Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Fərəc Quliyev:Əsas və ilkin hədəfimiz Qazaxın 4 kəndinin qaytarılması id

Tavuş bölgəsindəki etirazlar prosesə mənfi yöndə təsir etmək gücündə deyil

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsi əsas götürüləcək. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhəd komissiyalarının səkkizinci görüşündə razılıq əldə olunub. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Əgər gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq. Ötən gün Nikol Paşinyanın 4 kəndin qaytarılması haqda dedikləri Ermənistanın əsas məqsədini də ortaya qoyur. Baş nazir bildirir ki, “bu razılaşma ilə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb, həmçinin təsdiqləyiblər ki, yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı mövcud olan sərhəd bərpa olunacaq”. Delimitasiya komissiyalarının razılaşmasında Almatı bəyannaməsinin əsas götürülməsi Ermənistan üçün sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun müəyyənləşməsi mövqeyində “istinad nöqtəsi” əldə etmək baxımından vacib idi. İrəvan 4 kənd qarşılığında bu qazancı əldə etdiyini düşünür, Paşinyanı sevindirən də budur. Lakin razılaşma sənədində bir detal sərhədin digər hissələrinin delimitasiyası zamanı “SSRİ dağılanda mövcud olan xətlərin” nəzərə alınmamasına əsas yarada bilər. Bakı 4 kəndin azad edilməsi üçün İrəvanın bu istəyinin razılaşmaya salmasını qəbul etsə də, delimitasiya prinsiplərinin dəyişdirilməsi imkanlarını da özündə saxlayır. Bu o deməkdir ki, delimitasiya prosesində Almatı bəyannaməsi Qazaxın kəndlərinin qaytarılması məsələsində keçərlidir, sərhədin digər hissələrinin müəyyənləşməsində qüvvədən düşə bilər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, əsas və ilkin hədəfimiz Qazaxın 4 kəndinin qaytarılması idi. Partiya rəhbərinin sözlərinə görə, hansı əsasla olursa-olsun, kəndlərimizin geri alınması mühümdür:

"Sonrakı proseslərdə mərhələli məsələlər nəzərdə tutulub. Mayın 15-də Azərbaycan və Ermənistan arasında sənəd imzalanacaq və bundan sonra anklav, eksklav kəndlərin məsələsinə baxılacaq. Əlbəttə, digər məsələlərə fərqli prizmadan baxıla bilər. Söhbət ondan gedir ki, Qazaxın dörd kəndinin geri verilməsində indiki sənəd çərçivəsində anlaşma mümkün olub. Amma gələcəkdə müxtəlif şərtlər ortaya çıxa bilər. Məsələn, necə olub ki, Başkənd Azərbaycanda "erməni ərazisi" kimi qalıb? 1920-ci ildə Zəngəzur, 1929-cu ilə Meğri bölgəsi Ermənistana verilib. İndi eksklav olan kəndlərimiz niyə həmin duruma düşüb? Çünki torpaqlarımız Moskva tərəfindən qeyri-qanuni ermənilərə verilib. Azərbaycan Ali Soveti isə formal olsa belə bunu təsdiqləməyib. Hərçənd, 1975-ci il Helsinki Konvensiyasına görə, işğala məruz qalan dövlət onu işğal edən dövlətin təəhhüdlərini daşımır. Ona görə biz bu məsələləri qaldıra bilərik. Qazaxın kəndləri eksklav deyil, torpaqlarımızı qanunsuz zəbt ediblər, tutublar, indi də geri alırıq. Yəni sonrakı mərhələdə başqa tələblərlə çıxış etmək mümkündür. Amma indiki halda dinc yolla 4 kəndi qaytarmaq üçün sözügedən anlaşmaya istinad edə biliriksə, edək. Kəlbəcəri, Laçını və Ağdamı məhz 10 noyabr üçtərəfli bəyanatına əsasən, hərbi güc tətbiq etmədən, döyüşsüz geri aldıq. Qazaxın 4 kəndini də digər sənədə istinadən dinc yolla geri qaytarırıq. Əlbəttə, o da ideal sənəd deyil və bəzi problemli məsələlər var. Amma biz razılaşmanı parlamentdə ratifikasiya etmirik, qüvvəyə mindiyini bəyan etmirik. Yəni əsas sənəd kimi götürmürük. Bu gün üçün sərfəlidir deyə, o cür addım atırıq. Növbəti mərhələdə fərqli hərəkət edə bilərik".

F.Quliyev diqqətə çatdırıb ki, Tavuş bölgəsindəki etirazlar prosesə mənfi yöndə təsir etmək gücündə deyil:
"Onların heç bir nəticəsi olmayacaq. Paşinyan Tavuş bölgəsinə səfəri zamanı sakinlərlə görüşdə demişdi ki, "əgər 4 kəndi qaytarmasaq, o halda döyüşə hazır olmalıyıq". Ermənilər Paşinyana müharibə istəmədiklərinə görə səs vermişdilər. Çünki ermənilər Azərbaycandan yaxşı sillə yedilər və ona görə də savaşdan qorxurlar. Başa düşürlər ki, Paşinyan əslində, Azərbaycanın güc tətbiq edərək də ala biləcəklərini sülh yolu ilə verməyə çalışır. Bu da Ermənistanın qorunması üçün labüddür. Ona görə də kiçik səs-küyün yaranması prosesə təsir göstərməyəcək. Proses axıradək gedəcək".

İsmayıl Qocayev/sherg.az