Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Orada əldə olunan razılaşmadan sonra Ermənistan sürətlə mövqeyindən geri çəkiləcək”

Fərəc Quliyev: “Orada əldə olunan razılaşmadan sonra Ermənistan sürətlə mövqeyindən geri çəkiləcək”
Prezident Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində iyulun 19-da Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII toplantısı Tehran şəhərində keçiriləcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Bildirilib ki, toplantıda Türkiyə-İran əlaqələrinin bütün istiqamətləri və ikitərəfli münasibətlərin inkişafı üçün imkanlar nəzərdən keçiriləcək. Məlumatda diqqətə çatdırılır ki, elə həmin gün Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə rəsmi Tehranın ev sahibliyi çərçivəsində Astana formatında üçtərəfli Zirvə Toplantısı təşkil olunacaq. Bu toplantıda Suriyadakı proseslər, PKK/YPG və İŞİD başda olmaqla bölgədəki təhlükəsizliyə təhdid olan terror təşkilatları ilə mübarizə, böhranın siyasi həlli yolları, humanitar yardım və suriyalıların vətənlərinə könüllü şəkildə geri dönmələri barədə müzakirələrin aparılması nəzərdə tutulub. Tehranda Türkiyə və Rusiya prezidentlərinin ikitərəfli görüşü də planlaşdırılıb. Bizimlə qonşu olan bu üç nəhəng ölkənin görüşündən Azərbaycan üçün nə kimi əhəmiyyət gözləmək olar?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda İran və Rusiya kritik ölkələr sırasındadır: “Onlara qarşı dünyanın mövqeyi birmənalı deyil. Onların Türkiyə ilə bir araya gəlməsi çox maraqlıdır. Qonşularımız olduğundan və İranla Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyindən, bizim özümüzün ortaq İpək Yolunun keçdiyi bir ərazi olaraq üstünlüyümüz var. Təbiidir ki, bütün bunlar müzakirə ediləcək. Türkiyənin Azərbaycan adından danışmaq kimi səlahiyyəti də var. Bizim mövqeyimiz tam olaraq orada çatdırılacaq. Ermənistandan olan gözləntilər barədə tələblər ortaya qoyulacaq. Əsasən də Zəngəzur dəhlizi ilə bağlı məsələnin həll edilməsinin vacibliyi qaldırılacaq. Suriya, İraq və Qafqaz regionunda bu ölkələrin maraqları toqquşur. Bu baxımdan Tehrandakı görüşü münasibətlərin aydınlaşması baxımından əhəmiyyətli saymaq olar. Türkiyənin bu məsələlərdə aldığı avantaj var. Qardaş ölkəni NATO üzvü kimi Qərb qəbul edir, həm də görüş içtirakçısı olan iki ölkə. Bu baxımdan Türkiyənin verəcəyi mesajları tərəflər yumşaq qarşılamağa məcburdurlar. Çünki bilirlər ki, Türkiyə kənara çəkilərsə, Rusiya və İranın ortaya qoyduğu mövqeyin ciddi təsiri ola bilməz. Türkiyə Ukrayna müharibəsində vasitəçi olduğuna, Suriya və İraqda ciddi mövqelərə sahibləndiyinə görə onunla razılaşacaqlar. Eyni zamanda, sanksiyalar altında olan hər iki ölkənin Azərbaycan üzərindən kommunikasiyalara çıxışı təmin etmək istəyi mövcuddur. Bu görüşdən sonra son zamanlar olan gərginlik də azalmağa doğru gedəcək. Çünki bəzi məsələlərdə biz təzyiq elementləri görürdük. Orada əldə olunan razılaşmadan sonra Ermənistan sürətlə mövqeyindən geri çəkiləcək. Nəticəli bir görüş olacağı qənaətindəyəm”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com