Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Əli Kərimli mənim qarşımda dayana bilmədi”

Fərəc Quliyev: “Əli Kərimli mənim qarşımda dayana bilmədi”

Parlament seçkilərindən sonra müxalifət düşərgəsində yaranmış siyasi durğunluq müşahidə olunur. Seçkiöncəsi hökm sürən siyasi passivlik səsvermədən sonra daha da artıb. Bu isə müxalifət liderlərinin noyabrın 1-dən sonra ölkədə yeni siyasi vəziyyətin yaranacağına dair vədləri ilə tamamilə ziddiyyət təşkil edir. Yəni mövcud situasiyanın təhlili siyasi passivliyin müxalifətin uğursuz seçki taktikasından qaynaqlandığı qənaətini yaradır.

Seçkidə iştirakdan imtina edən bəzi müxalifət liderləri bu gedişlə hakimiyyəti “pat” vəziyyətinə saldıqlarına, seçkidən sonra isə Azərbaycanda xalq hərəkatının baş qaldıracağına, ölkədə mühüm inqilabi dəyişikliklərin baş verəcəyinə dair bəyanatlar yayırdılar. Bu cür pafoslu bəyanatlar seçki prosesinin ilk mərhələsindən boykot taktikasını seçmiş Milli Şuradan gəlməyə başladı. Milli Şuranın rəhbərliyində olanlar cəmiyyəti seçkilərin nəticələrinin beynəlxalq güclər tərəfindən tanınmayacağına, əvəzində isə Əli Kərimlinin, Cəmil Həsənlinin liderliyi altında baş qaldıracaq inqilaba dəstək verəcəyinə inandırmağa çalışırdılar. Seçkilər bitdi, amma heç nə baş vermədi. Əslində, problemin mahiyyəti “Milli Şura niyə inqilab etmədi” sualına cavab axtarmaqdan ibarət deyil. Burada diqqəti cəlb edən məqam daha çox Milli Şuranın, AXCP adına orada təmsil olunub bəyanat verənlərin siyasi uğursuzluğu ilə bağlıdır.

Əlbəttə, seçkilərin şəffaf keçdiyini iddia etmək olmaz və səsvermənin nəticələrinə də müsbət rəy vermək mümkün deyi. Ancaq cəmiyyətin baş vermiş qanun pozuntularına etiraz olaraq Milli Şuranın və Əli Kərimlinin çağırışlarına reaksiya verməməsi problemin mahiyyətinin hakimiyyətlə yanaşı, xalq arasında inamını itirmiş və özünün siyasi ömrünü başa vurmuş “müxalifət”də olduğunu bir daha isbat etdi.

Boykot taktikasının uğur gətirməyəcəyi əvvəlcədən də müxtəlif siyasətçilər və ekspertlər tərəfindən proqnozlaşdırılmışdı.Çünki indiyə qədər keçirilmiş bütün seçkilərdə uğursuz taktiki gedişləri bir çox təşkilat sədrlərini sosial bazadan məhrum edən amillərdən birinə çevrilib. Bu səbəbdən də Milli Şura və onun boykot qərarı da AXCP-nin keçmiş sədrinə özünün siyasi mövqeyini qoruyub saxlamaq vasitəsi kimi lazım idi. Lakin bu prosesin AXCP-də sədrə etimadsızlıq dövrü ilə üst-üstə düşməsi Əli Kərimlinin növbəti “seçki inqilabı” eyforiyasına son qoydu. Digər tərəfdən Əli Kərimlinin siyasi taktikası cəmiyyətə çoxdan tanış idi. O, seçkiqabağı mühitin müxalifətin xeyrinə dəyişməsində maraqlı idisə, özü kənara çəkilərək AXCP daxilində yeniləşməyə start verməli və partiya gənc komanda ilə meydana çıxmalı idi. Yalnız bu halda seçkilərdə daha effektiv fəaliyyət metodları qazana bilərdi. Bütün bunların fərqində ola-ola siyasi tarana getmək sadəcə olaraq, seçkidən sonrakı növbəti məğlubiyyətin acısını kompensasiya etməyə xidmət edirdi. “Boykot və inqilab” ideyası əvvəlki seçki dönəmlərində istifadə olunmuş taktika olduğundan cəmiyyətin diqqətini cəlb etmədi. Bu seçkilərdə isə həmin illüziya yalnız Əli Kərimlinin tükənmiş siyasi karyerasını qorumaq üçün növbəti siyasi plan kimi ortaya atılmışdı. Əli Kərimlinin boykot taktikası yalnız hakimiyyətin deyil, müxalifətdəki rəqiblərinin də siyasi manevr imkanlarını artırdı.

