Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc bəyin 16 mart 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞI

Fərəc bəyin 16 mart 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞI
Hörmətli millıət vəkilləri, hörmətli hökumət üzvləri!

2010-cu il dünya iqtisadi tarixinə böhrandan sonrakı il kimi düşdü. Ölkələr, beynəlxalq təşkilatlar böhranın təsirlərini aradan qaldırmaq istiqamətində tədbirlər həyata keçirdilər,kimisi müəyyən nailiyyətlər qazandı, kimisi, əksinə, daha da gerilədi. Bir çox ölkələrdə, iqtisadiyyatda fisqal dəstək imkanları məhdudlaşmış, makroiqtisadi tarazsızlıq maliyə bazalarında yüksək dəyişkənliyə səbəb olmuşdur.

2010-cu ildə ölkə iqtisadiyyatında, xüsusilə də sosial həyatda ciddi gərginlik hökm sürdü. Qlobal resessiyanın təsirinin qarşısını almaq məqsədi ilə xarici və daxili sarsıntıların mənfi nəticələrinin aradan qaldırılmasına təminat verən makroiqtisadi siyasət tədbirlərini həyata keçirmək vacib idi. Bu imkanların yaradılması daxili və xarici tələbat arasında davamlı tarazlığa nail olmaqdan keçir. Dünya iqtisadiyyatını bürüyən resessiya prosesinin ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək məqsədilə ölkə prezidenti İlham Əliyev iqtisadi siyasətdə antiböhran tədbirləri sistemi müəyyənləşdirmişdir. Lakin bəzi nazirliklərin işini müsbət qiymətləndirməklə yanaşı hökümət çox ləng, bacarıqsız davranmışdır. Halbuki göstərilən istiqamətləri həyata keçirmək üçün hökumət peşəkarlıq, çeviklik və siyasi iradə göstərsə idi Azərbaycanda fərqli mənzərə olardı.

Hökumətin 2010-cu ildəki fəaliyyıti haqda Milli Məclisdə verdiyi hesabat sistemli mahiyyət daşımır. Digər tərəfdən, hesabat ayrı-ayrı dövlət strukturlarının fəaliyyətnə dair məlumatların toplusuna bənzəyir. Hökumətin 2010-cu ildəki fəaliyyəti ilə bağlı 508 səhifəlik hesabata ehtiyac yox idi. Bunu azaldıb daha konkret faktlarla hazırlamaq, problemlər və onların həlli istiqamətində hökumətin fəaliyyəti barədə məlumat vermək lazım idi. Konstitusiyaya görə Nazirlər Kabinetinin səlahiyyətləri konkret göstərilmiş və fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Hökumət bu istiqamətlər üzrə hesabat verməli, məsələlər sistemləşdirilməli və ümumiləşdirilməli idi.

Nazirlər Kabinetinin əsas vəzifələrindən biri ünvanlı proqramların həyata keçirilməsidir. Bunların hər biri barədə ayrıca hesabat verilməlidir. Əslində hökumətin hesabatının mahiyyəti qəbul edilən proqramların icra vəziyyət olmalı idi.

Təqdim edilən hesabatda büdcədən ayrılan investisiya layihələrinin siyahısı açıqlanmayıb. Ona görə də büdcənin şəffaflığı ilə əlaqədar müəyyən problemlər vardır.

2010-cu ildə də işsizlik ciddi problem olaraq qaldı. İşsizliyin yüksək səviyyəsi həm makroiqtisadi baxımdan, həm də onun sosial sahədə mənfi fəsadları səbəbindən ciddi problem olaraq qalır. Müvəqqəti hal olan işsizlik struktur işsizlik formasına keçmə riski daşıyır. İşsizlik problemi bu il də həllini tapmadı. 53 mini daimi olmaqla 70 min iş yerinin açıldığı göstərilsə də konkret olaraq hansı sahələr üzrə nə qədər iş yerinin açaldığı və həmin iş yerlərinin nə qədərinin daimi, nə qədərinin isə mövsümü xarakterli olması qeyd edilmir. Bundan başqa hesabatda bağlanan iş yerlərindən, sahibkarlara törədilən süni maneələrdən, saxta sənədlərlə işləməyə məcbur edilən iş adamlarının düşdüyü vəziyyətdən, xaricdən gətirilən mallara inhisarçılar tərərfindən nəzarət edilməsindən, qeyri qanuni vergilərin toplanmasından bir kəlmə söz açılmır.

