Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

ABŞ məsələyə aydınlıq gətirməlidir

ABŞ məsələyə aydınlıq gətirməlidir

Fərəc Quliyev: “Əgər bu dövlətin nəzarətindən kənarda olan, dövlət siyasətinə dəxli olmayan bir hadisədirsə dərhal münasibət bildirsinlər və Con Kerri haqqında ölçü götürülsün”

“Azərbaycanın inkişafı və regionda möhkəmlənməsi Birləşmiş Ştatları qıcıqlandırmalı deyil”


Azərbaycana qarşı qarayaxma kampaniyasına Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin ofisinin də qoşulması barədə məlumatlar artlq bir neçə gündür ki, ictimai müzakirələrə səbəb olsa da, lakin təəssüflər olsun ki, bu məsələ ilə əlaqədar hələlik okeanın o tayından heç bir reaksiya verilmir. Maraqlıdır ki, Con Kerrinin ofisi yayılan məlumatları nə təsdiq, nə də təkzib edir. Mövcud vəziyyətdə müşahidə edilən susqunluq Kerri ilə bağlı irəli sürülən iddiaların doğruluğundan xəbər verir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili hesab edir ki, Birləşmiş Ştatlar araşdırma materialları əsasında ortaya çıxan məlumatlara aydınlıq gətirməlidir: “Yaxşı olardı ki, Birləşmiş Ştatlar bu məsələyə aydınlıq gətirsin. Əgər bu dövlətin nəzarətindən kənarda olan, dövlət siyasətinə dəxli olmayan bir hadisədirsə dərhal münasibət bildirsinlər və Con Kerri haqqında ölçü götürülsün. Əks halda dövlət siyasətidirsə o halda bu ikiüzlülüyə aydınlıq gətirilsin. Çünki Azərbaycan Birləşmiş Ştatlarla münasibətlərdə strateji tərəfdaş kimi həmişə özünü doğruldub. İstər terrorizmə qarşı birgə mübarizə, istər nüvə silahının komponentlərinin qarşısının alınması, istərsə də enerji təhlükəsizliyi və s. məsələlər olsun, Azərbaycan hər zaman etibarlı və strateji tərəfdaş kimi özünü sübut edib. Əgər bu məsələyə aydınlıq gətirilməsə o halda ikitərəfli münasibətlərə ciddi şəkildə kölgə salınması qaçılmaz olar. Artıq bu bizim iradəmizə bağlı olan məsələ deyil”. Millət vəkili deyir ki, Azərbaycan güclənən dövlətdir və heç bir super güc yeni güclərin onun orbitindən kənarda mövcud olmasını istəmir. Fərəc Quliyev hesab edir ki, bu da başadüşüləndir: “Onlar istəyirlər ki, ya həmin güclər olmasın, ya da onların orbitində olsun. Azərbaycanın müstəqil siyasət yürütməsi, blok siyasətlərində iştirak etməməsi bəzi dövlətlərin ona təzyiqləri, pressinqlərinə səbəb olur. Onlar istəyirlər ki, ölkəni ya birmənalı şəkildə öz mənafelərinə tabe etdirsinlər, ya da bölgədə tamamilə yeni bir lider yaratsınlar. Çünki Azərbaycan Cənubi Qafqazda artıq hər kəsin qəbul etmək məcburiyyətində qaldığı lider dövlətdir. Eyni zamanda Avropanın enerji təchizatında əvəzedilməz rolu var. Bura mədəniyyətlərin, etnosların qovuşduğu bir bölgədir. Bunu hər kəs bilir”. Fərəc Quliyev bildirib ki, Azərbaycanın inkişafı və regionda möhkəmlənməsi Birləşmiş Ştatları qıcıqlandırmalı deyil: “Çünki Ermənistandan fərqli olaraq Azərbaycan yeni dünya düzəni quran sistemin yanındadır. Azərbaycan mütərəqqi ideyaları üstün tutan, tolerant bir ölkədir. Ermənistan fərqli olaraq Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer almır. Azərbaycan monoetnik ölkə deyil, burada bütün dinlərə qarşı hörmət hissi mövcuddur. Bizdə ABŞ dövlət katibi Con Kerri və başqalarının erməni diasporu və Azərbaycanın düşməni olan dövlətlərin cibinin məhsuluna çevrildiyi, pulla ələ alındığı kimi təəssürat yaranır. Əgər