Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Səlahiyyətlərini aşan səfirlər

Səlahiyyətlərini aşan səfirlər

Bəzi dövlətlər öz diplomatlarının əli ilə ölkəmizin daxili işlərinə müdaxilə yolunu tutub

Bu günlərdə Virtualaz.org saytında “Britaniya səfiri Azərbaycanda sabitliyi pozur” başlıqlı müəllif məqaləsi dərc olunub. Yazıda Azərbaycanda fəaliyyət göstərən bəzi xarici ölkə səfirlərinin diplomatik qaydalara hörmətsiz yanaşmasından, diplomatik toxunulmazlıqlarından sui-istifadə edərək siyasi bəyanatlarla çıxış etmələrindən, daxili işlərimizə qarışmasından söhbət açılıb. Bildirilib ki, bəzi səfirlər müxalifət liderləri ilə ictimaiyyətə qapalı görüşlər keçirir, onların hakimiyyət əleyhinə fəaliyyətinə dəstək verir, siyasi bəyanatlarla qarşıdurmalar yaratmağa meyl göstərirlər. Müəllif bildirib ki, bütün hallarda diplomatların bu cür fəaliyyəti heç bir səmərə verməyib. Əksinə, Azərbaycandakı qərbli diplomatların məhz ifrat fəallığı və siyasiləşməsi permanent qalmaqallara, eyni zamanda bu səfirlərin, onların təmsil etdiyi hökumətlərin Azərbaycan hakimiyyəti ilə uzun sürən münaqişələrinə gətirib çıxarıb. Sözügedən yazıda Norveç, Almaniya, ABŞ və Böyük Britaniyanın Azərbaycana təyin olunmuş səfirlərinin belə əməllərindən konkret misallar da gətirilib. Qeyd olunub ki, vaxtilə Norveçin səfiri Steynar Gilin fəal etirazlarından sonra Azərbaycanın bu ölkə ilə münasibətləri ciddi şəkildə korlanıb. Ona görə də S.Gildən sonrakı səfir Yon Ramberq, eləcə də daha sonrakı elçilər öz şərh və qiymətləndirmələrində ehtiyatlı olmağa çalışıb, münasibətləri normallaşdırmaq üçün xeyli səy göstərməli olublar. Almaniya ilə də bağlı da eyni vəziyyət təkrarlanıb. İŞİD adlı vəhşi stixiyaya yol açan qızmar “ərəb baharı” ideyasının dəbdə olduğu vaxtlarda Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle etirazları gözlənilmədən qızışdırmağa başlayıb, açıq şəkildə hakimiyyətə qarşı çıxıb. Ukraynanın paytaxtı Kiyevdə “Maydan” hadisələri zamanı isə almaniyalı diplomatın “gedişini” ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar təkrarlayıb. O, bəyanatla çıxış edərək, “Bakı Maydanı”nı yaratmağa açıq çağırış edib. Nəticədə hər iki səfir Azərbaycandan sürgün edilib.
Məqalədə bildirilib ki, hazırda Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq parlament seçkiləri öncəsi Azərbaycan müxalifətini birləşdirmək, hakimiyyətlə mübarizədə onlara açıq dəstək verməyə başlayıb. İ.Siddiq avqust ayı ərzində müxtəlif vaxtlarda Müsavat Partiyasının (MP) sədri Arif Hacılı, REAL Hərəkatının nümayəndələri Erkin Qədirli, Altay Göyüşov, Natiq Cəfərli, NİDA rəhbərliyi, həmçinin Britaniya xarici işlər nazirinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri Departamentinin rəhbəri Maykl Tethemlə birgə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı qapılar arxasında görüşlər keçirib. Nəticədə MP-REAL-NİDA və AXCP-Milli Şura koalisiyası seçkilərdə birgə iştirak və deputatlığa namizədlərin vahid siyahısını hazırlamaq barədə qərar qəbul ediblər.

Belə olduqda maraqlı suallar yaranır: Norveç, Almaniya, ABŞ-ın sabiq, Böyük Britaniyanın isə Azərbaycanda indiki səfirinin seçki öncəsi fəallaşması, müxalifəti vahid cəbhədə birləşdirməyə cəhd etməsi, kimin millət vəkili seçilməsi, hansı yolla seçki mübarizəsi aparması onun nəyinə lazımdır? Nə zamandan seçkilərdə kimlərə isə dəstəyin verilib-verilməməsini xarici ölkələrin Azərbaycandakı səfirləri müəyyənləşdirməyə başlayıb? Xarici diplomatik korpus təmsilçilərinin əsas fəaliyyəti bundan ibarətdirmi?