Hesabatda Korrupsiya barədə yalnız qanunvericilik xarakterli məsələlərin qəbul edilməsi göstərilir. 2010-cu ildə Ölkədə korrupsiyanın dövlət idarələri və hökumət səviyyəsində təşkil olunaraq ifrat dərəcəyə çatması prosesi getmişdir. Hesabatda bu barədə də hansısa ciddi araşdırma yoxdur. Korrupsiya ilə mübarizə sahəsində hökumətin fəaliyyəti daha çox formal xarakter daşımışdır. Məhz bu səbəbdən də 2011-ci ilin yanvar ayında prezident korrupsiya ilə mübarızə sahəsində daha ciddi qərarlar vermiş və bir sıra vacib addımlar atmışdır. Buna qədər hökumət rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu işdə ictimai nəzarətin artırılması, inhisarçı mövqeydən sui-istifadə, kartel sazişləri vasitəsilə bazarların bölüşdürülməsi və suni qiymət artımına qarşı tədbirlərlə bağlı heç bir iş görməmişdir.

Azərbaycanın dövlət büdcəsinin 51.9%-i məhz neftdən formalaşdığı üçün Neft Fondunun xərclərinə Hökumətin nəzarəti demək olar ki, yox dərəcəsindədir. Bildiyimiz kimi Neft Fondunun vasaitləri hesabına hazırda bir neçə layihənin maliyyələşməsini həyata keçirilir. Fonddan maliyyələşən layihələrin səmərəliliyi, əhəmiyyəti nə dərəcədədir və nəhayət, vəsaitlərin xərclənməsində şəffaflığa nə dərəcədə əməl edilir? Hökumıətin hesabatında bu məsələlər öz əksini tapmamışdır.

Neft Fondu vəsaitlərinin böyük bir hissəsi hər il dövlət büdcəsi vasitəsilə xərclənir. 2010-cu ildə fonddan büdcəyə 5,9 milyard manatdan artıq transfert olunmuşdur. Azərbaycanda Neft Fondundan birbaşa layihələrin maliyyə-ləşdirilməsi təcrübəsi də var. Dövlət büdcəsindən ayrılan vəsaitlərə dövlət xəzinədarlığı vasitəsilə Maliyyə Nazirliyi nəzarəti həyata keçirir, bundan əlavə, Hesablama Palatası nəzarət edə bilir. Amma təəssüf ki, Neft Fonduna daxili nəzarət mövcud deyil. İndiyə kimi Hesablama Palatası tərəfindən fonddan birbaşa maliyyələşən layihələrin icrasına nəzarət aparılmayıb. Təbii ki, bu da şəffaflıqla bağlı ciddi bir problemlər yaradır.

İndiyəcən fonddan birbaşa maliyyələşən layihələr içərisində ən böyüyü Oğuz-Qəbələ-Bakı su kəməri layihəsidir. 2010-cu ilin sonuna kimi Bu layihəyə 747 milyon manata qədər vəsait ayrılmışdır. Layihənin ümumi dəyərinin 780.4 milyon manat təşkil edəcəyi göstərilir. Bu rəqəm layihənin icrasına başlananda elan olunmuş dəyərindən demək olar ki, iki dəfə çoxdur. Bu isə layihənin həyata keçirilməsi zamanı xərclərin süni şişirdilməsi ilə bağlıdır.

Neft Fondundan birbaşa maliyyələşən digər böyük bir layihə “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması” layihəsidir. Bu layihəyə 2009-cu ilin sonunacan 364,5 milyon manat xərclənib. Fondun 2010-cu il büdcəsində daha 131 milyon manat vəsait ayrılmışdır. Hələ bu ildə 100 milyon manatdan artıq məbləğ ayrılmışdır. İndiyəcən heç bir hökumət qurumu tərəfindən bu layihədə işlərin gedişi ilə bağlı hesabat təqdim edilməyib”.