bu belədirsə o, cəzalandırılmalı, dövlət siyasətidirsə buna aydınlıq gətirilməlidir. Biz bütün hallarda bu məsələni ciddi şəkildə qınayırıq”. Partiya sədri antiAzərbaycan qüvvələrə daxildəki bəzi dairələrin dəstək nümayiş etdirməsini də kəskin şəkildə qınayıb: “Sənəddə əsas element ondan ibarətdir ki, Azərbaycanda istənilən təhdid və pozuculuq faktorlarında ölkə daxilində olan qüvvələrə istinad olunur. Yəni onlardan istifadə nəzərdə utulur. Bir başqa dövlətin bizim bölgədə mənafe axtarışında olmasını bəlkə də normal qəbul etmək olar. Ancaq belə dövlətlərin əlində alət olmasını heç bir halda normal qəbul etmək olmaz. Bu kimi məsələlərə nəinki ictimai qınaq olmalıdır, eyni zamanda bu cür planların həyata keçirilməsinə alət olan, razılıq verən istənilən təşkilat, vətəndaş dərhal qanun qarşısında cavab verməlidir. Özü də ən ağır şəkildə cavab verməlidir. Hətta belə insanların Azərbaycan vətəndaşı olmağa belə haqqı yoxdur və onlar ölkədən belə çıxarılmalıdır. Çünki öncə Vətən prinsipi, bizi birləşdirən vətənçilik məsələləri var. Hər kəs öz mənafeyini Vətənin, ölkəmizin xoşbəxtliyində axtarmalıdır. Başqa dövlətlərin burdakı mənafeləri içərisində xoşbəxtlik axtaranlar həmin dövlətlərə mühacirət edə bilərlər. Bu ölkədən çıxıb getməlidirlər. Mən belə təşkilatlar və adamlara qarşı yumşaq davranışların tamamilə əleyhinəyəm. Əgər ölkənin mütərəqqiliyini, inkişafını, təhdidlərdən yaxa qurtarmağı istəyiriksə, daxilimizdə gizli minaların olmasını istəmiriksə, belə adamlar ictimaiyyət arasında qınanmalıdır. Bu yalnız dövlət orqanlarının, hakimiyyətin işi deyil. Düşünürəm ki, belə insanlar və təşkilatlar hər kəs tərəfindən ictimai qınağa məruz qalmalıdırlar. Dövlətin müvafiq strukturları isə belələrinə qarşı Vətənə xəyanət maddəsi ilə ittiham qaldırmalı, onlara heç bir güzəşt edilməməlidir”.
Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı yönələn təhdidlər heç bir halda ölkəmizi öz doğru yolundan döndərə bilməz: “Düşünmürəm ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrə nəyəsə nail olsunlar. Ancaq biz bu məsələnin bu gün hansısa formatda müzakirə etməyimizə təəssüf edirəm. Çünki biz Birləşmiş Ştatlar, yaxud Qərb dövlətləri ilə strateji tərəfdaş kimi davranmaq, yeni dünya düzəni qurmaq düşüncəsində olduğumuz bir zamanda Avropanın enerji təhlükəsizliyində ciddi rol oynadığımız vaxtda bizə qarşı belə bir məsələni müzakirə etməli deyildik”. Bir vaxtlar ərəb dövlətlərinə qarşı bu cür siyasət yürüdüldüyünü deyən Fərəc Quliyev qeyd edib ki, hazırda ərəb dövlətləri bir koalisiya yaradıblar ki, artıq onlarla hesablaşmağa başlayıblar: “Hesab edirəm ki, Azərbaycan və Türkiyə mərkəz olmaq şərti ilə türk cümhuriyyətlərinin ciddi birliyi, Türk Evi yaradılmalıdır. Biz Qərb tərəfdaşları, Birləşmiş Ştatlar və başqaları ilə hansı formada münasibət saxlamağımızdan asılı olmayaraq istinad yerimiz bu ev olmalıdır”. Millət vəkili qeyd edib ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və onun hüquq-mühafizə orqanları kifayət qədər oturuşub: “Azərbaycan əhalisi də ayıq-sayıqdır. Biz müstəqilliyimizi qorumaq üçün əlimizdən gələni əsirgəməməliyik. Düşünürəm ki, düşmənlərimizin qurduğu bu cür tələlərdən Azərbaycan heç bir zərər görməyəcək. Mən hüquq-mühafizə orqanlarına güvənirəm və bunu çox inamla deyirəm”.


Süleyman İsmayılbəyli