Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Partiyaların cəmiyyətdəki dəstək səviyyəsi üzə çıxacaq

“Seçkilərdə konkret ideologiyaya, zehniyyətə səs verildiyi üçün partiyaların cəmiyyətdəki dəstək səviyyəsi üzə çıxacaq”.

Bu fikirləri partiyaların təkrar qeydiyyat üçün müəyyən edilmiş müddətin yekunlaşmasından sonra yaranmış vəsiyyəti dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, ölkədə sırf proporsional seçki sistemi tətbiq edilərsə, o zaman partiyaların gerçək gücü haqqında fikir bildirmək mümkün olacaq:

“Biz artıq sənədlərimizi təqdim etmişik və bir ay müddətində veriləcək cavabı gözləyirik. Onsuz da partiyamızın üzv sayı ilə bağlı problemi yox idi, sadəcə, onların sənədlərini qaydaya salırdıq. Təqdim etdiyimiz üzvlərin sayı 10 min 202 nəfərdir. Qalan üzvlərin sənədləri üzərində işlər davam etdirilir. Yeni qanunvericiliyə əsasən, ən azı 5 min üzvdən ibarət siyahı göndərməliydik. Bu tələbi ikiqat artıq göstərici ilə yerinə yetirmişik. Yəni problemimiz olmadı və dediyim kimi, hazırda cavabı gözləyirik.

Ümumi vəziyyətə gəldikdə isə, mətbuatda yayılan məlumatlarda 30-a qədər partiyanın öz fəaliyyətini dayandırdığı bildirilir. Hər halda, onların belə bir qərar qəbul etmələri üçün öz səbəbləri olub və bunun üzərində dayanmaq istəmirəm. Qalanları da yəqin ki, artıq öz sənədlərini göndəriblər. Bu prosesin ardınca qarışıq seçki sistemi, yaxud da sırf proporsional seçki sistemi tətbiq edilərsə, o zaman partiyaların gerçək gücü haqqında fikir bildirmək mümkün olacaq. Çünki seçkilərdə konkret ideologiyaya, zehniyyətə səs verildiyi üçün partiyaların cəmiyyətdəki dəstək səviyyəsi üzə çıxacaq. Ona görə də bu islahatların davam etdirilməsi zəruridir və fikrimcə, belə də olacaq”.

A.Zeynalov/yenicag.az