Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc bəyin 27 may 2011-ci ildə Milli Məclisdəki ÇIXIŞIı

Fərəc bəyin 27 may 2011-ci ildə Milli Məclisdəki ÇIXIŞIı


Milli Məclisin deputatı Fərəc Quliyev Milli Məclisin bu günkü iclasında çıxış edərək bir sıra təkliflər irəli sürüb. Millət vəkili “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası qanununun layihəsinə dair fikirlərini açıqlayıb:

“Hörmətli sədr, hörmətli deputatlar, hörmətli qonaqlar sizi Respublika günü münasibətilə təbrik edirəm.

Təqdim edilmiş dəyişikliklərə əsasən, 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 milyard 493,2 mln. manat məbləğində artırılır. Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 554,2 mln. manat olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29% çoxdur. Büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcək.
Layihədən də göründüyü kimi artım üçün nəzərdə tutulmuş vəsaitin əsas mənbəyi Dövlət Neft Fondundan büdcəyə edilən transfertdir. Neft Fondundan büdcəyə bu məqsədlə 2009-cu ildə 4,915 milyard, 2010-cu ildə 5,915 milyard manat ayrılıb. 2011-ci ilin büdcəsi haqqında qanunda daha 6,8 milyard manatın ayrılması nəzərdə tutulsa da, artıq bu günkü layihə ilə təqdim edilmiş büdcəyə əlavə və dəyişikliklər layihəsinə əsasən, Neft Fondundan əlavə 2,7 milyard manatın büdcəyə transfert ediləcəyi nəzərdə tutulur. Bununla da büdcə vasitəsilə xərclənən birbaşa neft gəlirlərinin həcmi təxminən 9,5 milyard manat edir. “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə büdcəyə daxil olacaq 600 milyon manatı, hər il ARDNŞ-nin təmin etdiyi 1 milyard manatı, həmçinin neftin qiymət fərqindən əldə ediləcək gəlirləri də nəzərə aldıqda, dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 70 faizə çatdığını görürük. Qeyd edək ki, ötən il bu rəqəm 63 faiz təşkil edib. Başqa sözlə, builki büdcəmizin nə az nə çox 11,5 milyard manatı neft gəlirlərindən formalaşacaq.

Açığı mən bu qədər yüksək məbləğdə artım gözləmirdim. Bu məsələdə məni narahat edən ən vacib məsələ dövlət büdcəsinə Dövlət Neft Fondundan əlavə olaraq 2,7 milyard manatın transfer ediləcəyidir. Bu, iki baxımdan narahatlıq yaradır. Birincisi budur ki, büdcənin neftdən asılılığı təhlükəli həddə güclənir. Dəyişikliklərdən sonra Neft Fondundan büdcəyə ümumilikdə 9 milyard 180 milyon manat transfer ediləcək. Bu, büdcə gəlirlərinin 60 faizi deməkdir. Bundan əlavə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə büdcəyə daxil olacaq 600 milyon manatı, hər il ARDNŞ-nin təmin etdiyi 1 milyard manatı, həmçinin neftin qiymət fərqindən əldə ediləcək gəlirləri də nəzərə aldıqda, dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 70 faizə çatdığı aydın görünür. Halbuki ötən il bu rəqəm 63 faiz təşkil edib. Bu, Azərbaycanı neftin dünya bazarındakı qiymətindən asılı etmək deməkdir. Bir gün bu qiymət indikindən iki dəfə azalsa, dövlət büdcəsinin hansı vəziyyətə düşəcəyini təsəvvür etmək elə də çətin deyil.

Digər tərəfdən, neft gəlirlərinin belə sürətlə xərclənməsi gələcək nəsillərin ölkənin təbii sərvətlərindən bəhrələnməsinə imkan verməyəcək. Təsəvvür edin ki, dəyişikliklərdən sonra büdcənin qeyri-neft gəlirləri ölkənin cari xərclərini ödəməyə imkan verməyəcək. Cari xərclər dövlətin saxlanması xərcləridir, onların maliyyələşdirilməməsi mümkün deyil. Bu il bütövlükdə büdcənin cari xərcləri 7 milyard 716 milyon manat nəzərdə tutulub. Vergi və gömrükdən daxilolmalar isə 6,3 milyard manat nəzərdə tutulub. Vergidən daxilolmalardan neft sektorunun payını çıxdıqda yerdə 4 milyard 710 milyon manat qalır. Bu isə cari xərclərin cəmi 61 faizi deməkdir.

Rəqəmlərdən də göründüyü kimi, neft pulları yalnız Neft Fondundan birbaşa layihələrə deyil, elə bir başa büdcəyə transfert edilir. Lakin təəssüflər olsun ki, birbaşa neft gəlirləri ilə maliyyələşən layihələrlə müqayisədə büdcə xərcləmələrindəki şəffaflıq görünmür. Büdcə xərcləri ilə bağlı aparılan təhlillər göstərir ki, büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və ya təyinatsız qalan xərclərin payı artmaqdadır. Bu qrupa “sənaye-tikinti və faydalı qazıntılar”, “müdafiə”, əsas bölmələrə aid edilməyən “sair xərclər” və digərləri daxildir. Bu xərc maddələri ilə bağlı 2011-ci ilin dövlət büdcəsində onların hara və necə xərclənməsi haqda yalnız ümumi məlumatlar verilmişdir.

