Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: “Ermənistan iflasa məhkumdur” AÇIQLAMA

Fərəc Quliyev: “Ermənistan iflasa məhkumdur” AÇIQLAMA

“Ermənistan işğalçı və parazit dövlətdir. Himayədarlarının köməyi olmadan kiçik problemləri belə həll edə bilmir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib. O qeyd edib ki, ATƏT-in Minsk qrupunda olmasına baxmayaraq, Rusiyanın Ermənistana həm hərbi, həm də qida yardımı göstərməsi Azərbaycanla münasibətlərə mənfi təsir edir. Rusiyanın bu addımı müsbət qəbul edilmir: “Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan ərazilərinin indiyə qədər işğalda saxlanmasının səbəbləri də məlumdur. Rusiya ATƏT-in Minsk qrupunda olmasına baxmayaraq, bitərəfliyi saxlamır. Bu, Rusiya- Azərbaycan əməkdaşlığına ciddi şəkildə təsir edir. Azərbaycan Rusiya ilə yaxşı qonşuluq siyasəti yürüdür. Biz Rusiyanı qonşu dövlət kimi bütün məsələlərdə dəstəkləməkdə maraqlıyıq. Amma Rusiyanın bu gün bu cür addım atması təbii ki, Azərbaycan üçün normal sayıla bilməz. Azərbaycan ərazisini işğal edən bir dövlət danışıqlarda bitərəf mövqe tutan, vasitəçilik edən Rusiya tərəfindən əgər bu gün dəstəklənirsə, biz təbii ki, buna etiraz edirik”.

Fərəc Quliyev onu da qeyd etdi ki, Rusiyanın Ermənistana dəstək verməsi heç bir dəyişikliyə gətirib çıxarmayacaq. Onsuzda qonşuları ilə problemli siyasət yürüdən və iqtisadi tənəzzül keçirən Rusiyanın iflasa məhkum Ermənistana dəstək verməsi dünya ölkələri tərəfindən də müsbət qəbul edilmir: “Hesab etmirəm ki, Rusiyanın bu cəhdlərinin bir əhəmiyyəti var. Azərbaycan Ermənistandan qat- qat güclüdür. Bu gün Azərbaycandakı vəziyyət nəinki Ermənistandan, hətta Rusiyadan da yaxşıdır. Rusiya bu gün sanksiyalara məruz qalan, çabalayan ölkə vəziyyətinə düşüb. Onun valyutasının iqtisadiyyatının düşdüyü vəziyyət göz önündədir. Bütün dünya ilə qarşı –qarşıyadır, Ukrayna ilə siyasətində ciddi səhvə yol verib, bütün qonşuları ilə pis münasibətdədir. Gürcüstanın ərazilərini işğal edib və hazırda bərbad vəziyyətdədir. Rusiya bu gün özünə gün ağlaya bilməyən ölkədir. İqtisadiyyatı çökmüş bir ölkənin Ermənistana yardım etməsi də heç bir şeyi dəyişməyəcək. Biz əməl olaraq bu niyyəti pisləyirik. Bu yardımları Ermənistanı düşdüyü vəziyyətdən çıxarda bilməz. Ermənistan iflasa məhkum dövlətdir. Rusiya isə apardığı siyasətə görə, ya islah olunacaq, ya da dünyanın təpkisi qarşısında çox pis vəziyyətə düşəcək. Ermənistan gələcəkdə baş verəcək döyüşdə Azərbaycan qarşısında bir gün belə olsun tab gətirə bilməyəcək. Belə yardımlar da onu vəziyyətdən çıxarda bilməyəcək”.

Orxan Faiqov