Neft Fonddan maliyyələşən böyük layihələrdən biri “Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsi xərcləri”dir. Bu istiqamətdə 2010-cu ildə 105 milyon manatdan artıq vəsait ayrılmışdır. Bundan əlavə prezidentin ehtiyat fondundandan da xeyli miqdarda vəsait ayrılır. Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli istiqamətində görülən işlərlə bağlı zaman-zaman mətbuatda da mənfi rəylər açıqlanıb. Həm QHT, həm mətbuat araşdırmaları burada çox ciddi mənimsəmələrə yol verildiyini, xərclərin şişirdildiyini göstərir.

Neft Fondundan maliyyələşən layihələrə parlamentin, həmçinin vətəndaş cəmiyyətlərinin ictimai nəzarət imkanları yoxdur. Neft Fondunun özünün idarə edilməsi və fondun ictimaiyyətə açıqlamalı olduğu hesabatların şəfafflığı məsələsi çox ciddidir. Bildiyiniz kimi, fond Azərbaycanda yalnız prezident qarşısında hesabat verir. Fondun Müşahidə Şurasında ictimaiyyətin heç bir nümayəndəsi yoxdur, şura bütövlükdə icra strukturlarının rəhbərlərindən ibarətdir. Qurum heç parlamentə də hesabat vermir. İkinci bir məsələ isə Neft Fondundan layihələrə birbaşa maliyyənin ayrılmasıdır ki, bayaq dediyimiz kimi, bu maliyyənin hərəkəti, onun istifadəsi üzərində nəzarət funksiyası olmadığından qurumun bu imkanları məhdudlaşdırılmalıdır. Dövlət Neft Fondunun investisiya portfelinin ümumi gəlirliliyi 2010-cu ildə 1% təşkil etmişdir. Buna görə də DNF valyuta ehtiyatlarının borc öhtəliklərinə investisiya olunmasına yenidən baxmalıdır. Vergi bazasının genişləndirilməsi, vergilərdən yayınma hallarının qarşısının alınması və azaldılması yolu ilə vergi daxilolmalarının həcminin artırılması nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azaldılmalıdır.

2010-cu ildə büdcənin ən azı 55 faizə qədəri birbaşa neftdən daxil olan vəasitlərdən asılı olub. İxracatda xam neft 86,53%, neft məhsulları isə 6,02% olmuşdur. Neft məhsullarını yarım fabrikant və ya son məhsul şəkilində ixrac etmək haqda düşünmək lazımdır. ÜDM-nın 48,5%-i neft-qaz istehsalı və emalı sahələrinin, 7,1%-i isə məhsul və idxala xalis verginin payına düşür. Birbaşa investisiyalar 43,8% təşkil edib, bunun da 81,8%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib. Bu çox ciddi göstəricidir və belə bir vəziyyət həm də Azərbaycan iqtisadiyyatında neftdənkənar potensialdan həddən artıq zəif istifadə olmasına sübutdur. Bu baxımdan qeyri neft sektorunun inkişafı, idxaldan asılılığın azaldılması, gündəlik təlabat malları ilə özünü təmin etmə ölkənin ixrac qabiliyətinin şaxələndirilməsi, yerli resurs və xam mallarla işləyən və ixrac qabiliyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması vacibliyi ortaya çıxır. Qeyri-neft sektorunda böyük potensiaya malik olan aqrar sektorun inkişafına xüsusi diqqət lazımdır.

2010-cu ildə iqtisadiyyatda xüsusilə hökumətin strukturu, idarə etmə prinsipləri ilə bağlı, əsasən təhsil və səhiyyə sistemində əks mərkəzləşmə, eyni zamanda büdcə xərclərinin səmərəliliyinin, hökumət strukturlarının hesabatlılığının artırılması istiqamətində ciddi islahatlara ehtiyac olmasına baxmayaraq, buna gedilmədi.

