Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:AŞPA-nın yanaşması və qətnaməsi qərəzlidir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə Azərbaycana qarşı qərəzli addım atıb.

Belə ki, məruzəçi Paul Qavanın Laçın yolu ilə bağlı hazırladığı qətnamə qəbul edilib.

Qətnamədə göstərilib ki, guya orada sərbəst və təhlükəsiz hərəkət yoxdur. Bildirilib ki, AŞPA həm Ermənistan, həm də Azərbaycan parlament nümayəndə heyətlərini gərginliyin azaldılması və səmimi əməkdaşlığın qurulması məqsədilə qarşılıqlı maraq doğuran mövzular əsasında əlverişli və səmərəli dialoqun qurulması istiqamətində mümkün addımları müzakirə etməyə dəvət edib.

Qeyd edək ki, AŞPA-nın bu addımı onların ikiüzlü siyasətini növbəti dəfə nümayiş etdirdi. Çünki 30 ilə yaxın müddət ərzində ermənilərin Qarabağda törətdiyi vəhşiliklərə, terrorlara və ekoloji cinayətlərə səssiz qalan AŞPA yenə də heç bir əsası olmayan qətnamə qəbul etdi.

Hərçənd ki, ermənilərin heç bir maneə olmadan Laçındakı nəzarət-buraxılış məntəqəsindən keçdiyini bütün dünyaya görür. Amma bəzilərinin bunu görmədiyi və ya görmək istəmədiyi məlum olur.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, belə davranışlar artıq heç kimdə təəccüb doğurmur:


“Əvvəla, Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz. Hansı qurum olursa-olsun. İkincisi, Azərbaycan dövləti sərhədini nə formada qorumaq üçün kimdənsə təlimat almalı deyil.

Xatırladım ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Meksika ilə sərhədə divar hördürürdü. Ona kimsə irad tuta bilməzdi ki, sən burada niyə divar hörürsən? Əgər AŞPA və ya BMT-nin bir qurumu ona irad tutsaydı, gülərdilər ki, “sərhədimizi necə qoruyacağımızın sizə nə dəxli var?”.

Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Sərhədlərimizin daxilində nə isə etmək və sərhədlərimizi hansı formada qorumaq bizim işimizdir. Laçında və ya başqa bir yerdə post qoyub, qoymayacağımız bizim işimizdir.

Həmçinin, orada olan erməni əsilli vətəndaşlarımızın pasport yoxlanışları ilə ölkəmizə başqa yerdən daxil olan digər vətəndaşlarımız da var. Onların pasport yoxlanışında hansısa səhv varmı? Xeyr! Eyni şəkildə yoxlanılır və bununla bağlı videogörüntülər də var. Görünürdü ki, vətəndaş gəlib sənədin göstərirdi və buraxılır”.

Partiya sədri vurğulayıb ki, AŞPA-nın yanaşması və qətnaməsi qərəzlidir:

“Üstəlik başqa bir addım da atmaq istəyirlər. Ermənistan sərhədinə göndərilən Avropa İttifaqının missiyasını 23 nəfər də artırmaq və onları Xocavəndə falana gətirməyi hədəfləyirlər. Bunlar Ermənistanla razılaşıblar və orada nə isə edə bilərlər. Amma Avropa İttifaqı, Avropa Şurası və ya başqa qurumlar Azərbaycanın sərhədlərinin daxilinə nəyəsə iddia edə bilməzlər.

Onların tövsiyə xarakterli qərarlarının əhəmiyyəti yoxdur. Hesab edirəm ki, biz dövlət vizyonumuzu normal şəkildə qoymuşuq və davam etdiririk. 30 ildir ki, Qarabağda dövlət, muxtariyyət və ya status istəyənlər artıq yerlərində oturublar və Azərbaycanın qoyduğu 5 baza prinsipi əsasında məsələnin öz həllini tapmalı olduğunu qəbul edirlər.

Təbii ki, bu məsələlərdə heç bir narahatçılıq qalmayacaq və bizimlə razılaşmağa məcbur olacaqlar. Çünki biz beynəlxalq konvensiyalar və Azərbaycan Konstitusiyasına əsaslanıb iş görürük. Bu qətnamə isə tamamilə qərəzli qətnamədir. Hesab edirəm ki, Azərbaycan parlament tərəfindən də bu qətnaməyə münasibət bildirilməlidir və yəqin ki, bildiriləcək ki, belə qətnamələr verilməsin”.

Elmir Mustafa/Cebhe.info