Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Nə addımlar atmışıqsa, bizi buna vadar edən Ermənistan olub

Fərəc Quliyev: “Prezident həmçinin dedi ki, Ermənistan sülh istəməyəcəksə, bu, bölgə, Ermənistan, hətta bizim özümüz üçün də pis olacaq”

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib ki, biz Ermənistanın konstruktivliyinə ümid edirik:

“Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”.

Maraqlıdır, Prezidentin nəzərdə tutduğu diplomatik addımlar hansılardı və onların Ermənistana necə təsiri ola bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Prezidentin fikirlərində tamamilə başqa amillər də nəzərə çarpdı: “Bəli, Prezident dedi ki, Ermənistan sülh istəmirsə, bu olmayacaq. Bu da o anlama gəlir ki, belə olmayacağı şəraitə də biz hazırıq. Biz hətta işğal dönəmində də diplomatik vasitələrlə problemin həllində maraqlı olmuşuq. Nə addımlar atmışıqsa, bizi buna vadar edən Ermənistan olub. Bundan sonra baş verə biləcək təxribatların indidən profilaktik olaraq proqnozlaşdırılması bizlik deyil. Hazırda Vaşinqtonda mühüm danışıqlar gedir. Müəyyən nəticələrin əldə olunmasına ümidlər var. Hesab etmirəm ki, bunun fonunda Rusiya və İran rahat dayanacaq. Onlara bağlı olan qüvvələr Ermənistan tərəfindən təxribatlar törədəcəklər. Belə olan halda, bu təxribatlar tərəfimizdən cavabsız qala bilməz. Prezidentin çıxışındakı məna həm də budur ki, belə təxribatlar olacaqsa, biz onlara cavab vermək məcburiyyətindəyik. Yəni yalnız cavab verə biləcəyimizə dair fikirlər əsaslandırılır. Demək istəyirik ki, biz prosesin tam həllini sülhdə görürük. Daha çox dünya ictimai rəyinə hesablanan fikirlərdi. Prezident həmçinin dedi ki, Ermənistan sülh istəməyəcəksə, bu, bölgə, Ermənistan, hətta bizim özümüz üçün də pis olacaq. Bu o deməkdir ki, mütləq bir savaş yaranacaq və biz lazımi tədbirlərə əl atacağıq. Bunu hamıdan yaxşı Ermənistan başa düşdü. Qarşıda Rusiyada da görüş gözlənilir. Yəqin ABŞ-da da razılığa gəlinib ki, atəşkəsə mütləq əməl olunsun. ABŞ Qarabağda yaşayan erməni əsilli vətəndaşların vəziyyətinin səhmana salınması ilə bağlı tədbirlər görəcəklərindən danışır. Belə məqamda Prezident baş verəcək hər hansı bir təxribatda bizim marağımız olmayacağına dair indidən rəy formalaşdırdı”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com