Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi müddəası doğrudur

Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. İndiyədək layihə variantında ictimai müzakirələrdən keçmiş qanun mütərəqqiliyi, dövrün, zamanın tələblərindən irəli gəlməsi ilə diqqət çəkir. Layihənin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Sənədin hazırlanmasında, həmçinin, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərdən keçirilib.

Böyük ictimai əhəmiyyət daşıyan yeni qanun layihəsinin hazırlanmasına həssas yanaşılıb. Yada salaq ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın bununla bağlı müvafiq tapşırığı da olmuşdu. Tapşırığa əsasən layihə üzərində iş aparılarkən, əlaqədar ekspert komissiyası yaradılmış, komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilmişdi. Bununla yanaşı, ölkəmizdəki siyasi partiyalar tərəfindən daxil olan təkliflərə də diqqət yetirilmişdi. Ümumən Milli Məclisin qanunla bağlı siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu.

Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qanunun parlamentdə bu il oktyabr ayının 24-də keçirilmiş ictimai müzakirəsində ötən illər ərzində qonşu ölkələrdə də siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişdiyini diqqətə çatdıraraq bildirmişdi ki, sənəddə siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddə dəyişib. O, siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməli olduğuna diqqət çəkmişdi. Vitse-spiker siyasi partiyalara məhdudiyyətlərin qoyulması məsələsinin bütün ölkələrdə dilemma yaratdığını, demokratik cəmiyyət üçün məhdudiyyətlərin Avropa İnsan Haqları Konvensiyasının müvafiq müddəalarında da əksini tapdığını vurğulamış və buna uyğun olaraq, yeni qanun layihəsində də məhdudiyyətlərin mövcudluğunu bildirmişdi.

Qeyd edək ki, siyasi partiyalar haqqında indiyədək olan qanun ­1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi. Ölkəmizdəki bir çox siyasi ekspertlərin yekdil fikri bundan ibarətdir ki, yeni dövlət sənədi bu baxışın ifadəsi baxımından kifayət qədər əlverişli məzmuna malikdir.

Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb.

Bəs, “Siyasi partiyalar haqqında” yeni qanuna ölkəmizdəki siyasi partiya təmsilçilərinin münasibəti necədir, qanundan hansı gözləntilər var, bütün bunlara aydınlıq gətirmək üçün onlara üz tutduq.

“Siyasi partiyalar haqqında Qanun”un qəbulu Azərbaycanın siyasi həyatında çox mühüm hadisədir. Bu sənəd siyasi palitrada münasibətlərin aydınlaşmasına, siyasi partiyaların gücünün birləşməsinə, cəmiyyətdə təmərküzləşmənin getməsinə, eyni zamanda, düşüncəsi cəmiyyət tərəfindən qəbul olunacaq siyasi qüvvənin üzə çıxarılmasına münbit şərait yaradır. Əslində, mən bu qanun qəbul ediləndə partilayarın ləğv olunması reallığına bir müddət etraz etdim. Söhbət ondan gedir ki, bir partiya yaranırsa, o, hakmiyyət uğrunda mübarizə aparır. Əgər o partiya seçkilərdə iştirak etmirsə, onda belə çıxır ki, başqa yolla hakimiyyətə gəlmək istəyir. Bu mənada, seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi müddəası doğrudur. İndi bunun üzərindən keçdilər. Hazırda qanun yeni yaradılan partiyaların formalaşmasına imkan verir. Bu, hakimiyyətin siyasi mühitin normallaşmasında, rəqabətin aparılması üçün münbit şəraitin yaradılmasında maraqlı olduğunun göstəricisidir.

Bu qanun qarışıq seçki perspektivi üçün də normal yanaşma sayıla bilər. Sənəd həmin perspektiv daxilində partiyaların gücünü səmərəli şəkildə ortaya çıxaracaq ki, bu da daha münasib vəziyyət doğuracaqdır.

Say məsələsində mübahisəli fikir söyləyənlər var idi. Fikrimcə, kiçik partiyalar, ortaq düşüncələri, nizamnamələri, məramları varsa, bir yerdə çalışa bilərlər. Reallıq budur ki, siyasi partiyaların cəmiyyətə kifayət qədər təsir imkanları olmalıdır. Rayonların əksəriyyətində, bəlkə 90-95 faizində yerli şöbələr olmalıdır. Bunlar çox vacib məsələlərdir. Yəni, siyasi məsələlərə diqqət dərnək, qeyri-hökumət təşkilatı səviyyəsində göstərilən diqqət kimi olmamalıdır. Hakimiyyətə gəlmək, bir düşüncəni iş başına gətirmək məqsədli cəhdlər cəmiyyətin ciddi dəstəyinə arxalanmalıdır. Bununla bağlı müzakirələr getdi, həmçinin, ictimai müzakirələr də oldu, partiyaların fikirləri dinlənildi, təkliflər nəzərə alındı.

Nəzərə alaq ki, əvvəlki qanunda, təqribən, 70-dək dəyişikliklər olmuş, qeyri-normal vəziyyət yaranmışdı. Hesab edirəm ki, bu qanun bütövlükdə normaldır. Oradakı müddəalar gələcəkdə siyasi partiyaların əhəmiyyətinin artması, onların ictimai rəyə təsir imkanlarının güclənməsi üçün əhəmiyyətli rol oynayacaqdır.

Hesab edirəm ki, Azərbaycanda ­Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatların əsas hərəkətverici qüvvəsi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericik hakimiyyəti ilə əlaqələr şöbəsidir. Ona Ədalət Vəliyev kimi uğurlu rəhbərin başçılıq etməsi ilə mövcud fəaliyyəti sürətləndi, siyasi partiyalar arasında dialoq mühiti yarandı, cəmiyyətdə milli maraqlar naminə hər kəs əlini daşın altına qoymağa başladı. Deməli, hakimiyyət düşünür ki, güclü siyasi partiyalar ölkənin gücünü ehtiva edəcək. Buna görə biz də mövcud istiqamətdəki addımları dəstəkləməkdə davam edəcəyik.

Xalqqazeti