Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Azərbaycan Ermənistanı daha çox təzyiq altında saxlayacaq

Azərbaycan Ermənistanı daha çox təzyiq altında saxlayacaq

Fərəc Quliyev: “Hərbi gücün artırılması danışıqlar prosesinə ən ciddi təsir edən amillərdən başlıcasıdır”

Zahid Oruc: “Gözümüz qarşısında olan odur ki, Azərbaycan danışıqlarda xüsusi irəliləyiş əldə etməsə də, faktiki hərbi müstəvidə ermənilərə ciddi zərbələr vura bilir”

Nazirlər Kabinetinin son iclasinda Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə də geniş şəkildə toxundu. Dövlət başçısı bildirdi ki, siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq.
Qeyd edək ki, hər bir münaqişənin həllinə nail olmaq üçün həm hərbi sahədə, həm də iqtisadi, diplomatik sahədə uğurlara imza atmaq lazımdır. Azərbaycan da son illər sadalanan bütün bu sahələrin hamısında ciddi irəliləyişlərə nail olub. Diplomatik sahədə ölkəmiz Ermənistanın işğalçı siyasətini getdikcə daha çox mötəbər tribunalarda ifşa etmək imkanları qazanıb. Aparılan uğurlu diplomatiya sayəsində bir çox ölkələr Xocalı soyqırımını qətliam kimi tanıyıb. Bir çox ölkələrin parlamentariləri, habelə beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış ediblər.
İqtisadi sahəyə gəldikdə, bu istiqamət üzrə də Azərbaycan işğalçı Ermənistanı xeyli dərəcədə qabaqlayır. Azərbaycanın hərbi potensialı da günü-gündən daha da artır. Azərbaycan öz ordusunu ən müasir silah, hərbi texnika ilə təmin etmək sahəsində də böyük irəliləyişə nail olub.


Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, hərbi gücün artırılması danışıqlar prosesinə ən ciddi təsir edən amillərdən başlıcasıdır: "Prezident Nazirlər Kabinetinin iclasında çıxışı zamanı açıq şəkildə bildirdi ki, münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir mənası və xeyri olmadı. Xüsusən də 2015-ci ildə bu sahədə hər hansı bir irəliləyiş baş vermədi. Bildirdi ki, bu danışıqlar formal xarakter daşıdı. Onu da qeyd etdi ki, ermənilər bu məsələdə sadəcə olaraq vaxt udmağa çalışır, status-kvonun dəyişməsini istəmirlər. Amma başqa vasitəçilər, dövlətlər və beynəlxalq təsisatlar indiki status-kvonun normal olmadığını deyirsə, təbii ki, bu dəyişməlidir. Onun dinc vasitələrlə dəyişməsini istəyirik. Amma hesab edirəm ki, hazırkı gedişlə dinc yolla vəziyyəti dəyişmək çətin olacaq. Çünki ermənilər bunu istəmir və arxalarında olan havadarlarına güvənirlər. Güman edirəm ki, Azərbaycanın hərbi gücü artdıqca, diplomatik səviyyədə müəyyən işlər görüldükcə, ictimai rəy həqiqətləri anladıqca, hər şey ölkəmizin xeyrinə dəyişir. Lakin hərbi gücümüzü həm də ona görə artırmalıyıq ki, günlərin bir günü ermənilər masa arxasında oturub danışmağa məcbur olanda bu gücümüz prosesdə effektiv rol oynaya bilsin. Həm də danışıqlar alınmasa bir gün güc işlətmək də lazım gələcək. Bu, bizim haqqımızdır, beynəlxalq konvensiyalar, Konstitusiyamız buna imkan verir.
Digər tərəfdən güman edirəm ki, Rusiyanın vəziyyəti artıq o qədər də yaxşı deyil. Bu ölkə çökmə mərhələsini yaşayır. Ona görə də ermənilər günün birində masa arxasında sakitçiliklə oturub kapitulyasiyanı imzalamağa məcburdurlar. Bütün bunlara baxmayaraq, biz hər bir sahədə hazırlığımızı davam etdirməli, hərbi qüdrətimizi daha da artırmalıyıq. Bu, həm diplomatik manevrlər üçün də ciddi elementdir, müharibə aktiv fazaya keçəndə bu da bizə çox lazımdır”.