2010-cu ildə inflyasiya ölkə üçün ciddi problem olaraq qaldı. Xüsusilə ərzaq inflyasiyası hökumətin elan etdiyi 7,2 faizlik həddən yüksək oldu. Çünki ölkədə insanların ən azı 2/3-sinin aylıq gəlirinin 75-80 faizi bilavasitə ərzaq alınmasına yönəldi.

2010-cu ildə özəlləşdirmənin tempi xeyli zəiflədi və özəlləşdirmədən daxil olan vəsaitlərin azalması müşahidə edildi. Yəni faktiki olaraq iqtisadiyyatın özəlləşdirmə ilə bağlı problemləri bu il daha çox hiss olundu. Eyni zamanda özəlləşmə zamanı dövlətin vətəndaşlara verdiyi güzəştli qiymət siyasətindən suistifadə halları daha da artmışdır. Belə ki, özəlləşmə və daşınmaz əmlakın dövlət reyesterinin aparılması zamanı bu quruma məsul orqan və vəzifəli şəxslər vətəndaşları süründürməklə və soyğunçuluqla məşğul olmuşdur. Normativ qiymətlərdən 10, 20 hətta 100 dəfə artıq vəsaitlər tələb edilmişdir. Ölkədə aparılan özəlləşdirməyə nəzarəti həyata keçirən Hökumət Komissiyası 2010-cu ildə bir dəfə də olsun toplaşmamış və bu sahədə görülən işləri yaxud faktları ictimaiyyətə təqdim etməmişdir.

2010-cu ildə də ölkəmizin adı korrupsiya, rüşvət kimi siyahılarda öncül yerlərdə oldu. Ötən il də əhalinin sosial vəziyyətinin yüngülləşdirilməsi baxımından ciddi dəyişikliklər baş vermədi.

“İqtisadi forum” jurnalının məlumatına görə, Heriteiq Fondu (Heritage Fonation) 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini (Index of Economic Freedom) açıqlayıb. Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 92-ci yeri tutub və əsasən qeyri-azad ölkələr kateqoriyasına daxil edilib. Fondun hesabatına görə, Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə 100 mümkün baldan 59,7-ni toplayaraq 92-ci yerə keçmişdir. Azərbaycan topladığı balın həcminə görə, əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də əsasən qeyri-azad ölkələr qrupuna daxil edilib.

Iqtisadi Azadlıq İndeksi 10 komponent əsasında tərtib edilib. Bu komponentlərə - biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azadolma və əmək azadlıqları daxildir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda 100 ballıq şkala ilə qiymətləndirilib.

Azərbaycan əmək azadlığı (81,1 bal), fiskal azadlıq (83,9 bal), hökumətin xərcləri (71,0 bal), biznes azadlığı (72,9 bal), ticarət azadlığı (77,1 bal) komponentləri üzrə yüksək bal toplayıb. Bundan başqa monetar azadlığı üzrə 72,6, investisiya azadlığı üzrə 55, maliyyə azadlığı üzrə isə 40 bal qazanıb. Ən aşağı göstərici əvvəlki illərdə olduğu kimi mülkiyyət hüquqları (20 bal) və korrupsiyadan azadolma (23 bal) səviyyəsində müşahidə edilib.

2010-cu ildə də hələ də sovet dövründə əhalinin banklara yatırılmış əmanətlərinin geri qaytarılması ilə bağlı heç bir addım atılmadı. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Bu o deməkdir ki hər beş vətəndaşdan birinin əmanəti bankda batıb qalmışdır. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib. Heç olmasa hökumət yaşlı qrupa daxil olan vətəndaşların pulunun qaytarılması ilə bağlı müəyyən addımları ata bilərdi. Təəssüf ki bu sahədə biz heç bir hərəkət müşahidə etmədik. Hökumət 2010-cu ildə pensiaların baza hissəsini yaşayış minimumuna belə çatdıra bilmədi. Amma ehtiyac meyarı yaşayış minimumuna çatdırılmalıdır. Yaşayış minimumu 2009-cu ilə nisbətdə 10,3% bahalaşmışdır. Hətda nəzərə alsaq ki, neft fonduna karbohidrogenlərin satışından nəzərdə tutulmuş gəlirdən 48,1% artıq gəlir daxil olmuşdur. DNF-nun 2010-cu il büdcəsini gəlir maddəsi formalaşdırılarkən xam neftin 1 barelinin ixrac qiyməti icmal büdcəsi nəzərdə tutmadığı qədər -60 ABŞ dollar götürülmüşdür. Halbuki hesabat ilində orta satış qiyməti 77,6 ABŞ dolları təşkil etmişdir.

