Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev qeri-neft sektoru ilə bağlı təkliflər verir

Fərəc Quliyev qeri-neft sektoru ilə bağlı təkliflər verir

Millət vəkilinin fikrincə, davamlı iqtisadi artıma nail olmaq üçün qeyri-neft sektorunun sürətli və əhatəli inkişafı çox vacibdir

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatı əsasən neftdən asılı olan digər ölkələr kimi Azərbaycana da öz mənfi təsirini göstərməkdədir. Problemdən çıxış yolu isə qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Hazırkı dövrdə elə sahələr inkişaf etdirilməlidir ki, səmərəli olsun və daha çox gəlir gətirsin. Bəs hansı sahələrə üstünlük verilməlidir?

Millət vəkili Fərəc Quliyev bildirdi ki, hazırda iqtisadiyyatda müəyyən problemlər yaşanır: “Neftin qiyməti ucuzlaşıb. Azərbaycan isə neft ölkəsidir. Təbii ki, bu zərbələr bizə dəyməkdə davam edir, bu gözləniləndir. Bu qlobal böhran neftin ucuzlaşmasına bağlı olaraq davam edə bilər. Bütün hallarda biz fərqli tədbirlər görmək məcburiyyətindəyik. Əgər büdcəmiz daha çox neft gəlirləri ilə dolursa və xərclər də büdcədəndirsə, biz neft gəlirləri azaldığı müddətdə xərcləri azalda bilmərik. Çünki elə sahələr var ki, orada xərclər azaldıla bilməz. Təbii ki, boşluğu qeyri-neft sektoru doldurmalıdır”.

F.Quliyev deyir ki, Azərbaycan iqtisadiyyatında həmişə büdcə müzakirələri zamanı müsbət saldo müəyyənləşdirilir. Müsbət saldo da neft gəlirlərinin hesabına olurdu. Amma indi neft ucuzlaşdığı üçün qeyri-neft sektoruna üstünlük verilməlidir: “Ən azından kənd təsərrüfatı ilə bağlı ciddi şəkildə yüksəlişə nail olmaq üçün imkanlar var. Bunlardan istifadə etməklə idxaldan asılılıq azaldıla bilər və hətta tam qurtulmaq da mümkündür. Hələ 2013-cü ildə ölkəyə idxal olunan 800 milyon manatlıq məhsullar elə istiqamətlər üzrə idi ki, onlar ya ölkədə istehsal olunurdu, ya da istehsal olunması mümkün idi. Yəni belə məhsullar üçün kənara valyuta verməyə dəyməz”.

Millət vəkilinin sözlərinə görə, qeyri-neft sektorunda 8,4 faiz artım qeydə alınıb: “Cənab Prezident “Sənaye ili” elan etdi, növbəti il “Kənd təsərrüfatı ili” oldu. Bütün bu dövrdə gərək müvafiq nazirliklər daha ciddi işlər görəydilər. Onların qənaətbəxş iş gördüklərini hesab etmirəm. Prezident onlara iş görmək üçün kifayət qədər meydan vermişdi. Amma yenə də gec deyil. Ən azından orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı addımlar atılmalıdır. Bizim bir çox sənaye məhsullarını istehsal etmək imkanlarımız var. Çalışmalıyıq ki, artıq bu sahələrdə inkişaf getsin”.

F.Quliyev deyir ki, büdcədəki kəsirləri daha çox kənd təsərrüfatı məhsullarının istehsalı, sahibkarlığın inkişafı ilə bağlı tədbirlər, eləcə də sənaye məhsullarının istehsalı ilə aradan qaldırmaq mümkün olar. Millət vəkili bildirdi ki, ilkin olaraq kiçik çaplı sənaye məshullarının istehsalından başlayıb, sonra daha böyük məhsulların istehsalı məsələsini qaydaya salmalıyıq: “Bunun perspektivi odur ki, biz ixracat hücumuna başlaya bilərik. Bəzi məhsullarımızı brend halına gətirib, ixrac edə bilərik. Bunun üçün imkanlarımız da var. Nazirlər Kabinetinin son müşavirəsində Prezident İlham Əliyevin xüsusi tapşırıqları oldu, ondan əvvəl də bununla bağlı tapşırıqlar verilmişdi. Biz artıq neftsiz büdcə haqqında düşünməliyik. Büdcəni elə qurmalıyıq ki, neftdən qətiyyən asılılığımız qalmasın. Parlamentdə də bu məsələni qaldırmışdım. Qoy neftdən qazancımız gəlsin, amma biz ona toxunmayaq. Əgər günün birində müharibə yolu ilə torpaqlarımızı azad edəcəyiksə, ora xərcləyək, əgər dinc yolla azad edəcəyiksə, bərpa işlərinə xərclənər. Toxunulmayan bir vəsait kimi qalsın, vacib məqamlarda istifadə edək. Əsas olan budur”.

F.Quliyev deyir ki, hazırda ölkədə banklarla əhali arasında qeyri-mütənasiblik yaranıb və bunun aradan qaldırılmasına ehtiyac var. Bunun üçün isə banklara kömək etmək lazımdır. Banklar xaricdən dollarla borc götürüblər, ona görə də həmin valyuta ilə qaytarmaq məcburiyyətində qalırlar. Buna görə də banklarda da çətinliklər var. Neft Fondunun vəsaitlərinin bir hissəsini banklara vermək mümkündür ki, onlar bu vəziyyətdən çıxsınlar, borclanma daha çox olmasın. Millət vəkili qeyd etdi ki, iqtisadiyyatda inkişaf əldə etmək üçün bütün bu kompleks tədbirlər görülməlidir: “Prezidentin siyasi iradəsi var və ciddi şəkildə bu istiqamətdə göstərişlər verib. Sadəcə, hökumət ölkə başçısının verdiyi tapşırıqları vaxtında yerinə yetirməlidir. Bu məsələlərdə qətiyyən ləngimək olmaz”.

Aygün Asimqızı