Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Qərb ölkəmizə qarşı yenə ikili standart sərgilədi

Qərb ölkəmizə qarşı yenə ikili standart sərgilədi

Fərəc Quliyev: “Avropa təsisatları və bu qitədəki bəzi dövlətlərdə Azərbaycanla bağlı bəzi həqiqətlər ortaya çıxmaqdadır”

Fəzail İbrahimli: “Artıq gücün beynəlxalq hüquqa diqtə etdiyi bir zamanda yaşayırıq”

Fikrət Sadıxov: "Bütün digər məsələlərdə olduğu kimi Avropanın bəzi təsisatları girovlarımızla bağlı məsələdə də ikili yanaşma tərzi sərgiləyirlər”

Bəlli olduğu kimi rusiyalı müxalif siyasətçi Boris Nemtsovun öldürülməsi dünyada geniş əks-səda doğurub. Belə ki, dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlar bu qətli pisləyərək, onun obyektiv araşdırılmasını tələb edirlər. Bu günlərdə Avropa Parlamenti də Nemtsovun öldürülməsi ilə bağlı müvafiq qətnamə qəbul edib.
Avropa Parlamenti Nemtsovun qətlini beynəlxalq səviyyədə müstəqil araşdırmağa çağırıb. Sənəddə qeyd edilib ki, ATƏT, Avropa Şurası və BMT-nin vasitəçiliyi cinayət işinin ədalətli və qərəzsiz araşdırlımasını təmin edər. Qətnamədə vurğulanıb ki, bu qətlin qərəsiz və ədalətli araşdırılması Rusiya ilə Avropa İttifaqı arasında gərginliyin azaldılmasına, normal münasibətlərin diplomatik yolla bərpasına təsir göstərər. Sənəd Avroparlamentin 5 fraksiyası, o cümlədən onlardan ən böyüyü - Avropa Xalq Partiyası, "Sosialist və demokratların" fraksiyası tərəfindən birgə hazırlanıb. Xatırladaq ki, Boris Nemtsov bu il fevralın 27-də Moskvada qətlə yetirilib. Amma Avropa Parlamenti və Qərbdə fəaliyyət göstərən bu kimi digər qurumlar nədənsə neçə vaxtdır erməni girovluğunda olan azərbaycanlılar, Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində belə təşviş keçirmirlər. Bu məsələdə də Avropa Parlamentinin təəssüf ki, ikili yanaşma sərgilədiyini müşahidə edirik.

Millət vəkili Fərəc Quliyev məsələ barədə öz fikirləri olduğunu bildirdi: "Avropa Parlamentinin müxalif lider Boris Nemtsovla bağlı qətnamə qəbul etməsində hər halda məqsəd və mənzərə də aydındır. Rusiyanın sanksiyalara məruz qalması, bu ölkənin bütün mümkün olan yollarla sıxışdırılması, Rusiyaya yerini göstərmək tendensiyaları hökm sürür. Belə bir məqamda siyasi liderin öldürülməsi ilə bağlı məqamın da ələ fürsət düşməsi kimi qiymətləndirilməlidir. Onlar bunu qiymətləndirirlər və çalışırlar ki, bu məsələnin üzərinə getsinlər. Amma hesab etmirəm ki, Azərbaycana qarşı tam biganə mövqe var. Bunu niyə xüsusi olaraq qeyd etmək istəyirəm? Biz süni şəkildə Avropa təsisatları və dövlətlərinin özümüzdən kənara atmalı deyilik. Bildiyimiz kimi, Ermənistan Avrasiya İttifaqına üzv oldu. Bu ittifaq isə bilirik ki, Avropada yaranan birliklərə alternativdir. Belədə onu qabartmalıyıq ki, Ermənistan orada təmsil olunmasına baxmayaraq, Azərbaycan Avropaya əməkdaşlıq haqqında düşüncələrini ortaya qoydu. Yəni, daha çox yaxınlaşma meyllərini ortaya qoymalıyıq, dostlarımızı kənar qoymamalıyıq. Son zamanlar Avropa təsisatları və bu qitədəki bəzi dövlətlərdə Azərbaycanla bağlı bəzi həqiqətlər ortaya çıxmaqdadır. Amma təbii ki, hələlik Ermənistanın da lobbiçilik fəaliyyəti vardır. Onlar da müəyyən məsələlərlə bağlı nailiyyətlər əldə edə bilir. Bəzi senatorlar, xarici ölkələrin beynəlxalq təsisatlarda təmsil olunan nümayəndələrini ölkəmizə qarşı çıxış etməyə sövq edə bilirlər, girovlarımızla bağlı bizi qane edə biləcək səviyyədə ortaya mövqe qoymalarına maneə olurlar. Bu, bir mübarizədir. Lakin yenə də o taktikanın tərəfdarıyam ki, süni şəkildə Qərb dövlətləri və təsisatlarını özümüzə qarşı çəkməyək”.