2010-cu ildə Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi yeganə ölkələrdən biri olaraq qaldı. “Gəlirlərin deklarasiya haqqında” qanunun qəbul edilməməsi ölkədə korrupsiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır. Qeyri-rəsmi yolla əldə edilən vəsaitlər deklarasiya edilmədiyindən sonradan asanlıqla dövriyyəyə daxil olur. Dəyəri şişirdilmiş bəzi dövlət layihələrinə ayrılan vəsaitlərin bir qismi sonradan qeyri-rəsmi yollarla pul dövriyyəsinə daxil olmuşdur. Bundan başqa gəlirlərin deklarasiya edilməməsi çirkli pulların izlənməsini çətinləşdirmişdir. Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası ilə bağlı qanun qəbul edilsə də, onun icrası təşkil edilməmişdir. Məmurların deklarasiya təqdim etməməsinin əsas səbəbi isə onların bir qisminin müxtəlif biznes strukturlarının himayə etməsi və ya birbaşa bu işə cəlb edilməsidir. Buna görə də məmurların əksəriyyətinin malik olduqları sərvətin və ya əmlakın dəyəri onların aldıqları əmək haqqı ilə mütənasib deyil. 2010-cu ildə əmək haqlarının azlığı vətəndaşları rüşvətə sürüklənməsinin əsas səbələrindən biri olmuşdur.

2010-cu ildə azad rəqabət mühitinin olmaması və inhisarçılıq korrupsiyaya yol açan əsas amillərdən biri olmuşdur. Məhz bunun nəticəsində korrupsiya artıq sistem halına çevrilmişdir. Bir çox dövlət orqanlarını korrupsiyasız təsəvvür etmək mümkün deyildir. Elə struktur islahatlarının aparılmaması ucbatından bürokratik əngəllərin şişməsi, idarələrdə korrupsiya inkanlarının genişlənməsinə gətirib çıxarmışdır.

2010-cu ildə tenderlərin keçirilməsində və satınalmaların tətbiqində də şəffaflıq təmin edilməmiş, korrupsiya halları davam etmişdir. İstər böyük layihələrin həyata keçirilməsində, istərsədə dövlət satilalmalarında elanların verilməsi formal xarakter daşımış, həmin layihələr məmurlara yaxın şirkət və şəxslərə həvalə edilmişdir.


2010-cu ildə ölkədə inhisarçılıq ən yüksək həddə çatmışdır. Demək olar ki, iqtisadiyyatın bütün sahələrində inhisarçılıq mövcud olmuşdur. Antiinhisar faəliyyəti ilə məşğuil olan nazirlik daha çox inhisarın müdafiəçisi kimi çıxış etmişdir.

