Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Ermənistandan Qarabağa gələnlər, orada separatçılıqla məşğul olanlar mütləq cəzalandırılmalıdır

Zamanı gələndə Azərbaycan ərazisi separatçılardan, qanunsuz silahlı dəstələrdən tamamilə təmizlənəcək

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi diqqətçəkən məqamlarla yadda qaldı. Dövlət başçısı Qarabağdakı separatçılara növbəti dəfə sərt şəkildə xəbərdarlıq etdi. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan dövləti separatçı ünsürlərin nazı ilə çox oynamayacaq: “Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim, nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”.

Dövlət başçısı növbəti dəfə bəyan etdi ki, rəsmi Bakı Xankəndidə heç bir qondarma qurum, rejim, dövlət tanımır və bundan sonra da tanımayacaq. Prezidentin çıxışından həm də bu qənaətə gəlmək olar ki, Bakı Xankəndi ilə rəsmi və qeyri-rəsmi təmaslar qurub, lakin bu təmaslar sırf prosesin sülh yolu ilə reinteqrasiya prosesi çərçivəsində tənzimlənməsi mahiyyəti daşıyıb: “Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır”.

Bakı Xankəndidəki erməni icması və konkret şəxslər ilə təmasdadır və müsbət reaksiyalar da alır. Lakin separatçı rejimin sərgilədiyi destruktiv mövqe proseslərin sülh yolu ilə həllinə mane olur. Bu mənada Prezidentin çıxışındakı sərt ton Bakının yumşaq güc siyasətinin hər an sərtləşə biləcəyi, rejimin sıradan çıxması üçün antiterror əməliyyatlarına başlana biləcəyi ehtimallarını yüksəldir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Şərq"ə açıqlamasında bildirib ki, partiya rəhbəri kimi həm müharibə dövründə, həm də sonrakı mərhələdə Prezidentin mövqeyini müdafiə edib. Onun sözlərinə görə, dövlət başçısının məsələlərə yanaşması milli iradəni tam ifadə edir:

"Azərbaycanın suverenliyi şəksizdir və bütün ərazilərə şamil olunur. Qarabağ iqtisadi zonasında baş verən son hadisələrə dözümlə yanaşa bilmərik. 10 minə yaxın erməni əsgərinin hələ də Azərbaycan ərazisində qalması dözülməzdir. İndiyədək orada yaşayan erməni əsilli dinc vətəndaşlarımızın xətrinə daha çox yumşaq gücdən istifadə etmişik. Onların Azərbaycan konstitusiyasına əməl etməsi təklifini irəli sürmüşük, görüşlər istəmişik. Amma bu, o anlama gəlmir ki, həm də separatçılığın davamına imkan verəcəyik, yaxud Ermənistan və Rusiyanın köntöy müdaxilələrinə susqun yanaşacağıq.

Müraciətlərimiz bir yerə qədər ola bilər. Ölkə prezidenti və digər siyasilər tərəfindən də birmənalı ifadə olunub ki, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımıza hansısa xüsusi imtiyaz verilməyəcək. Amma onların əlindən hüquqları da alınmayacaq. Bütün Azərbaycan əhalisi hansı hüquqa malikdirsə, ermənilər də eynisini əldə edəcək. Təbii ki, vətəndaşların dövlət qarşısında məsuliyyəti də var. Vətəndaşlığımızı qəbul edən ermənilər ölkə konstitusiyasını qeyd-şərtsiz qəbul etməlidirlər".

F.Quliyev vurğulayıb ki, Ermənistandan Qarabağa gələnlər, orada separatçılıqla məşğul olanlar mütləq cəzalandırılmalıdır:

"İki yol var, ya silah-sursatı təhvil verib, dinc yolla torpaqlarımızı tərk etməlidirlər, ya da anti-terror əməliyyatı həyata keçirilməlidir. Dövlət başçısı xüsusi qeyd etdi ki, büdcəyə yenidən baxılacaq və 3 milyard manatadək vəsait əlavə olunacaq. Bu vəsaitin bir hissəsi azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə sərf olunacaq. Böyük hissəsi isə hərbi məsələlərə sərf olunacaq. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan Ordusu ən güclü ordulardan birinə çevrilməlidir. Çünki Ermənistan tərəfindən ciddi şəkildə revanş çağırışları, eyni zamanda başqa ölkələrdən təhdidlər var. Təhdidlərin qarşısında dayanmaq üçün güclənməliyik. Yəni sülh və diplomatik yollarla yanaşı, həm də sərt addımlara hazır olduğumuzu bəyan edirik. Bu siyasət təqdir olunur. Başqa yolumuz yoxdur.

Ermənistan yolu azmış iki əsgərimizi girov götürüb, onlara işgəncə verib. İrəvan unudur ki, Azərbaycana azdırılan 10 min erməni əsgərini tərk-silah etməyə, həbsə atmağa, məhv etməyə tam haqqımız var. Hələki sülhə çağırırıq, ehtiyac olan təqdirdə Azərbaycan ərazisi separatçılardan, qanunsuz silahlı dəstələrdən tamamilə təmizlənəcək və anti-terror əməliyyatları başlayacaq".

İsmayıl Qocayev/sherg.az