Millət vəkili Fəzail İbrahimli də dünyada ədalətsiz cəmiyyətdə yaşadığımızı dilə gətirdi: "Artıq Avropa demokratiyası və Avropa Parlamentinin mahiyyəti üzə çıxıb. Dünya açılıb. Artıq gücün beynəlxalq hüquqa diqtə etdiyi bir zamanda yaşayırıq. Dünyanın demək olar ki, gizli gedən bütün siyasətlərinin içi açılıb. O cümlədən də Avropanın. Avropa Parlamenti də Avropa dövlətlərinin yeritdiyi siyasəti reallaşdıran qanunverici orqandır. Suala bir əsr öncə Əhməd bəy Ağaoğlunun yazdığı fikirlərlə cavab verərdim. O yazırdı ki, bu gün Avropa demokratiyası, Avropa fabriklərinin İran bazarını dolduran üzü bəzək, içi çürük şeylərdən başqa bir şey deyil. Bütün bunlar sübut edir ki, bu, ikili yanaşmadır, burada haqq-ədalət yoxdur. Ona görə də özümüzə, gücümüzə, əxlaqımıza, imkanlarımıza güvənməliyik və problemlərimizi özümüz həll etməliyik. Haqq əzilər, üzülməz. Haçansa, bütün bunların cavabını hər kəs alacaq”.

Politoloq Fikrət Sadıxov qeyd etdi ki, bütün digər məsələlərdə olduğu kimi Avropanın bəzi təsisatları girovlarımızla bağlı məsələdə də ikili yanaşma tərzi sərgiləyirlər: "Təəssüf olsun ki, aparıcı dövlətlər və beynəlxalq qurumlar bir neçə ildir, bizi ikili standartlara vərdiş etməyə məcbur edirlər. Bu, özü-özlüyündə ədalətə, məntiqə və beynəlxalq hüquq normalarına zidd addımlardır. Münaqişə ilə bağlı da onların yanaşması eynidir. Azərbaycan vətəndaşlarının öz vətənlərinə getməyini cinayət bilib, həbs edib, məhkəmə şousu yaradan tərəfə heç nə demirlər. Bu da subyektiv, ədalətsiz, ümumi məntiqə zidd mövqedir. Əlbəttə, Nemtsovla bağlı da araşdırma, istintaq aparmaq lazımdır. Amma görünür, bəzi ölkələr, xüsusən ABŞ-da yaddan çıxarırlar ki, vaxtilə orada da bir sıra dövlət başçılarını qətlə yetiriblər və indiyə kimi o qətllərin nəticəsi heç kəsə bəlli deyil. Vaxtilə Amerikada Con Kennedi, onun qardaşı, Martin Lüter Kinq qətlə yetirilsə də, hələlik sifarişçilərin kim olduğu bəlli deyil. Belədə hadisələrə onların bu tip yanaşmasını o zamanlardan müşahidə edirik”.


Rüfət NADİROĞLU