2010-cu ildə Azərbaycan iqtisadiyyatında ən acınacaqlı vəziyyət kənd təsərrüfatında olub. 2010-cu ildə bu sahədə 2,2 faiz, o cümlədən də bitkiçilikdə 9 faizlik azalma olmuşdur. Bu təkcə təbii fəlakətlə bağlı deyil. Təkcə onu qeyd etmək kifayətdir ki, bütün investisyaların cəmi 4,6%-i kənd təsərüfatına yönəldilib. Kənd təsərrüfatına yönəldilən vəsait, həmin sahənin investisya tələbatından qat-qat azdır. Kənd təsərrüfatına ayrılan subsidiyaların ünvanına çatdırılması qüsurludur və bu subsidiya mexanizmi təkminləşdirilməlidir. Kənd təsərrüfatı mallarının emalı müəssisələri artırılmalıdır. Keçən il taxıl istehsalında tənəzzül baş vermişdir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün ciddi addımlar atılmamışdır. Həmçinin istifadədə olmayan torpaqların istifadəyə cəlb edilməsi üçün əlavə tədbirlər görülməmişdir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən infrastruktur, təchizat məsələləri həll oluna bilərdi və Hökumət maliyyə imkanlarından istifadə edib, böyük taxılçılıq təsərrüfatlarının yaradılması üçün maliyyə dəstəyini də göstərə bilərdi. Təssüf ki dünyada baş verən ərzaq çatışmamşzlığı problemi Azərbaycandadan da yan keçməmişdir. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bir sıra ərzaq məhsullarının daxili istehsalının artırılması və idxaldan asıllığın minimuma endirilməsi, iri fermer təsərüfatlarının yaradılması, istifadə olunmayan torpaqların əkin dövriyəsinə cəlb edilməsi, kənd təsərüfatının inkişafının sitimullaşdırılmasında maliyyə-kredit resurslardan məqsədyönlü istifadə edilməsi, yığılmış məhsulların saxlanması üçün soyuducu anbarların və başqa infrastruktur obyektlərinin tikintisi lazımı səviyyədə olmamışdır.

Kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı Azərbaycanda 2 formada monopoliya mövcud olmuşdur. Onlardan birincisi kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ilə bağlı xarici ticarətdə tətbiq edilən manapoliyadır. Hansı ki, bu inhisar kənd təsərrüfatı məhsullarını ölkəyə gətirən şirkətlərin sayının azalmasına, yəni ixracla məşğul olan şirkətlərin qeyri-rəsmi siyahılarının tətbiqinə gətirib çıxarmışdır. Sirr deyil ki, bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarını ölkəyə gətirən zaman qeyri-rəsmi icazələr alınmalıdır.

Digər inhisar yerlərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının bazarlara daxil olması zamanı yaradılan inhisarçı əngəllərdir. Əksər məhsul istehsalçıları məhsullarını paytaxtın istehlak bazarlarında birbaşa satmaq imkanına malik deyillər. Onlar istehsal etdikləri məhsulları aşağı qiymətə bazarda inhisarçı mövqeyə malik şəxslərə təhvil verirlər. Nəticədə həmin məhsullar inhisarçılar tərəfindən daha yüksək qiymətə alıcılara təklif edilmişdir.

Daha bir məsələ vergilərlə bağlıdır. Baxmayaraq ki, hökumət Ümumi Daxili Məhsulun nominal artımının olduğunu bəyan edir, amma vergilərin strukturuna baxanda görürük ki, ötən illə müqayisədə vergi daxilolmalarında olan artım heç də sahibkarlıq subyektlərində baş verən işgüzar fəallıqla bağlı deyil. Yəni mənfəət vergisinin, fiziki şəxslərin gəlir vergisinin artması ilə bağlı deyil. Hökumət vergi daxilolmalarının strukturunu açıqlamır, amma belə olan halda düşünmək olar ki, artım Əlavə Dəyər Vergisinin artımı ilə bağlıdır. Məlumdur ki, ƏDV dövriyyə ilə bağlı olan vergidir, Bu isə o deməkdir ki 2010-cu ildə ƏDV-nin artımı qiymət artımından qidalanmışdır. Dövlətin ədalətli vergi siyasətini həyata keçirməli olan Vergilər Nazirliyi və onun məsul şəxsləri vergilər toplanması ilə deyil, daha çox iş adamlarının “dərisinin soyulması” və müflisləşdirilməsi ilə məşğul olmaqda davam etmişdir. Srtuktur islahatı adı ilə yaradılmış Vergi Auditi Departamenti bütün iş adamlarını idarəyə dəvət edərək onlardan qeyri-rəsmi ödənişlər tələb etmiş və bir çox hallarda buna nail olmuşlar. Onların tələbi ilə razılaşmayan iş adamlarına və şirkətlərə qanunsuz olaraq cərimələr tətbiq etmiş, yoxlamaların müddətini əsassız olaraq uzatmış, bəzən bir neçə yoxlama növünü (kameral, xronometraj, bazar qiymətlərinin tətbiqi və sair) tətbiq edərək, iş adamlarını bezdirməklə istədikilərinə nail olmağa çalışmışlar.Sahibkarlığa yardım proqramlarında özəl sektorun daxili təlabatı ödəmək istiqamətindən savayı ixrac yönümlü yarımfabrikant və son məhsul istehsaləna dəstək nəzərdə tutulmamışdır.Kiçik və orta sahibkarlığın dəstəklənməsi, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin qarşısının alınması, qiymətlərin süni şəkildə şişirdilməsinə qarşı mübarizə aparılmamış, bizneslə məşğul olmaq istəyən şəxslərin qarşılaşdığı bürokratik maneələr, iş adamıarının fəaliyyətinə əsasız müdaxilələr aradan qaldırılmamışdır. Biznes mühitinin əlverişliliyinin artırılması, xarici və yerli investisyaların cəlb edilməsi, özəl müəssələrin fəaliyətinə dəstək verilməsi vacib məsələlərdir. Belə mühit yaradılarsa 2010-cu ildə 509 milyon dəyərində idxal olunmuş malın əksəriyyəti ölkədə istehsal oluna bilər. İxrac əməliyyatlarında özəl sektorun payı 4,71% olub. İdxal əməliyyatlarında isə özəl sektorun payı 65,8% olub. Göründüyü kimi özəl sektora istehsal mühiti yaradılmayıb.

