Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Rusiyanın Ermənistana münasibəti başqadır

Hələ ki, Azərbaycan yumşaq gücdən istifadə edir

Məsələnin köklü həlli odur ki, separatçılar tərksilah olunsun və qondarma rejim buraxılsın

Qarabağdakı separatçılar qondarma “prezident seçkiləri” keçirmək həyasızlığını nümayiş etdirdilər. Seçki” şousu yeganə “namizəd”in seçilməsi və “andiçmə” mərasimi ilə başa çatdı. Əlbəttə, Azərbaycan ərazisində rəsmi Bakının icazəsi olmadan hansısa seçki keçirə bilməz, çünki belə bir şounun heç bir hüquqi bazası yoxdur. Elə bu səbəbdən də “seçki”dən dərhal sonra Pakistan, Türkiyə, Ukrayna, Gürcüstan kimi ölkələr “seçki" adlandırılan qanunsuz fəaliyyətin beynəlxalq hüquqa zidd olması barədə rəsmi bəyanat səsləndirdilər. Belə “seçki”ni tanımadıqlarını bildirdilər. Həmçinin Avropa İttifaqı da seçkini tanımadığını bəyan etdi. ABŞ Dövlət Departamenti də “seçkilərlə” bağlı açıqlama yayıb. Departamentin mətbuat katibi Metyu Miller “prezident seçkiləri”ni tanımadığını qeyd edib: "Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi və eyni zamanda burada keçirilən qondarma "prezident seçkiləri"ni tanımırıq". Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld da İngiltərənin seçkilərə münasibətini bildirib: "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik". Macarıstan da Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb və Qarabağdakı qondarma “prezident seçkilərini” qeyri-legitim hesab edib. Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu da satxa “seçkiləri” tanımayıb. O cümlədən Rumıniya da erməni oyununa alət olmayıb. Beləliklə beynəlxalq təşkilatlar və aparıcı dövlətlər separatizmi qəbul etmədiklərinə diqqət çəkiblər. Ancaq hər fürsətdə rəsmi Bakının mövqeyinə etiraz etməyi unutmayan Rusiya Qarabağdakı uydurma "seçkilərlə" bağlı heç bir bəyanat, açıqlama yaymayıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Sherg.az"a bildirib ki, Rusiyanın Ermənistana münasibəti başqadır, erməni hakimiyyətinə isə ayrı cürdür. Partiya rəhbəri qeyd edib ki, Rusiya hətta müqavilədə şərt olmağına baxmayaraq, Qarabağdakı separatçıların "seçki"sinə münasibət bildirmədi:

"Əslində Qərb dövlətlərinin, beynəlxalq təşkilatların da qondarma "seçkini" tanımadıqlarını bəyan etməsi onların "süddən çıxmış ağ qaşıq" olması anlamına gəlmir. Bunun səbəbləri başqadır. Azərbaycan tərəfi ciddi şəkildə dirəniş göstərdi. Laçın yolunda postumuzun qurulması, "humanitar yardım" adı altında ərazimizə girişlərə qadağa qoyulması göstərdi ki, Azərbaycan öz suveren ərazilərinin qorunmasında qətiyyən güzəştə getməyəcək. Həm də Azərbaycan Qərb üçün ciddi və əvəzolunmaz tərəfdaşdır. İpək yolu və enerji təhlükəsizliyi Qərb ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də düşünürlər ki, Azərbaycana tam ədalətsiz şəkildə yanaşmaq olmaz. Eyni zamanda Ermənistanın pozucu addımları, eyni anda iki stulda oturmaq cəhdləri böyük oyunçular üçün müəmmalı vəziyyət yaratdı. Həmçinin Türkiyənin və Türk Dövlətləri Təşkilatının güclənməsi də burada önəmli roy oynayan faktordur. Azərbaycan güclü görsənməsəydi, Qərb dövlətlərinin, beynəlxalq təşkilatların indiki münasibəti olmayacaqdı. Çünki 30 il ərzində bunu görmədik. Halbuki, ortada real işğalçılıq faktoru, BMT-nin 4 qətnaməsi var idi. Ancaq həmin dövr ərzində Ermənistana "gözün üstə qaşın var" deyən çıxmadı. Bunu ona görə xatırladıram ki, təkcə haqlı olmaqla iş bitmir. Haqlı olmaqla bərabər həm də çox güclü olmalıyıq. Güclü olmasaq, xeyri yoxdur. Azərbaycan tərəfi Ermənistanı sülhə məcburetmə əməliyyatlarında daim zopa siyasətini öndə tutmalıdır. Əks halda ermənilər və arxalarındakı güclər fərqli mövqe nümayiş etdirməyəcək".

F.Quliyev diqqətə çatdırıb ki, Qərbin Qarabağdakı separatçıları tanıyıb-tanımaması da fərq etmir: "Çünki qaliblər mühakimə olunmur. Azərbaycan öz ərazilərində mülki idarəetməni təmin edərkən, separatçıları həbsə atarkən və erməni ordusunun tör-töküntülərini tərksilah edərkən heç kim bizə söz deyə bilməz. Sadəcə olaraq hazırda daha çox yumşaq gücdən istifadə olunur. Məsələnin köklü həlli odur ki, separatçılar tərksilah olunsun və qondarma rejim buraxılsın. Yaxud da biz bu iki məsələnin həllini tapması üçün güc tətbiq etməliyik, antiterror əməliyyatı keçirtməliyik. Qərbin nəyisə bəyənib-bəyənməməsi heç nəyi dəyişmir".

İsmayıl Qocayev/sherg.az