Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Baş verənlərin arxasında regionda maraqları olan dövlətlər durur

“Böyük dövlətlər məsələnin sərhəd istiqamətində olmasında maraqlıdır. Ermənistanı bu məsələdə oyuna salıblar”.

Bu sözləri Azərbaycanla Ermənistan arasındakı gərginliyin passiv fazadan aktiv fazaya keçməsi, prosesləri qızışdıran tərəflər və rəsmi Bakının atacağı addımları dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, baş verənlərin arxasında regionda maraqları olan dövlətlər durur:

“Vəziyyətin bu yerə çatmasında Azərbaycan tərəfinin heç bir günahı yoxdur. Azərbaycan müharibədən sonra sülh sazişinin bağlanmasında israrlı oldu. Bunun üçün də uzun müddət gözlədi.

Azərbaycan müharibədən sonra təzminat davası açmadı, qılınc haqqını əsas gətirib onların ərazilərinə girmədi. Dünya təcrübəsində aqressorun ordusu darmadağın edilir, həmin ölkə tamamilə silahsızlaşdırılır, bunu da etmədi. Azərbaycan istədi ki, qonşuluq münasibətlərində yeni faza açsın. Azərbaycan tərəfi beş şərt irəli sürdü, bu beynəlxalq hüquqa əsaslanırdı. Nədənsə sülh sazişi ilə bağlı son mərhələyə gəlmək istəyəndə maneçiliklər ortaya çıxdı.

Məcazi mənada baş verənlərdə Ermənistanın günahı daha azdır, nəinki bu bölgədə marağı olan fiqurların. Böyük dövlətlər nə sülh, nə hərb məsələsinə yanaşdılar. Bilirdilər ki, sülh olsa, məsələ bitəcək və onlar təkrar bölgəyə girə bilməyəcəklər. Hətta müharibə olsa, Azərbaycan Ermənistanın sonuncu əsgərinə qədər məhv edəcək. Qeyri-müəyyənliyi saxlamaq üçün yardım etdilər, Ermənistana dəstək verdilər. Ermənistanı motivasiya edirdilər ki, İrəvan sülh müqaviləsinə getməsin. Problemin kökündə böyük dövlətlərin bölgədə yerləşməsi, qalması dayanır. Ermənistanın müstəqil siyasəti yoxdur. Ona görə də hər yerə əl atırlar.

Böyük dövlətlər məsələnin sərhəd istiqamətində olmasında maraqlıdır. Ermənistanı bu məsələdə oyuna salıblar”.

Səxavət Məmməd/yenicag.az