2010-cu ildə İçəri şəhərdə və başqa yerlərdə tikinti aparılması nəzərdə tutulan yerlərdən əhalinin köçürülməsində çox ciddi qanunsuzluqlar və haqsızlıqlar baş vermişdir. Bu yerlərdən köçürülən vətəndaşlara mənzillərinə görə təklif olunan qiymətlər bazara qətiyyən uyğun olmamış, yaxud köçmək üçün təklif olunan ərazilər adekvat seçilməmişdir.

Qanunvericiliyin tələblərinə görə vətəndaşın evinin, mənzilinin sökülməsi ancaq dövlət ehtiyacları naminə ola bilər. Hansısa şirkətin ev söküntüsü aparmağa ixtiyarı yoxdur.Hətta qanunvericilikdə mövcud olan “İctimai maraqlar” ifadəsi də çıxarılmışdır. Bu,yalnız kommunikasiya xətlərinin çəkilməsi və təhlükəsizlik nöqteyi-nəzərindən ola bilər. Problemin kökündə dayanan ən ciddi məsələ yenə də qeyri-peşəkarlıq və korrupsiya amilidir. Sonda qeyd etməliyəm ki, ölkəmiz üçün ən vacib məsələlərdən olan Qarabağ problemi haqda hökumətin fəaliyyəti hesabatda öz əksini tapmamışdır. Təkcə bu özlüyündə hesabata etimadsızlıq göstərilməsi üçün kifayətdir. Qarabağ məsələsi haqda özünün təklifləri, strategiyası və bu məsələdə hesabat verməyə sözü olmayan Hökumətin Azərbaycan kimi müharibə aparan bir dövlətdə hökumətlik etmək haqqı yoxdur. Fikrimcə güc nazirlikləri, FHN, XİN-in iştirakı ilə Qarabağ problemi ilə bağlı qapalı da olsa Milli Məclisdə ayrıca dinləmə olmalıdır.

Hörmətli millıət vəkilləri.

Vaxtın azlığını nəzərə alaraq çıxışıma yekun vurmaq istəyirəm. Hökumətin 2010-cu ildəki fəaliyyətini qeyri qənaətbəxş hesab edirəm. Fikrimcə Hökumətdə təcili olaraq struktur islahatları aparılmalı, paralellik daşıyan strukturlar birləşdirilməli, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqqları artırılmalı, şəffaflığın təmin edilməsi üçün zəruri qərarlar qəbul edilməli və ilk növbədə siyasi iradə nümayiş etdirilməlidir.
Diqqətinizə görə təşəkkür edirəm.