Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Proporsional seçki sistemi iştirakçılığın təmin olumasında mühüm rol oynayır

İyunun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayı keçiriləcək. Məlumata görə qurultayın gündəliyinə sədrin hesabatı, sədrin seçkisi və digər məsələlər daxildir.

Bəs digər partiyalar da qurultay keçirməyi planlaşdırırmı? Hazırda partiyaların vəziyyəti nə yerdədir? Hansı partiya tələb olunan 5 min üzvü toplaya bilib?

Qeyd edək ki, qarşıda referendum keçiriləcəyi və bu referendumda proporsional seçki sisteminin bərpa olunacağı haqda iddialar var. Partiyalar proporsional seçki sisteminə hazırdırmı?

Xatırladaq ki, proporsional seçki sistemi Azərbaycan üçün yad məsələ deyil. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına görə, Milli Məclisə səsvermə qarışıq sistem üzrə keçirilib - 100 deputat majoritar (birmandatlı seçki dairədən), 25 deputat isə proporsional sistem (çoxmandatlı vahid seçki dairələri) üzrə seçilib. Lakin 2002-ci ildəki Konstitusiya referendumu ilə proporsional seçki sisteminin ləğvindən sonra, növbəti səsvermələr yalnız majoritar sistemə əsaslanıb.

AĞ Partiya lideri Tural Abbaslı mövzu ilə bağlı Musavat.com-a bunları deyib:



“Öncə qeyd edim ki, yeni qanun tələbi olan 5 min üzv məsələsi bizdə heç bir zaman problem olmayıb. Bu haqda qanun qəbul olunanda 10 min civarında üzvümüz var idi və hazırda 11 minə yaxın üzvümüz var. Yəni qanun qəbul olunanda bizdə üzv sayı 2 dəfə çox idi. Araşdırsanız görərsiniz ki, bu qanun çıxanda biz digər partiyalar kimi üzv toplama kampaniyası keçirmədik.

O ki qaldı qurultay məsələsinə, məlum olduğu kimi qeydiyyatdan keçən bütün partiyalar qurultay keçirməyə məcbur olacaqlar, çünki yeni nizamnamə dəyişikliyi olmalıdır. Bunun proporsional seçki sistemi ilə birbaşa əlaqəsi yoxdur.

Məlum olduğu kimi proporsional seçki sistemi 2002-ci ildə ləğv olunub, indi də bu sistemə yenidən qayıdışla bağlı fikirlər var. Amma hələlik buna görə referendum olmalı, konstitusiya dəyişməli, yenidən proporsional seçki sistemi qəbul olunmalıdır. Hələlik belə faktlar yoxdur, ona görə də deyə bilmərik ki, hansısa partiya məhz buna görə qurultay keçirir. Ola bilsin ki, yeni qanun tələblərinə görə və yaxud sonuncu qurultaydan uzun müddət keçdiyinə görə qurultay keçirirlər.

Təbii ki, əgər Konstitusiyada dəyişiklik olsa, proporsional seçki sisteminə keçid olsa bəlkə də AĞ Partiya bu struktura ən hazırlıqlı partiya olar.

Ümumiyyətlə, düşünürəm ki, nəinki qismən, bütövlükdə proporsional seçki sisteminə keçid etməliyik. Zatən partiyalar haqqında qanuna edilən dəyişiklikdən sonra seçki qanununda da mütləq dəyişikliklər olmalı, partiyaların seçki prosesində iştirakı sadələşdirilməli, imtiyazlar verilməlidir. Yəni əgər siyasətin peşəkarlaşmasını istəyiriksə, o zaman partiyaların gücü artırılmalıdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə aşağıdakıları qeyd etdi:

“Partiyamız sonuncu dəfə 2018-ci ildə qurultay keçirib. Növbəti qurultayı isə bu ildən keçirəcəyik.

O ki qaldı 5 minlik üzv tələbinə, partiyamız 10 202 nəfər, yəni iki dəfə çox üzvün bütün sənədlərini qaydaya salıb, təqdim etmişik, bu barədə problemimiz yoxdur.

Ən azı qarışıq, yəni majoritar və proporsional seçki sisteminin birgə tətbiqinə ehtiyac var. Bu zaman güclər real olaraq ortaya çıxar.

İkinci tərəfdən, istər parlament, bələdiyyə, istərsə də prezident seçkilərində partiyalar iştirak edəndə, onlar müəyyən yerləri götürəndə bu, partiyaların idarəetmə sistemində gücünü göstərir, iştirakçılıq təmin olunur. Proporsional seçki sistemi iştirakçılığın təmin olumasında mühüm rol oynayır. Ona görə də fikrimcə, proporsional seçki sisteminə ehtiyac var.

Əgər proporsional seçki sistemi tətbiq olunarsa, partiyaların gerçək üzü onda görünəcək. Hər bir partiya özü haqqında normal, müsbət fikirlər söyləyir və bu da normaldır, həm də təbliğat üsuludur. Amma seçkidə partiyanın gücü ortaya çıxır, məsələn, hansı partiya daha çox faiz səs toplayacaq, baryerlər var, onu keçə biləcəkmi ya yox. Bütün bunları gələcək göstərəcək”.

Xalidə Gəray/Musavat.com