Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Ermənistanın ipi öz əlində olsaydı, sülh sazişini imzalayardı

Azərbaycan sahədə işlərini görəndən sonra masada işi daha asan olacaq”.

Bu fikri Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları, müxtəlif masalarda müzakirələr və rəsmi Bakının atmalı olduğu addımları dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Fərəc Quliyev bildirib ki, Ermənistanın ipi öz əlində olsaydı, sülh sazişini imzalayardı:

“Əslində, masa ilə sahə tərs mütənasibdir. Sahədə çətin işləri nə qədər görsək, masa o qədər yüngül olacaq. Masada çox şey sahəsiz həll olunmur.

Azərbaycanı təhdid edib, atəş açırdılar. Son təxribat zamanı Azərbaycan ordusu erməni tərəfinin məhz Ermənistan ərazisindəki atəş nöqtələrini susdurdu. Onlar bizim legitim hədəflərə çevrildi. Onların elə bütün atəş nöqtələri susdurulmalıdır. Ehtiyac olsa, hətta bufer zona da yaradılmalıdır. Türkiyə PKK terrorundan müdafiə olunmaq üçün 30 kilometrlik bufer zona yaratmışdı. Biz də bunu edə bilərik. Azərbaycan Ermənistan ərazisində bir neçə kilometrlik bufer zonası yaratmalıdır.

Azərbaycan sahədə işini görə-görə, heç bir masadan çəkilməməlidir. Azərbaycan haqlı, güclü və qalib tərəfdir. Bütün beynəlxalq konvensiyalara uyğun davranır.

Azərbaycanın vizionu çox doğrudur. Bir müddət əvvəl Laçın dəhlizində qoyulan postun qurulacağını çox az adam təsəvvür edirdi.

Masalardakı görüşlər davam edəcək. Ola bilsin hər görüşdə bir uğur əldə olunsun.

Ermənistanın özünə qalsaydı, sülh sazişini çoxdan imzalamışdı. Son ABŞ-dəki görüşdən sonra verilən bəyanatlar, Moskvada Putin və Paşinyan arasındakı görüşdən sonra sərhəddə baş verənlər təzadlıdır. Məhz Rusiya, Moskva sülhə imkan vermir. Biz bunu sürpriz kimi qarşılamalı deyilik. Ola bilər ki, masada müəyyən şeylər həll olunsun. Əsas işlər isə sahədə həll olur.

De-fakto sərhədlərimizi müəyyənləşdirib, ordumuzu yerləşdirsək, ikinci mərhələdə Qarabağdakı silahlıları çıxarsaq, antiterror əməliyyatları keçirsək, heç sülh sazişinə ehtiyac qalmır. Çətin olacaq, ancaq olacaq. Ukraynada baş verən proseslər də hadisələrə təsir edəcək. Rusiyanın geri çəkilmə məqamları artdıqca, Ermənistan da özbaşına qalacaq və nəticə Azərbaycanın tam istədiyi kimi olacaq”.

Səxavət Məmməd/YENİCAG.AZ