Mövzu barədə fikirlərini “Kaspi”yə bölüşən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, bütün bunlar həm “Diplomatik fəaliyyət haqqında” qanuna, həm də beynəlxalq konvensiyaların prinsiplərinə və mahiyyətinə ziddir. Deputatın sözlərinə görə, hər bir səfir öz ölkəsini Azərbaycanda layiqincə təmsil etməli, dövlətlərarası münasibətlərin yaxşı olması, hərtərəfli əlaqələrin daim inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərməlidir: “Hər bir səfir öz fəaliyyətində təmsil etdiyi dövlətin maraqlarını qorumalı, eyni zamanda diplomatik korpusun yerləşdiyi ölkənin maraqlarına da hörmət ifadə etməlidir. Bu prinsip bütün səfirlərin fəaliyyətində prioritet olmalıdır. Lakin əfsuslar olsun ki, inkişaf etmiş bəzi ölkələr bir sıra hallarda digər respublikalardakı təmsilçilərinə - səfirlərinə bu prinsipləri “unutdurur”, onlar vasitəsi ilə həmin dövlətlərin daxili işlərinə müdaxilə edirlər. Bununla onlar sanki canişin funksiyasını yerinə yetirirlər. Təəssüf ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri də eyni prinsiplə hərəkət edir. Səfir Azərbaycan siyasətində real gücləri, elektoral bazası, xalq arasında etimadı olmayan insanları bir yerə yığaraq “vahid gücə” çevirmək istəyir. Onlara təkcə məsləhət və istiqamətlər verməklə kifayətlənmir, hərəkət “çertyojlarını” cızır, həm də maliyyə ayırır. Ancaq mən bu məsələdə nikbinəm və qəti narahatlığım yoxdur. Çünki Azərbaycan müstəqil siyasət yeridən dövlətdir, heç bir xarici qüvvənin diqtəsi ilə hərəkət etmir. Azərbaycan Prezidenti yalnız xalqına arxalanaraq daxili və xarici siyasətində hər zaman milli və dövlətçilik maraqlarını üstün tutur. Azərbaycan xalqı radikal müxalifətin, ermənipərəst dairələrin əlində alət olan insanların heç bir vədinə inanmır, onların arxasınca getmək istəmir. Belə olan halda xarici qüvvələrin, o cümlədən Böyük Britaniya səfirinin çabasının da heç bir nəticə verməyəcəyinə əminəm”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev də bildirib ki, MP, REAL, NİDA, AXCP və Milli Şura kimi təşkilatlar hətta bir yerə cəm olsalar belə, onların ictimai-siyasi fikrə, Azərbaycan xalqının iradəsinə təsirləri mümkünsüzdür. Onun fikrincə, Azərbaycanda keçirilən əksər seçkilərdən qabaq adları çəkilən radikal müxalifət təşkilatları birləşib, sonra da bir-birlərinin ünvanına ən təhqiramiz ifadələr, ittihamlar işlədərək ayrılıblar: “Ölkəmizdəki diplomatik korpus ilk növbədə demokratik prinsiplərə, yerli və beynəlxalq qanunlara, xalqın iradəsinə hörmətlə yanaşmağa borcludur. Xalq da öz iradəsini ortaya qoyub, özünə Prezident seçib və bu dövlət başçısının müəyyən etdiyi siyasi kursla, daxili və xarici siyasətlə onlar da hesablaşmalıdırlar. Həmin diplomatlar xalqın mövqeyini öyrənmək istəyirlərsə, Azərbaycan Prezidenti ilə, onun rəhbərlik etdiyi dövlətin Xarici İşlər Nazirliyi ilə danışıqlar aparmalıdırlar. Bunun üçün radikal qüvvələri təşkilatlandırmağa, yönəltməyə ehtiyac yoxdur. Ona görə də Böyük Britaniya səfiri belə vəziyyətə görə diplomatik qaydada izahat verməlidir. Onun davranışında səfirin səlahiyyətlərini aşan, Azərbaycana qarşı yönələn fəaliyyət varsa, persona-non-qrata elan olunmalıdır”.

Rufik İSMAYILOV