Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev koalisiya iddialarına cavab verdi

Fərəc Quliyev koalisiya iddialarına cavab verdi
Fərəc Quliyev: “Etibar bəy bəlkə doğrudan da siyasətə qayıtdı, uğurlar qazandı...”

Son günlər mətbuatda AMİP lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Hətta iddialara görə, növbəti parlament seçkilərində müştərək şəkildə iştirak etmək üçün Etibar Məmmədovun rəhbərliyi ilə koalisiya yaradılır.

İttifaqda Etibar Məmmədovdan başqa, ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və digərlərinin yer alacağı bildirilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, ilk növbədə, koalisiya iddialarına cavab verdi:

“Bu məsələ qarışıqlıq salıb. Əslində olmayan bir məsələ haqqında geniş müzakirələr gedir. Birincisi, belə bir koalisiya təklifi yoxdur. Nə mənə, nə də partiya təmsilçilərinə göndərilib. Belə bir təkliflər yox idisə, bunun ətrafında belə müzakirələr aparmağa gərək yox idi. Mətbuatda bu barədə açıqlamalarım gedib. Amma istənilən halda kiminsə siyasətə gəlməsi, yaxud siyasətdən getməsi şəxsi işidir. Heç kimə qadağa qoyula bilməz. Partiyaların çöküşü barədə fikirlərə gəlincə, bunu belə hesab etmirəm. Müharibə vaxtı hər kəs gördü ki, 1-2 partiyadan başqa ümummilli məsələdə bütün partiyalar bir araya gəldi. Partiyaların rəhbərləri də daxil yüzlərlə üzvlər döyüşlərə getmək istədilər. Siyasi mühitdə durğunluq ola bilər. Bu da insanlara bağlı deyil. Gərək siyasi mühitin dəyişməsi üçün ciddi islahatlar olsun. Məsələn, nə? Seçki sistemi dəyişməlidir ki, partiyaların gücü müəyyən edilsin. Deyirlər ki, partiyalar çöküb. İndi sual verə bilərəm ki, bunu hansı kriteriyalarla müəyyən edirsiniz? Vətəndaşların partiyalarda təmsil olunmağa meylləri olmalıdır. Yerli idarəetmə strukturları da yerində olmalıdır. Siyasi mühitin fəallaşması ilə bağlı 1-2 adamın nələrisə etməyi nəyisə dəyişmir”

F.Quliyev E.Məmmədovun dostu olduğundan da söz açdı:


“Ona çox böyük hörmətim var. Onun özü bu məsələ ilə bağlı heç bir söz də deməyib. Koalisiya məsələsi də onun düşərgəsi tərəfindən təkzib olundu. Hesab edirəm ki, siyasi düşərgədə toparlanmadan daha çox zərərli açıqlamalar verməyə, siyasilər arasında narazılıqlar yaratmağa ehtiyac yoxdur. Daha çox ümummilli maraqlar ətrafında birləşmək lazımdır. Dövlətimizin, millətimizin bu qlobal dəyişikliklər önündə ciddi çağırışlar yaranıb. Toparlanmaq lazımdır. Sizin, yaxud bizim partiya olsun, birisi söz atacaqsa, məncə, bu, siyasi mühitə müsbət heç nə verməz”.

Partiya sədri Etibar Məmmədovun Azərbaycan siyasətində bir tarix olduğunu da söylədi:

“Əvvəla, deyim ki, tarix geri qayıtmır. Siyasətdə zaman-zaman yeni mühit yaranır, buna uyğun şəkildə də yeni-yeni addımlar atılır. Heç kim indiyə qədər tarixin təkərini geri döndərə bilməyib. Etibar Məmmədovla rəqib olmamışıq. Onunla yoldaş olmuşuq, birlikdə döyüşmüşük, AXC adı altında xalq hərəkatında o da, mən də təmsil olunmuşam. Onun xidmətlərini heç kim dana bilməz. Kifayət qədər fəaliyyəti olub. Sadəcə, sonradan partiya yaradıb və biz fərqli-fərqli partiyalarda olmuşuq. Mən hansı partiyada olmalarından asılı olmayaraq, keçmiş hərəkatçıların hər birinə bir köynək yaxın baxıram. İndi onun siyasətə gəlib-gəlməməsi ilə bağlı bir fikir ortaya çıxan kimi onu qamçılamaq düzgün deyil. Bu gün onu bəyənməyə bilərlər, amma dünən olan fəaliyyəti, hərəkətlərini kimsə dana bilməz. Etibar bəy müstəqillik hərəkatının aparıcı simalarından biri olub. Onun kimi insanları hər zaman rəğbətlə xatırlayıram. İndi Etibar bəy bəlkə doğrudan da siyasətə qayıtdı, uğurlar qazandı, bu, onun öz şəxsi işidir. Heç kimə də siyasətə qayıtmaq qadağan oluna bilməz”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”