Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Avropa Məhkəməsinin Azərbaycana qarşı ikili standartı

Avropa Məhkəməsinin Azərbaycana qarşı ikili standartı

Fərəc Quliyev: “Zaman-zaman artıq hər kəs Azərbaycanın yanında olmağa məcburdur”

Elman Məmmədov: “Belə qurumlar adətən pərdəarxası tapşırıqları icra etmək üçün yaradılıb”

Avropa Şurası, ATƏT-in qurumları və bəzi beynəlxalq təşkilatlar kimi, Avropa İnsan Hüquqları Məhkəməsi də məsələlərə ikili standartlarla yanaşır, istədiyi adamlara haqq qazandırır, istəmədiyi adamları kənarda saxlayır. Məsələn, Azərbaycandan olan qaçqın və məcburi köçkünlər dəfələrlə hüquqlarının təmin edilməsi üçün Avropa Məhkəməsinə müraciət ediblər, lakin onların şikayətlərinə baxılmayıb. Əvəzində isə ölkəmizdə müəyyən cinayət törədərək qanuni cəza çəkənlərin dərhal azad edilməsini tələb edən qanunlar çıxarırlar.
Bu günlərdə isə Rusiya prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanunu imzalayıb. Bundan sonra Rusiya Konstitusiya Məhkəməsi prezident, hökumət və yaxud yerli məhkəmələrin sorğuları əsasında hər hansı beynəlxalq instansiyanın, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra edilib-edilməməsi barədə qərar verə bilər. Qeyd olunur ki, beynəlxalq instansiyaların qərarları Rusiya Konstitusiyasının müvafiq müddəalarına uyğun gəlmədiyi halda icra olunmaya bilər. Dəfələrlə, müxtəlif beynəlxalq instansiyalar, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ikili standartlarla qarşılaşan Azərbaycanın da anoloji addımlar atması artıq gündəmə gəlir.

Milli Məclisin deputatı Elman Məmmədov ölkəmizin də Rusiyada olduğu kimi beynəlxalq məhkəmələrə münasibətdə anoloji addım atmalı olduğunu bildirdi: "Bu məsələ əslində, dünya bünövrə olandan bəri belədir, indi isə daha da aktuallaşıb. Yəni, kim güclüdürsə, haqlı da odur. Kim güclüdürsə, o, nə istəsə o da qanunidir. Xoşuna gəlməyənə də deyir ki, bu qanunsuzdur, demokratiyaya ziddir.
Avropa Məhkəməsi indi heç də avropalıların iddia etdiyi kimi deyil. Onlar ümumiyyətlə, müstəqil qurumlar da deyil. Onlar Avropanın hansı məsələyə hansı prizmadan baxmasından asılı olaraq fəaliyyət göstərən qurumlardır. Belə qurumlar adətən pərdəarxası tapşırıqları icra etmək üçün yaradılıb. Yəni, Avropaya nə lazımdırsa, digərləri onu mütləq etməlidir, nə lazım deyilsə, onu heç icraata da götürmürlər. Bunu təkcə Avropa Məhkəməsinə aid etmək düzgün olmazdı. Birləşmiş Millətlər Təşkilatı (BMT) də eyni cür siyasət yürüdür. BMT bu gün 5-6 dövlətin əlində bir alətə çevrilib, onların istədiyi həyata keçir, istəmədikləri həyata keçmir. Belədə BMT marionet bir quruma çevrilib. Hazırda isə bu məsələ daha da aktuallaşıb.
Azərbaycan müstəqil dövlətdir. Onun özünə məxsus qanunvericilik orqanı, qanunları, Konstitusiyası var. Bir çox məsələlərdə bəli, Putin diktator rolunda çıxış etsə də, onun beynəlxalq instansiyaların qərarlarının Rusiya Konstitusiyasının müvafiq müddəalarına uyğun gəlmədiyi halda bu qərarların icra olunmayacağı barədə dediklərini uğurlu hesab edirəm. Bəzən görürük ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir milyondan artıq qaçqın və köçkünün hüquqlarının pozulmasına qarşı heç bir addım atmadığı, göndərilən sənədləri icraata götürmədiyi halda, Azərbaycanda onların mənafeyinə xidmət edən və qanunu pozan cinayətkarın azad edilməsi üçün dəridən-qabıqdan çıxır. Ona görə fikrimcə, Azərbaycan da o yolu tutmalıdır. Konstitusiya Məhkəməsi və digər orqanlara göstəriş verməliyik ki, beynəlxalq qurumlar, o cümlədən beynəlxalq məhkəmələrin ölkəmizlə bağlı qəbul etdiyi qərar, qətnamələr milli təhlükəsizliyimizə, müstəqilliyimizə zərər vurur, xələl gətirirsə və Azərbaycan Konstitusiyasına uyğun deyilsə, icra olunmasın. Onlar Azərbaycana nə gün ağlayırlar? Ölkəmiz o qurumlara üzv olduqdan, onlarla əməkdaşlıq etdikdən sonra keçən 23 il ərzində onlar Azərbaycan üçün haqq-ədalət naminə bəlkə bir addım atıblar? Azərbaycan torpaqlarının işğaldan azad olunması, işğalçının cəzalandırılması üçün bəlkə nəsə bir qətnamə qəbul ediblər? 1 milyondan artıq Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilibtəmin olunması üçün bəlkə hansısı bir iş görüblər? Xeyr, bunları etməyiblər. Onlar ancaq tələb edir, öhdəlik, şərt qoyur, təzyiq dililə danışırlar. Belə olan halda, öz hüququmuzdan istifadə etməyək, biz niyə söz deməyək?!”.

