Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc bəyin 24 noyabr 2011-ci ildə Milli Məclisdəki ÇIXIŞI

Fərəc bəyin 24 noyabr 2011-ci ildə Milli Məclisdəki ÇIXIŞI


“Hörmətli Sədr, hörmətli millət vəkilləri, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanun layihəsində müəyyən olunmuş məbləğlər istehlak səbətinə uyğun deyil və artırılmalıdır. Layihədə əhalinin əsas sosial–demoqrafik qrupları üzrə yaşayış minimumun məbləği ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 87 manat təklif olunur. Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 201-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.
Nəzərə alın ki, bir ildə ölkədə 15 faiz bahalaşma olub. Bakıda qiymətlər 19, regionlarda isə 11 faiz artıb. Qiymətlərin statistik müşahidəsinin nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 14,42 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,51 faiz, regionlarda isə 10,40 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (23,48 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 4,43 faiz, xidmətlərdə isə 4,75 faiz təşkil edib.
2011-ci ilin 10 ayında ölkədə istehlak qiymətləri 9,05 faiz, o cümlədən ərzaq məhsulları 13,85 faiz, qeyri-ərzaq məhsulları 3,16 faiz, xidmətlər isə 4,30 faiz yüksəlib.
Azərbaycanın eyni zamanda 10 regionunda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyəri də hesablanıbdır. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 167,06 manat, pensiyaçılar üçün 150,96 manat, 14 yaşadək uşaqlar üçünsə 209,78 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,34 manat, pensiyaçılar 93,82 manat, 14 yaşadək uşaqların valideynləri isə 119,42 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,40 manat, pensiyaçılar üçün 34,70 manat, 14 yaşadək uşaqlar üçün 72,80 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.
Göründüyü kimi,istehlak səbətinin dəyəri 167 manat civarındadır. Ona görə də əhalinin əsas sosial –demoqrafik qrupları üzrə yaşayış minimumun məbləği ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 87 manat müəyyən olunması qətiyyən dogru deyil və istehlak səbətinə uyğun müəyyən olunmalıdır.”