Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Bizim partiya artıq iyirmi ildən çoxdur ki, siyasi səhnədədir

“Vətəndaşların partiya yaratmaq və siyasi təşkilatlarda birləşmək hüquqlarını inkar etmək niyyətindən uzağam”.

Bu fikirləri ölkədə mövcud olan siyasi təşkilatların “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşma prosesinin gedişi barəsində danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri rəhbəri olduğu təşkilatın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin normal qaydada davam etdirildiyini bildirib:

“Bizim partiya artıq iyirmi ildən çoxdur ki, siyasi səhnədədir və bu məsələdə hər hansı çətinliyimiz yoxdur. Bu müddət ərzində ölkənin altmışdan çox bölgəsində yerli təşkilatlarımız yaradılıb və onlar sabit formada fəaliyyət göstərirlər.

Üzvlərimizə gəldikdə isə, onların sayı on min civarındadır və hazırda anket məlumatlarının elektron bazaya toplanması ilə məşğuluq. Bu məsələdə digər partiyalar kimi, bizim də üzləşdiyimiz əsas problem xanım üzvlərin telefon nömrələrinin bazaya daxil edilməsinə tərəddüdlü yanaşmadır. Ancaq xanım üzvlərin məlumatlarını bazaya yerləşdirməsək belə, digər üzvlərimizin sayı təkrar qeydiyyatdan keçmək üçün artıqlaması ilə bəs edir.

Digər partiyalarda bu prosesin necə getdiyini deyə bilmərəm. Ancaq yayğın bir yanaşma bundan ibarətdir ki, Azərbaycan kimi ölkə üçün altmış partiya çoxdur. Mənə belə gəlir ki, mövcud reallıqda Azərbaycanda 12-14 partiyanın fəaliyyət göstərməsi daha məqsəduyuğndur. Əlbəttə, mən bununla vətəndaşların partiya yaratmaq və siyasi təşkilatlarda birləşmək hüquqlarını inkar etmək niyyətindən uzağam. Sadəcə, indiki gerçəklik üç-dörd əsas siyasi ideologiya üçün bu qədər partiya yaradılmasının effektli olmadığını göstərir”.

A.Zeynalov/yenicag.az