Digər deputat Zahid Oruc da hərbi potensialın güclənməsinin danışıqlar prosesində mühüm element olduğunu diqqətə çatdırdı: "Sonuncu müşavirə istər ötən ilə qiymət vermək, istərsə də qarşıdakı dövr üçün çox əhəmiyyətli idi. Çünki insanların hökumətdən böyük gözləntiləri var. Azərbaycan Prezidenti də cəmiyyət üçün mühüm mesajlar verdi. Real vəziyyətə adekvat tədbirlər üçün qərarlar alındı. Zənn edirəm ki, sonuncu müşavirədə səslənənlərə əsasən bir neçə istiqaməti ayıra bilərik. İlk növbədə nəzərə alırıq ki, Qarabağ problemi ətrafında danışıqlar artıq formal xarakter daşıyır. Yəni, beynəlxalq dairələrin əsas missiyası tərəflərin silahlı savaşa getməsini əngəlləməkdir. Bu isə prosesi siyasi cəhətdən inhisarda saxlamaq deməkdir. Bu da həll olunma demək deyil və problemin çözülməmiş saxlanılmasına və ayrı-ayrı dairələrin bundan yararlanmasına xidmət edir. İkinci məqam ondan ibarətdir ki, ölkə rəhbərliyi sanki müharibəni daimi olaraq hər günə paylayaraq ermənilərin atdığı addıma on dəfələrlə artıq qarışıqlıq verməklə onların itkilərini artırır. Bu da erməni cəmiyyətində parçalanmanı dərinləşdirir, hakimiyyət əleyhinə qüvvələri daha da ayağa qaldırır. O cümlədən vaxtilə ermənilər üçün Qarabağ amili nə qədər milli birlik amili kimi çıxış edirdisə, indi əksinə rol oynayır. Həmçinin, əhalinin demoqrafik artımına mənfi təsir göstərir.
Beləliklə gözümüzün qarşısında olan odur ki, Azərbaycan danışıqlarda xüsusi irəliləyiş əldə etməsə də, faktiki hərbi müstəvidə ermənilərə ciddi zərbələr vura bilir. Sarkisyan rejiminin son danışıqlara gəlməsinin niyyəti də çözümlə bağlı deyildi. Daha çox ağır artilleriya və topların bölgədən çıxarılması üçün ATƏT vasitəsilə ölkəmizə təzyiq etmək niyyəti dayanırdı. Amma heç kim gəlib səngərə girib ermənilər əvəzindən ölkəmiz əleyhinə döyüşəsi deyil. Siyasi bəyanatlar, hədələr öz işini görmür. İlham Əliyev qətiyyətlidir və indi ortalıqda olan əsas vəziyyət sanki Qarabağ prosesinin hərbçilərin təşəbbüsündə olmasından ibarətdir. Digər müstəvilərdəki hərəkətlərdən isə çox da böyük gözləntilərdə deyilik. Hazırkı dövrdə ölkəmiz üçün ən başlıca məsələ hökumətin fəaliyyətinin iqtisadi sferada intensivləşməsini gözləməkdir. Bu, avtomatik olaraq Qarabağ üçün də aparılan mübarizənin tərkib hissəsidir. Ölkə Prezidenti bir neçə cəbhədə çox ali və böyük milli vəzifələri elan edib. Əminik ki, bu transformasiya deməkdir, hökumətin yeni fəaliyyətə daxil olması üzrə siqnallardır. Bütün bunların hamısı da mahiyyətcə Azərbaycanın ermənilər üzərində qələbəsini doğuracaq hadisələrdir”.




Rüfət NADİROĞLU