Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev: Ermənistana heç vaxt etibar etmək olmaz

Ermənilərin öz tarixi riyakarlığından və məkrli xislətindən əl çəkib bunda sonra qonşuları ilə dinc və sülh şəratində yaşamaları müəmmalı görünür.

Son zamanlar Azərbaycan ilə Ermənistan arasında Vaşinqton və Brüsselin vasitəçiliyi ilə sülh danışıqlarının intensivləşməsini müşahidə edirik. ABŞ Dövlət Departamentinin rəsmilərinin bəyanatlarına görə, Bakı və İrəvan ikitərəfli danışıqlar nəticəsində sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı bəzi məsələlərdə ümumi razılığa gələ biliblər. Hətta Qərb rəsmiləri yaxın zamanda hər iki dövlətin sülh müqaviləsini imzalayacağını ehtimal edirlər.

Əlbəttə, kimin vasitəçilik etməsindən asılı olmayaraq, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmasına müsbət təsir göstərəcək. Bu müqavilədən irəli gələcək müddəalar çərçivəsində həm Azərbaycan, həm də Ermənistan vətəndaşlarının əlaqləri üçün əlverişli imkanlar yarana bilər.

Lakin bu məsələdə bir məqamı da nəzərə almaq lazımdır. İkitərəfli sülh sazişinin imzalandığı təqdirdə Ermənistanın bu müqaviləyə əməl edib-etməməsi, hətta bu sazişin imzalanmasından sonra İrəvanın təxribatlara əl atmayacağı sual altında qalır. Çünki son yüz il ərzində ermənilərin sərgilədiyi davranışlar və hərəkətlər onlara olan etimadın itməsinə gətirib çıxarıb.

Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistana heç vaxt etibar etmək olmaz:


“Qeyd edim ki, hazırda Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin detalları ətraflı müzakirə olunur. Yaxın zamanda sülhə hazırlıq prosesi ilə bağlı ilkin rəsmi sənəd qəbul oluna bilər. Bu müqavilədə ehtiva olunacaq bir sıra maddələr ciddi şəkildə nəzərdən keçirilir. Amma sülh müqaviləsinin imzalandığı təqdirdə qarşı tərəfin bu müqavilədən irəli gələcək öhdəliklərini yerinə yetirib-yetirməməsi sual altında qala bilər.

Bunu yalnız gələcək göstərəcək. Əgər sülh müqaviləsinin imzalanmasından sonra İrəvan öz hüquqi öhdəliklərini məqsədyönlü şəkildə pozarsa, onda Azərbaycan yenidən sülhə məcburetmə əməliyyatlarına başlayacaq. Yəni prinsip etibarı ilə Ermənistana tam güvənə bilmərik. Sülh müqaviləsindən sonra Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlar törətməyəcəyini ehtimal etmək qeyri-mümkündür.

Onu da nəzərə alaq ki, indiki Ermənistan hakimiyyətinin ordu üzərində nəzarət mexanizmləri demək olar ki, məhduddur. Ermənistan silahlı qüvvələrində “beşinci kolon”dan əmr alan və bu kolonun təzyiqi ilə təxribatlar törədən qruplaşmalar mövcuddur. Bunu hətta Paşinyanın özü də etiraf edib və çox ciddi bir məsələdir”.

Partiya sədrinin sözlərinə görə, gələcəkdə Ermənistanın gücləndiyi təqdirdə Azərbaycana qarşı yenidən ərazi iddiaları istisna deyil:

“Gələcəkdə də Azərbaycan “Dəmir yumruq” siyasətini davam etdirməlidir. Bu ölkə ilə sülh müqaviləsi bağlandıqdan sonra da Azərbaycan Ordusu daim güclü olmalıdır. Bu il büdcədən silahlı qüvvələrə 1 milyard vəsaitin ayrılması təqdirəlayiq addımdır. Mütəmadi olaraq iqtisadiyyatımızı və ordumuzu möhkəm saxlamalıyıq. Ermənistana heç vaxt güvənmək və etibar etmək olmaz”.

Yunis Abdullayev/Cebhe.info