Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Bu da yeni Konstitusiyanın qəbulunu labüd edir

Prezident seçkilərindən sonra idarəetmədə struktur dəyişikliklərinin gözlənildiyi aktiv müzakirə olunur. Milli Məclisin tərkibində dəyişikliyin olması ehtimalı var, lakin bu məsələ referendumla həll edilə bilər. İcra hakimiyyəti, o cümlədən yerli icra hakimiyyəti sistemlərində də bir çox dəyişikliklər ola biləcəyi də söylənilir.

Bir sıra məsələlər var ki, Konstitusiya dəyişikliyi tələb edir. Məsələn, Nazirlər Kabinetinin ləğvi məsələsi ancaq Əsas qanuna edilən dəyişiklikdən sonra reallaşa bilər. Amma konstitusion dəyişikliyə getmədən də icra hakimiyyəti sistemində xeyli dəyişiklik etmək mümkündür. Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb, fəaliyyət göstərir. Onun nə dərəcədə effektiv olub-olmadığını isə dəqiqləşdirmək olar. Bir-birini əvəz edən, oxşar funksiyaları yerinə yetirən qurumların olmasına ehtiyac yoxdur.

Təbiidir ki, bütün bu addımların atılması üçün Konstitusiyanın dəyişməsi də vacibdir. Seçkilərdən sonra hansı islahatlar gündəmə gələ bilər? Yeni Konstitusiyanın qəbulu real ola bilərmi? Əgər yeni Konstitusiya olsa nələrin dəyişməsinə ehtiyac var?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, başlanmış olan islahatlar davamlı olmalıdır: “Artıq dünyada yeni bir dönəm başlayıb. Texnologiyaların yüksək templə inkişafı tələb edir ki, Azərbaycan da öz iqtisadiyyatını buna uyğun formalaşdırsın. Xanmal ehtiyatı olaraq, yalnız qazdan və neftdən istifadə etmək doğru deyil. Neft və qazın özünü xanmal kimi yox, yarımfabrikat və son məhsul olaraq satmaq üçün sənayeləşməyə yenidən baxmaq lazımdır. Digər istiqamət Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bunu öz hesabımıza həll etmək üçün ciddi tədbirlər görməliyik. Ərazilərimizin 20 faizi işğal altındaydı. Bu 20 faiz ümumi kənd təsərrüfatı məhsullarının 60 faizini verirdi. Həmin əraziləri geri qaytarmışıq. Bunu əvvəlki vəziyyətə salmalıyıq. Demoqrafik vəziyyəti dəyişmək üçün əhalinin köçürülməsini təmin etməliyik. Bu olarsa, Bakının yüklənməsi də aradan qalxar. Bakının inkişafı ilə bağlı yeni proqram qəbul olunub. Ancaq bu yalnız infrastrukturun dəyişməsini deyil, həm də paytaxtın yükdən azad olması ilə bağlı bölgə siyasətinin fərqli olmasını tələb edir. Şişirdilmiş aparatların ləğvi və ya kiçirdilməsinə baxılmlalıdır. Rayonlardan iqtisadi zonalar sisteminə keçid edilməlidir. İslahatların ən mühüm məsələsi yerli idarəetməyə üstünlük verməkdir. İcra hakimiyyətlərinin bir çox səlahiyyətlərini bələdiyyələrə vermək lazımdır. Bu, həm də bölgələrin dotasiyadan qurtarmasına səbəb ola bilər. Bundan başqa, siyasi sahədə ciddi islahatlar getməlidir. Ən mühüm məsələ proporsional seçki sisteminin tətbiqidir. Qarışıq seçki sistemi də ola bilər. Bununla siyasi palitrada iştirakçılıq təmin ediləcək. Belə olanda daxildə milli barışığa söykənən sabitlik olur. Partiyaların idarəetmədə iştirakı vacib məsələrdəndir. Başqa istiqamətlərdə də yeniliklər olmalıdır. Hərbi sahədə isə peşəkar orduya keçidi təmin etməliyik. Bütün bunların həyata keçməsi üçün konstitusion islahatlar da aparılmalıdır. Bu da yeni Konstitusiyanın qəbulunu labüd edir. Bunun üçün də referendum keçirilməlidir. Belə addımların ardıcıl olaraq atılması günün vacib tələbidir”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com