Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev:İranda bir gənc qadının bir baş örtüsünə görə döyülərək öldürülməsi biabırçılıqdır

Fərəc Quliyev:İranda bir gənc qadının bir baş örtüsünə görə döyülərək öldürülməsi biabırçılıqdır
22 yaşlı Məhsa Əmininin ölümü Tehran rejimini çıxılmaz duruma salıb
İranda hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub. Gənc qızın polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını deyən sakinlər küçələrə axışaraq, etiraz səslərini ucaldıblar.

Sentyabrın 13-də paytaxta gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.

İranın rəsmi qurumları onun ürək tutmasından öldüyünü iddia etsə də, ailəsi Məhsanın sağlam olduğunu bəyan edib. Bildirilib ki, qız xəstəlikdən deyil, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Gənc qızın anası və yaxınları hadisədən sonra aksiya keçirməyə, beynəlxalq təşkilatlara çağırış etməyə başlayıblar. Paytaxt qadınları xəstəxananın qarşısına toplaşaraq hökumətə qarşı şüarlar səsləndiriblər. Dəfn mərasimində iştirak edən minlərlə vətəndaş İranın ali dini lideri Əli Xameneyini nəzərdə tutan “Ölüm olsun diktatora” şüarını səsləndirib.

Məhsa Əmininin ailəsinin verdiyi məlumata görə, Tehran hökuməti ölüm səbəbləri barədə məhkəmə ekspertizası araşdırması olmadan tələsik dəfn mərasiminin keçirilməsini tələb edib və buna görə ailəyə təzyiq göstərilib.

Dəfn mərasimində Məhsa Əmininin ailəsi və yasa qatılanlar arasında qarşıdurma yaranıb. İranlı qadınlar etiraz əlaməti olaraq hicablarını çıxarıblar.

AzadlıqRadiosunun yaydığı məlumata görə, qarşıdurmalar zamanı 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Belə ki, “Hengaw” İnsan Haqları Təşkilatının sentyabrın 19-da yaydığı məlumata görə, İranın kürd regionundakı Divandərə şəhərində iki nəfər öldürülüb. Saqqızda isə daha iki nəfər həlak olub. Bu qrup İranın qərbində kürdlərin yaşadığı ərazilərin monitorinqini aparır.

İnsan haqları təşkilatı Divandərədə dinc sakinlər Fuad Qədimi və Möhsin Mohamadinin “İran İslam Respublikası silahlı qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həlak olduğunu” bildirir. Daha 15 nəfərin yaralandığı xəbər verilir.

Qurumun digər tvitində deyilir ki, Saqqızdakı iki nəfər “İran rejimi qüvvələrinin açdığı birbaşa atəş”lə öldürülüb.

İran hakimiyyəti bu məlumatı rəsmi təsdiqləməyib. Dövlət televiziyası bir neçə etirazçının saxlandığını bildirsə də, ölənlərlə bağlı xəbərləri təkzib edib.

ABŞ dövlət katibi Entoni Blinken baş verən hadisələrə reaksiya verib. O, özünün “Twitter” hesabında “qadınlara qarşı sistematik təqiblərə son qoymağa, dinc etirazlara imkan verməyə” çağırıb. ABŞ dövlət katibi həmçinin İran xalqı ilə birlikdə Məhsa Əmininin ölümünə görə kədərləndiyini də qeyd edib.

Onu da bildirək ki, bu, İranda qadınların ilk aksiyası deyil. Müxtəlif illərdə iranlı qadınlar hicab taxmaq istəmədiklərini dilə gətirərək aksiya keçiriblər. Amma hər dəfə polis tərəfindən aksiyalar dayandırılıb və onların tələbləri yerinə yetirilməyib.

İndi isə qadınlar polislərin təzyiqinə baxmayaraq, şəhərin mərkəzində hicablarını yandırmaqla dirəniş göstərirlər. Bəzi qadınların parklarda, küçələrdə və dəniz kənarında hicabsız gəzməsini əks etdirən videolar yayılmaqdadır. Bir çoxlarının isə şortik və köynək geyindiyini kadrlardan görmək olar.

Bəs İrandakı etiraz dalğası nə zaman səngiyə bilər? İran rejiminə qarşı səslənən siyasi şüarların hansı nəticəsi ola bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə mövzuya bu cür şərh bildirdi: “İranda bir gənc qadının bir baş örtüsünə görə döyülərək öldürülməsi dəhşət və biabırçılıqdır. İranda bu cür hadisələr zaman-zaman baş verir. Amma onu qeyd edim ki, İran imperiyasında insanlar həddən artıq o qədər narazıdırlar ki, istənilən ad altında etirazlar edilir. Urmiya gölü, milli azlıqlar, təhsil, din məsələsi ilə bağlı istənilən bir narazılıq olan kimi insanlar etiraza qalxır, bütün narazı təbəqələr də onlara qoşulur. İkinci bir tərəfdən, İran özünü dindar, abırlı bir dövlət kimi göstərməyə çalışır, amma Xocalıda yüzlərlə qadın və uşaqlarımız əsir götürüləndə, təhqir olunanda heç səsi çıxmadı. Əksinə, işğal olunan ərazilərimizdə talançılıqla məşğul olmuşdular. Yəni onların verdikləri fitvaları ilə hərəkətləri bir-birinə uyğun gəlmir. Halbuki işğal olunmuş ərazidə dəstəmaz almaq belə günahdır. Əlbəttə ki, bu məsələ gələcəkdə siyasiləşə bilər. Belə detallar, ümumiyyətlə, gələcəkdə rejimin dəyişdirilməsinə səbəb ola bilər. Bildiyiniz kimi, həmin etirazlarda dini liderə ölüm və sairə şüarlar səslənir. Etirazlar sürətlə digər şəhərlərə də yayıla və çox ciddi hadisələrə səbəb ola bilər. Fikrimcə, İranda rejim dəyişməyə məhkumdur”.


Xalidə GƏRAY/“Yeni Müsavat”