Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Əsas ideoloji bazamız mənim kitabımdır

AzNews.az analitik-informasiya portalının suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev cavablandırır:

- Cənab Quliyev, son vaxtlar bir sıra partiyalar öz fəaliyyətini dayandırır. Bu partiyaların qanunun tələblərinə uyğunlaşa bilməmələrinin səbəbi nədir?

- Partiyaların fəaliyyətini dayandırması ilə bağlı fikir bildirmək çətindir, müxtəlif səbəblər ola bilər. Bu sualı ən doğru şəkildə partiya sədrləri özləri cavablaya bilər.

- Fəaliyyətini rəsmən dayandıran bəzi partiyaların sədrləri vəfat edib. Üzvləri, normal komandası, siyasi xətti olmayan partiyaların cəmiyyətə xeyri varmı?

- Azərbaycanda əsasən sağ, sol və mərkəzçi partiyalar mövcuddur. Çox az partiyanın arasında fərq var. Yenə deyirəm partiyalar haqqında fikir bildirmək asan deyil. Onun gərək gücünü, necə işlədiyini biləsən. Bunun üçün də proporsional seçki sistemi lazımdır ki, bu sualın cavabını cəmiyyət versin. Partiyaların dünyagörüşünə qiymət səsvermə ilə bilinsin. Hesab edirəm ki, gələcəkdə qarışıq seçki sistemi olacaqsa, bu sualın cavabı ortaya çıxacaq. Amma ümumiyyətlə partiya odur ki, hakimiyyət uğrunda mübarizə aparır, öz dünyagörüşü ilə hakimiyyətə gəlir. Yaxşı olar ki, partiyalar öz dünyagörüşlərini kifayət qədər aydın şəkildə ortaya qoysunlar. Onların düşüncəsi nədir, hansı ideoloji əsaslara söykənir? Məsələn bizim əsas ideoloji bazamız mənim "Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu" kitabımdır. Orada bizim istəklərimizi açıq şəkildə ortaya qoymuşuq. Amma cəmiyyət üçün hansı partiya əhəmiyyətlidir, hansı əhəmiyyətsizdir? Bu sualın cavabını proporsiaonal seçki sistemində müəyyənləşdirə bilərik.

- Azərbaycandakı partiyalar nə üçün özünə üzv, seçici toplamaqda çətinlik çəkir? Partiyalar bu məsələ ilə bağlı hansı addımlar atmalıdır?

- Azərbaycanda seçki prosesinin daha aktiv olması, cəmiyyətdə insanların siyasətə daha meyilli olması üçün ictimai iştirakçılıq çox mühümdür. Yəni cəmiyyətdə insanlar daha çox siyasi mühitdə, hakimiyyətdə və idarəetmədə iştirakçı olmalıdırlar. Bunun bazasında mənə elə gəlir ki, idarəetmənin, xüsusən bələdiyyə seçkilərinin keçirilməsi, bələdiyyələrə daha çox yer verilməsi, icra hakimiyyəti orqanlarından müəyyən hüquqların bələdiyyələrə verilməsini təmin edilməlidir. Çünki əgər bələdiyyələrin normal səlahiyyətləri olsa, insanların yerli idarəetmə seçkilərində iştirak istəkləri artacaq. İkinci məsələ partiyalara səs verilməsi məsələsidir. Əgər proporsional siyahı olsa, partiya daxili rəqabət də artar. İnsanların meyli bir az çoxalar. Bu mənada bir az insanların siyasətə meylini artırmaq lazımdır. O zaman bu sualın da cavabı aydınlaşacaqdır. İnsanlar partiyalara meyilli olacaqlar, partiya rəhbəri partiyasının təbliğatında daha rahat mexanizmlar əldə edəcəkdir.

- Təcrübəli bir siyasətçi kimi partiyaların fəaliyyəti sizi qane edirmi?

- Bütün partiyalara standart yanaşmaq olmaz. Elə partiya var ki, fəaliyyəti rəhbərliyini qane edə bilər, amma cəmiyyəti yox. Ümumi götürsək, mən hesab edirəm ki, Azərbaycanda 10-15 partiyanın olması, bunun üçün təmərküzləşmə getməsi çox vacibdir. Bundan sonra bayaq qeyd etdiyim məsələləri həll etmək lazımdır. Yəni qarışıq seçki sisteminin tətbiqi həyata keçirilməlidir. O vaxt partiyalar arasında güclü olanlar önə çıxacaq, zəif olanlar bir-iki dəfə uğur əldə etmədikdən sonra ya başqaları ilə birləşmək, ya da fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar. Ona görə də partiyalara əsas cəmiyyətin münasibəti önəmlidir.

Rəşid Qarayev/AzNews.az