Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Qərbdəki həmin qurumlar öz əməllərini sığortalamaq üçün bu adamları zahirən müdafiə edirlər”

Fərəc Quliyev: “Qərbdəki həmin qurumlar öz əməllərini sığortalamaq üçün bu adamları zahirən müdafiə edirlər”

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və İnsan Hüquqları üzrə Avropa komissarı Nil Mujnieks ənənəvi olaraq yenə də əsassız olaraq Azərbaycanı ittiham etməklə məşğuldurlar. Azərbaycanda baş verən hər hansı bir hadisəni şişirdərək siyasiləşdirməyə çalışan bu dairələr indi də Xədicə İsmayılovanın konkret cinayətlərə görə azadlıqdan məhrum edilməsini siyasiləşdirirlər.
Bəzi Qərb dövlətləri də onlarla bir sırada yer almaqdadır. Həmişəki kimi bəzi şəxslərin konkret cinayət əməlinə görə məhkum edilməsinə əsassız olaraq belə sərt reaksiya sərgiləyən bu kimi qurumlar və onların rəhbərləri nədənsə 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində heç bir addım atmırlar.


Millət vəkili Fərəc Quliyev qeyd etdi ki, Qərbdəki bəzi qurumlar öz çirkin əməllərinin faş olacağından ehtiyat etdiyindən, ölkəmizə qarşı qərəzçilikdən əl çəkmirlər: "Azərbaycanda heç kimi siyasi fikrinə görə təqib etmirlər. Heç bir mətbu orqana basqı yoxdur. Çoxsaylı mətbu orqan dəfələrlə dövlət tərəfindən maliyyə yardımı alıb. Çoxsaylı jurnalist dövlət tərəfindən mənzillə təmin edilib. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. İnternet qadağası yoxdur. Mətbu orqanlarda çalışanlardan birisi hansısa formada cəzalanırsa, bu, fəaliyyətə görə deyil, deməli, onun fərdi olaraq gördüyü bir iş vardır. Heç kim qanundan kənar davranış üçün təminat almayıb. Heç kim qanunlardan yan keçə bilməz. Heç kimin heç bir statusu ona imkan vermir ki, qanunları tapdalasın. Cinayət törədən hər kəs ona görə cavab verməlidir. Xədicə İsmayılova da əməlinə görə ittiham olunub. Hamı qanun qarşısında bərabərdirsə, kiminsə statusuna, tutduğu mövqeyə görə ona güzəşt edilə bilməz. Əslində, bir çox Qərb ölkələri burada onların iradəsini həyata keçirmək istiqamətində fəaliyyət göstərən adamları ona görə müdafiə edir ki, onlar araşdırmalar qarşısında dayananda sonuc olaraq həmin təsisat və dövlətlərin də əsl siması açılır. Məlum olur ki, onlar Azərbaycana arxadan hansısa zərbəni vurmaq istəyiblər. Əslində, Qərbdəki həmin qurumlar həbs edilən həmin adamları deyil, öz əməllərini sığortalamaq üçün bu adamları zahirən müdafiə edirlər. Lakin onun əsasında öz əməllərini müdafiə etmək mədsədi dayanır”.


Rüfət NADİROĞLU