Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: - Azərbaycandakı bütün ermənilərə potensial təhlükə kimi baxmaq doğru deyil

Fərəc Quliyev: - Azərbaycandakı bütün ermənilərə potensial təhlükə kimi baxmaq doğru deyil

ASALA erməni terror təşkilatının ölkəmizə yönəlik təhdidləri artdıqca Azərbaycandakı erməni faktoru da aktuallıq kəsb etməkdədir. Təsadüfi deyil ki, bu gün insanların bir çoxu Azərbaycandakı ermənilərə potensial təhlükə -saatlı bomba kimi baxır.
Maraqlıdır, ölkəmizdəki erməni toplumunu potensial təhlükə hesab etmək olarmı? Bu toplumu Azərbaycana qarşı planlaşdırılan təxribatlar üçün ən münasib “xammal” kimi dəyərləndirmək mümkündürmü?
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev hesab edir ki, terror təşkilatlarının yalnız ermənilərdən deyil, azərbaycanlıların özündən də istifadə etməsi mümkündür və bu həqiqəti yaddan çıxartmaq olmaz:
“Terror təşkilatlarının istənilən alət və vasitədən istifadə etməsi gözləniləndir. Ola bilsin ki, onlar Azərbaycanda yaşayan ermənilərən istifadə etsinlər. Və ya ola bilsin ki, bunun üçün digər millətlərin nümayəndələrindən, eləcə də Azərbaycan türklərindən istifadə etsinlər. Belə halların olması mümkündür. Amma Azərbaycanın dünyada tolerant ölkə kimi tanındığı hər kəsə bəllidir. Bunu mən yox, bütün dünya deyir. Hər kəs bilir və etiraf edir ki, Azərbaycan irqi və milli ayrı-seçkilik etmir. Azərbaycanda 2 mindən çox erməni yaşayır və erməni əsilli azərbaycanlılara bizim başqa vətəndaşlardan fərqli münasibət yoxdur. Qarabağla bağlı da elan eləmişik ki, əgər Ermənistan işğal edilən torpaqlardan öz qoşunlarını çıxardarsa, Qarabağın özündə bu gün girov vəziyyətində olan erməni əsilli azərbaycanlılar da digər Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edə bilər”.
Millət vəkili ölkəmizin güc orqanlarının hazırlıq səviyyəsinin olduqca yüksək olduğunu və bu kimi halların qarşısının zamanında alınacağına inandığını bildirdi:
“Şübhəsiz, ASALA terror təşkilatı Azərbaycanda hansısa planını həyata keçirmək üçün müxtəlif variantlara əl ata bilər. Bununla əlaqədar olaraq da Azərbaycanın hüquq-mühafizə orqanları lazımi tədbirləri görürlər. Bizim peşəkar MTN və DİN-miz var. Bizim ciddi peşəkarlığa malik Daxili Qoşunlarımız var. Mən hesab etmirəm ki, ASALA kimi terrorçu təşkilatlar Azərbaycana nə isə edə bilsinlər. Onların bu açıqlamaları sadəcə hay-küydən başqa bir şey deyil. Amma onların bu bəyanat və sərsəmləmələrini biz beynəlxalq rəydə ictimaiyyiləşdirməyi bacarmalıyıq”.
F.Quliyevin fikrincə, Azərbaycan tərəfi bu bəyanatları beynəlxalq səviyyədə ictimaiyyiləşdirməli və Ermənistanla terror təşkilatları arasındakı əlaqələri ifşa etməlidir: “Biz onların əsl simasını bir kəs daha ortaya qoymalıyıq. Göstərməliyik ki, erməni terror təşkilatı Azərbaycana qarşı terror tədbirləri həyata keçirməyə çalışır və Ermənistanın planlarının reallaşması ilə əlaqədar olaraq bu ölkəyə yardım edir. Terror təşkilatları Ermənistan dövlətinin rıçaqlarından biridir. Biz bu həqiqəti bütün dünyaya təqdim etməyi bacarmalıyıq. Mən erməni əsilli azərbaycanlıların hamısının ASALA-nın yanında yer alacağı düşüncəsinin əleyhinəyəm və bu fikri qəbul etmirəm. Bu cür yanaşmaq doğru deyil. Biz yenə də özümüzün tolerant ölkə olduğumuzu nümayiş etdirməliyik. Məsələyə başqa cür yanaşmaq ölkəmizin imicinə mənfi təsir göstərə bilər”.

Seymur Əliyev