Ancaq siyasi analitiklər hesab edir ki, bu cür uğursuz metodlarla Azərbaycanda Milli Şura və ora daxil olan siyasi qruplar yaxın zamanda, ən geci isə 2018 -ci ildə siyasi səhnədən bütünlükdə silinib gedəcək. Seçkidə iştirak etməyən, cəmiyyətlə əlaqəsi və daxildən dəstəyi olmayan klassik müxalifət liderlərinin artıq siyasi perspektivdə yeri görünmür.

Ona görə də Ə.Kərimli və ətrafındakılar özlərinin real müxalifət obrazını yaratmaq üçün “xain”, “satqın” axtarışına çıxır, ölkədə demokratik islahatlar yolu ilə dəyişiklik istəyən gənc liderləri hakimiyyətlə mandat alverində ittiham edirlər. Bununla da seçki öncəsi gözdənsalma kampaniyası aparır, cəmiyyəti Azərbaycanın xilasının xarici ölkələrdə olduğuna inandırmağa çalışır. Xaricdən dəstəklənən inqilab vədlərini verməklə gələcəkdə öz fəaliyyətini qanundan kənar üsullarla aparmaqla elektoratı öz tərəfinə çəkməyə ümid edirlər. Ancaq siyasi təcrübə göstərir ki, belə bir mövqe tutmaq, siyasi proseslərdən özünü təcridetmə ilə nəticələnir.

Seçkidən sonrakı vəziyyət Əli Kərimlinin boykot taktikasının Milli Şura üçün məğlubiyyətdən də ağır nəticələrə səbəb olduğunu göstərir. Belə ki, hakimiyyət möhkəmlənir, elektoratın müxalifətə etimadı sarsılıb, o parçalanaraq zəifləyir. Əli Kərimlinin uğursuz seçki texnologiyası bu gün Azərbaycanda təkpartiyalı və ya müxalifətsiz parlamentin formalaşmasına gətirib çıxarıb. Çoxluğa malik olmaq “yeni azərbaycanlı”lara istədikləri dəyişikliyi həyata keçirmək imkanı verir. Hakimiyyət isə bu vəziyyətdən öz yerini daha da gücləndirmək üçün faydalanır. Digər tərəfdən, boykotun yaratdığı "pat vəziyyəti"ndəki boşluğu oliqarxiya doldurur.

Bu siyasətin sonsuzluğuna apardığını AXC-nin qurucuları da etiraf edir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin sözlərinə görə, Milli Şuranın cəmiyyətdə heç bir siyasi nüfuzu qalmayıb. Milli Şuranın aksiyalarına 150 nəfər adamın gəlməməsi bunu bir daha təsdiq edir: Əslində, bu, seçkilərin boykot edilməsi deyil, seçkilərdən qaçmaqdır. Hər bir partiyanın fəlsəfəsi hakimiyyətə gəlməkdən ibarətdir. Hakimiyyətə də demokratik seçki yolu ilə gəlmək olar. Əgər Valodinin rəhbərliyi ilə Moskvada dərnəyin zalında bir qurum yaradırsansa, çevriliş yolu ilə hakimiyyətə gəlmək istəyirsənsə, belə olmaz. Bu da alınmayanda, cəmiyyətin dəstəyi olmayanda gücsüzlüyünü görüb seçkidən qaçırlar.

Onlar öz təşkilatının sadəlövh insanlarını aldatmağa çalışırdılar, bu da nəticə vermədi. Artıq Əli Kərimlinin dəstəsindən gerçəkliyi dərk edən böyük insanlar ayrıldılar və sağlam düşüncə ilə başa düşdülər ki, rəhbərlikdə bir neçə nəfər bu insanları aldatmaqla, sərvət toplamaqla, xarici ölkələrə işləməklə məşğuldur. Onlar sadəcə olaraq, sivil cəmiyyətdə seçki yolu ilə hakimiyyətə gəlmək imkanları olmadığından boykot adı altında gizlənməkdən başqa yolları qalmayıb”.

Fərəc Quliyevin fikrincə, Əli Kərimlinin seçkilərdə tətbiq etdiyi siyasi texnologiyalar artıq sıradan çıxıb və öz əhəmiyyətini itirib: “2010-cu ilin parlament seçkilərində Əli Kərimli “Azadlıq” bloku ilə birlikdə mənim qarşımda dayana bilmədi. Hətta demişdilər ki, Fərəc Quliyev bizdən bir az artıq səs toplayıb. Adama deyərlər ki, 5-6 partiya toplaşmısınız, bir namizədə qalib gələ bilmirsiniz. Halbuki mən fərd olaraq mübarizə aparırdım. Yəni onların gücləri çoxdan tükənib. Onların simaları isə bu seçkilərdə tam açıldı. Artıq onlara cəmiyyətin inamı qalmayıb. 150-200 nəfəri meydana toplaya bilməyənlər 10 milyon insanın adından danışa bilərmi? Bu mümkün deyil”.


Müşfiq