Azərbaycanlılarının V Qurultayı cənub qonşumuz İranı niyə bu qədər narahat edib?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Dərçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, bu, ilk hal deyil. Partiya sədri bildirib ki, belə məsələlərdə İran həmişə qərəzli davranış sərgiləyib:

“Onun bu qərəzli hərəkətlərini 44 günlük Vətən müharibəsinin gedişində də gördük. Hətta, xristian dövlətləri öz ərazisindən silah buraxmadı, amma İran ərazisindən Ermənistana silah, hərbi texnika daşındı, o cümlədən separatçılara yanacaq verildi. Yəni, bu siyahını uzatmaq mümkündür. İndiki məqamda da bu qurultayla bağlı İranın bir narahatlığı var idi. Bilirsiniz ki, İranda 40 milyondan çox azərbaycanlı yaşayır. Onların taleyi ilə bağlı hər zaman müzakirələr gedib. Bilirik ki, orada onların bir çox hüquqları tanınmır, sıxışdırmalar var. Bu mənada İran qabaqdan gəlmişlik edir. Çünki dünya azərbaycanlıları kəlməsi onu qıcıqlandırır. Görünür, məhz buna görə də, Şuşada Dünya Azərbaycanlıların V Qurultayı onlarda qıcıq yaratdı. Buna görə də, mövcud hakimiyyətin kurasiyasında olan media qurumları üzərindən Azərbaycana qarşı sözdə təzyiq xarakterli provokativ yazılar dərc edildi. Artıq qurultay başa çatıb və orada qəbul olunan qərarların İrana heç bir aidiyyatı yoxdur. Göründüyü kimi, İran mediasının fikirləri tam qərəzlidir”.

F.Quliyev əlavə edib ki, Azərbaycan bu ölkə ilə dost, tərəfdaşlıq formatında münasibətləri inkişaf etdirmək istəyir, amma İran hər zaman qərəzli davranışlar sərgiləyir: “Hesab edirəm ki, ictimai təşkilatlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və mediamız bu məsələdə mövqeyini ortaya qoymalıdır və İranın yanlış davranışı ictimailləşdirilməlidir. Yəni, təkcə Azərbaycanda yox, əlimizçatan hər yerdə bunu ictimailləşməlidir”.

Aynurə Pənahqızı/Demokrat.az