Təhlil nəticəsində aydın görünür ki, dövlət büdcəsinin artımı Ümumi Daxili Məhsulun artım dinamikasından çox sürətlidir. Statistik məlumatlara əsasən Dövlət xərcləmələrinin və büdcənin bu qədər artımının qarşısında bu ilin dörd ayında ÜDM cəmi 0,8 faiz artıb. Yəni məcmu təklif artsa da, onun müqabilində tələb hələ formalaşmayıb. Bu o deməkdir ki, bir neçə ildən sonra biz büdcəni azaltmaq məcburiyyətində qalsaq, ÜDM-in kəskin azalması ilə üzləşə bilərik. Bu da göstərir ki, Azərbaycan hökumətinin perspektiv iqtisadi inkişafa dair strateji baxışı yoxdur. Buna görə də cari ildə daxili mənbələrdən (Dövlət Neft Fondu və dövlət büdcəsi) infrastruktura 8 milyard 228 milyon manat sərf etməyi planlaşdırırlar. Bu həcmdə vəsaitlərin bir ildə xərclənməsi nə iqtisadi baxımdan, nə də praktiki nöqteyi-nəzərdən mümkündür. Buna görə də ilin sonuncu aylarında büdcədən nəzərdə tutulan investisiya istiqamətləri üzrə vəsaitlərin silinməsi həyata keçirilir. Dinamikaya baxanda görünür ki, məsələn, ötən ilin sonuncu rübünədək nəzərdə tutulan investisiya xərcləmələrinin az bir hissəsi xərclənib. Son üç ayda xərclər sürətlə artıb, təkcə dekabr ayında ümumi investisiya xərclərinin 28,5 faizə qədəri, yaxud 3 milyard 345 milyon manatı sərf edilib. Bu il də belə olacağı labüddür. Çünki bu qədər vəsaiti xərcləməyə maddi-texniki təchizat və infrastruktur səviyyəsi adekvat deyil.

Daha bir məsələni qeyd etməliyəm ki, vergi və gömrükdən daxilolmaların 770 milyon manat artırılmasının sahibkarlar üçün ciddi problemlər yaradacağından narahatam. Artıq bu tendensiya müşahidə edilməkdədir. İş adamları həm vergi, həm də gömrük orqanlarının qanunsuz tələbləri ilə üzləşirlər.

Bu il dövlət əmlakının özəlləşdirilməsindən daxil olacaq vəsaitlərdə artım nəzərdə tutlmamışdır. Özəlləşdirmənin hazırkı normativ qiymətləri ilə real bazar qiyməti arasında çox ciddi fərq vardır. Onsuzda özəlləşdirmə prosesində Əmlak Məsələləri Dövlət Komitəsində sahibkarlardan alınan pullar real bazar qiyməti ilə hesablanır. Amma büdcəyə həmin vəsaitlərin 10-20 faizi ödənilir. Beləliklə milyonlarla vəsait büdcədən yayınır. Həm özəlləşdirmə, həm də Daşınmaz Əmlakın Reyesterinin aparılması sahəsində olan korrupsiyanın qarşısı alınmalı, özəlləşdirmənin normativ qiymətlərinə yenidən baxılmalı və həmin sahədən daxil olan vəsaitin dövlət büdcəsinə yönəldilməsi tam təmin edilməlidir.

Hesab edirəm ki, büdcəyə dəyişikliklərin həcminə “Avroviziya 2012” yarışmasının Azərbaycanda keçirilməsi amili də təsir göstərib.

Təklif edirəm ki, görüləcək işlərin layihəsi əvvəlcədən hazırlansın və xərclənəcək vəsaitlərin şəffaflığını təmin etmək üçün ictimai nəzarət gücləndirilsin.

2011-ci ildə də sovet dövründə əhalinin banklara yatırılmış əmanətlərinin geri qaytarılması ilə bağlı heç bir addım atılmır. bu sahədə biz heç bir hərəkət müşahidə edilmir. Təklif edirəm ki, İqtisadi Siyasət Komissiyasında bu məsələ müvafiq komissiyalarla birgə müzakirə edilsin və bu problemin həlli istiqamətində konkret addım atılsın.

Başqa bir vacib məsələni qeyd etməmək mümkün deyildir. Bildiyimiz kimi Neft Fondundan maliyyələşən layihələr içərisində əhəmiyyət baxımından xüsusi diqqət cəlb edən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili Dövlət Proqramının maliyyələşdirilməsi”dir. Hesab edirəm ki, bu il həmin vəsaiti ən azı 2 dəfə artırmaq və xaricdə təhsil alan tələbələrin maliyyələşdirilməsində hər tərəfli dəstəyə nail olmalıyıq.

Diqqətinizə görə təşəkkür edirəm”.