Digər deputat Fərəc Quliyev isə bu məsələdə fərqli düşündüyünü diqqətə çatdırdı: "Rusiya yeni dünya düzəninə qarşı gedən, şər üçbucağında yer alan bir dövlətdir. Hazırda bu ölkə törətdiyi hadisələrə görə dünya birliyinin sanksiyalarına məruz qalıb. Ukraynanın şərqi və Krım işğal olunandan sonra Moskva sanksiyalara tuş gəldi. Hərçənd Qarabağ konfliktini də yaradan və ermənilərin əlilə torpaqlarımızı işğal edən də Rusiyadır. Amma onda onlara qarşı bir ölçü götürülmədi. İndi də bu hərəkətlərin cavabı olaraq da Rusiya tamamilə fərqli bir mövqedə dayanıb, beynəlxalq qanunları sevməyən, beynəlxalq konvensiyalara əməl etməyən bir ölkədir. Ona görə də Azərbaycanı bu ölkə ilə müqayisə etmək istəməzdim.
Azərbaycan mütərəqqi dünyaya inteqrasiya olunan, dünyanın təhlükəsizliyində ciddi rolu olan, terrorizmə qarşı mübarizə aparan, bütün ölkələrin ərazi bütövlüyünü tanıyan bir dövlətdir. Biz beynəlxalq qanunlara hörmət etmişik və Konstitusiyamızda nə nəzərdə tutulubsa onu da etmişik. Konstitusiyamız beynəlxalq qanunlardan doğan müddəaları özündə əks etdirir. Heç zaman beynəlxalq qanunlarla ölkə qanunları arasında ziddiyyət yaratmaq, Rusiya kimi qoçu olmaq iddiasında olmamışıq. Amma bu başqa şeydir ki, Azərbaycana qarşı xaricdə ikili yanaşmalar siyasəti yürüdülür. Azərbaycanın doğal haqqı müdafiə olunmur. Azərbaycan əraziləri işğal olunub, amma ölkəmizə münasibətdə beynəlxalq qanunlara uyğun olaraq normal münasibət sərgilənmədi. Milyonlarla insanımızın haqqı pozulub, amma beynəlxalq qurumlar heç bir ölçü götürmürlər. Lakin bir-iki nəfərin cinayət törətdiyinə görə həbs olunması ilə bağlı olaraq Azərbaycana qarşı anormal bir şəkildə işlənən qətnamələr qəbul edirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan öz mövqeyini bildirib. Ölkə Konstitusiyası hər şeydən üstün olmasına baxmayaraq, həm də beynəlxalq konvensiyalara əməl edirik. Hesab etmirəm ki, Azərbaycan da bu məsələdə Rusiyanın atdığı kimi bir addım atsın. Amma zaman-zaman artıq hər kəs Azərbaycanın yanında olmağa məcburdur. İstəmirəm ki, Rusiya ilə müqayisə olunaq, düşmənlərimizin arzusunu yerinə yetirək. Düşmənlərimiz isə arzulayır ki, Azərbaycan beynəlxalq institutlardan təcrid olunsun”.




Rüfət NADİROĞLU .