Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Bu istefa gözlənilən idi

“Yalnız Naxçıvanın daxilində baş verən hadisələrə görə araşdırmalar aparılacaq və çox ciddi faktlar üzə çıxarılacaq”.

Bu fikirləri Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri postundan istefasını və onun toxunulmazlıq statusunun qaldırılması ehtimalını dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

MDHP sədrinin sözlərinə görə, bu istefa gözlənilən idi və onun ardınca başqa hadisələr də baş verməlidir:

“Təbii ki, qanunçuluğun bərpası və korrupsiya ilə mübarizə çərçivəsində Naxçıvanda aparılmış ilkin yoxlamaların nəticələrinin açıqlanmasından sonra bu addım gözlənilməz sayıla bilməz. Çünki artıq ilkin nəticələrdə yüz milyonlarla dollar məbləğində vəsaitin mənimsənildiyi ortaya çıxdı. O baxımdan, bunun ardınca Vasif Talıbovun istefası gözlənilən idi.

Amma məsələ bununla bitməli deyil. Bir adam ölkəni talasın, altmışdan yuxarı yaşda isə təqaüdə yollanırmış kimi çəkilib getsin, belə olmaz. Hər kəs öz əməlinə görə cavab verməlidir və mənimsənilən vəsaitlər qəpiyinə qədər dövlət büdcəsinə qaytarılmalıdır.

Yoxlamalar bundan sonra da davam etdiriləcək və yəqin ki daha böyük korrupsiya faktları aşkarlanacaq. Mən hələ bunun siyasi tərəflərini, bəzi cinayətkar hadisələrə uyğunluğunu demirəm. Məsələn, deyilənə görə, İraqda PKK liderləri ilə ortaq şəkildə üç milyard manat civarında zavodlar tikilib, başqa hadisələr də olub. Bunlar öz yerində.

Yalnız Naxçıvanın daxilində baş verən hadisələrə görə araşdırmalar aparılacaq və çox ciddi faktlar üzə çıxarılacaq. Bu hal başqa məmurlara da örnək olmalıdır. Əgər bu məsələlərə yumşaq yanaşılarsa, o zaman Naxçıvanda yaranan yüksək əhval-ruhiyyə, ab-hava, ən əsası cəmiyyətin dövlətə inamı sarsıla bilər. Yenə deyirəm, bu istefa gözlənilən idi və onun ardınca başqa hadisələr də baş verməlidir.

Azərbaycanda müəyyən statusa malik şəxsin toxunulmazlıq statusunun qaldırılması üçün konkret prosedur mövcuddur. Talıbov həm Milli Məclisin, həm də Naxçıvan Ali Məclisinin deputatıdır. Bununla bağlı parlamentə toxunulmazlığını götürülməsi üçün müraciət olunur və müvafiq qərardan sonra şəxs həbs edilə bilər. Bu normal bir qaydadır. Hər halda, yəqin ki deyilən məsələyə də bu və ya başqa formada baxılacaq”.

A.Zeynalov/yenicag.az