Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Erməni maraqlarına xidmət edənlər

Erməni maraqlarına xidmət edənlər

Millət vəkili hesab edir ki, Tyorbyorn Yaqland və Kris Smitin davranışları birbaşa erməni lobbisinin maraqlarını ifadə edir

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland ilk dəfə öz səlahiyyətindən istifadə edərək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb və bununla bağlı Azərbaycana araşdırıcı missiya göndərməyi qərara alıb. Belə bir ərəfədə ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kris Smit də “Azerbaijan Democracy Act” (“Azərbaycanda demokratiya aktı”) adlı qanun layihəsi hazırlayaraq ölkəsi ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə səbəb olacaq addım atıb. Tamamilə anti-Azərbaycan xarakteri daşıyan həmin layihədə Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulması nəzərdə tutulur.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev “Kaspi”yə açıqlamasında bildirib ki, hər iki hadisənin eyni həftə ərzində, arada iki gün fərq olmaqla baş verməsi, o cümlədən hadisələr olana qədər cərəyan edən proseslər bunların heç də təsadüfən olmadığını sübut edir. Deputatın sözlərinə görə, ABŞ Helsinki Komissiyasının sədri, konqresmen K.Smit özü hazırladığı layihəni özünün təmsil olunduğu komitəyə göndərib. O qeyd edib ki, hər iki hadisədə erməni lobbisinin izləri aydın görünür: “Ona görə də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kris Smitin mövqeyini Amerika dövlətinin mövqeyi kimi qəbul etmirəm. Ermənilər, Azərbaycanı istəməyən qüvvələr, erməni lobbisi süni şəkildə bu cür sənədləri bir neçə konqresmenin vasitəsi ilə ortaya çıxarmağa cəhd edirlər. Burada əsas hədəf Amerika-Azərbaycan münasibətlərini kəskinləşdirməkdir. Onlar arzu edirlər ki, Azərbaycan tərəfi ən sərt şəkildə etirazlar etsin, diplomatik müstəvidə ölkələr arasında qarşıdurma yaransın. Eyni məqsədlə fəaliyyəti Avropa Şurası təsisatlarından da görürük. Ümumilikdə Azərbaycanın balanslaşdırılmış, müstəqil siyasətinə, dövlət və milli maraqlarına ağır zərbə vurmaq niyyəti güdürlər. Çalışırlar ki, rəsmi Bakı baş verənlərdən bezib Qərb dövlətləri, beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina etsin, beləliklə də boş qalan meydanda Ermənistanın maraqlarını güdən qüvvələr söz sahibi olsun. Düşünmürəm ki, Azərbaycan onun üçün hazırlanmış belə bir tələyə düşsün. Biz düşmənlərimizin məkrli planlarının həyata keçməsinə imkan verməməliyik. Hər il Amerikada 4 minə yaxın bu cür layihə hazırlanır. İl ərzində onlar içərisindən yalnız 100-150 qanun layihəsinə baxılır. Ona görə də hesab edirəm ki, Kris Smit erməni lobbisi əlində oyuncağa çevrildiyindən belə bir təşəbbüslə çıxış edib, bununla Azərbaycanı təxribata çəkmək niyyəti güdüb. Təbii ki, bu hadisələrə etirazımızı bildirəcəyik. Lakin bizim həm Avropa Şurası təsisatları, həm də Qərb dövlətləri, o cümlədən Amerika ilə münasibətlərimizi, əməkdaşlığımızı kəsmək niyyətimiz yoxdur. Azərbaycan oturuşmuş, müstəqil dövlətdir. Azərbaycan həm region, həm də dünya təhlükəsizlik sisteminə ciddi element kimi daxil olub. Düşmənlərimizin bizi əhəmiyyətsiz, müttəfiqsiz bir dövlətə çevirmək cəhdlərinin qarşısını almalıyıq”.

Rufik İSMAYILOV