Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:Başlıca məsələ proporsional seçki sisteminin olmamasıdır

Fərəc Quliyev:Başlıca məsələ proporsional seçki sisteminin olmamasıdır
Dünyanın əksər ölkələrində koalisiyalar siyasi həyatın ayrılmaz parçası kimi qəbul olunur. Belə ki, ideoloji və ya vahid məqsəd uğrunda mübarizə partiyaları bir araya toplayır. Bəzən hətta fərqli düşərgələri və siyasi baxışları olan təşkilatların belə birgə mübarizə aparmasına rast gələ bilirik.

Azərbaycanda isə vəziyyət fərqlidir. Doğrudur, proporsional seçki sisteminin olmaması koalisiyalar ənənəsini qarşısına sədd çəkir.

Lakin istənilən halda siyasi təsir gücünü artırmaq üçün, yaxud majoritar seçki sistemində qarşılıqlı dəstəyi təmin etmək üçün də partiyalar güclərini birləşdirə bilərlər.

Buna rəğmən ölkəmizdə son illərdə nəinki hər hansı koalisiyaya, heç bu istiqamətdə təşəbbüslərə də rast gəlmirik.

Bəs, partiyaların koalisiya ideyasına isti baxmamasına səbəb nədir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ölkəmizdə partiyaların birgə fəaliyyətilə bağlı nümunələrin olduğunu qeyd edib:

“Xatırlayırsınızsa, Vətən müharibəsi dönəmində 1-2 partiyadan savayı bütün partiyalar ortaq mövqe ortaya qoydular. İndiki dövrdə də əksər məsələlərdə fərqli düşüncələrə sahib olan partiyalar milli maraqlar müzakirə mövzusu olduqda eyni mövqe ortaya qoyurlar.

Konkret blokların yaranması isə seçkilərlə bağlıdır. Onu da qeyd edim ki, siyasi partiyaların da yetkinlik səviyyəsi istənilən həddə deyil. Daha çox bir lider ətrafında birləşmə, hətta liderlər arasında münasibətlərin yaxınlaşmaya maneə törətməsinə şahidlik edirik. Bu doğru deyil, çünki oxşar düşüncəni daşayan camelərin ortaq davranması zəruridir”.

Fərəc Quliyev digər önəmli səbəb kimi tarixi təcrübəni ön plana çıxarıb:

“Baxmayaraq ki, bir çox partiyaların nizamnamələri oxşardır və hakimiyyət uğrunda mübarizədə bəzi bloklar yarandı. Lakin sonradan çox ciddi şəkildə çatlar oldu və hətta düşmənçiliyə çevrildi. Görünür, partiyalar bir qədər də bundan ehtiyat edirlər.

Lakin başlıca məsələ proporsional seçki sisteminin olmamasıdır. Düşünürəm ki, proporsional və ya qarışıq seçki sisteminə keçilərsə, partiyalar arasında ayrılıq da müəyyən qədər aradan qaldırılar”.

Murad Əhmədov, Bizim.Media