Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc bəyin 01 fevral 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞI (II çıxış)

Fərəc bəyin 01 fevral 2012-ci ildə Milli Məclisdəki ÇIXIŞI (II çıxış)


Cənab sədr,hörmətli millət vəkilləri,
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkədə yoxsulluq səviyyəsinin aşağı düşdüyü qeyd olundu.Göstərildi ki,2003-2011-ci illər arası müddətdə yoxsulluq səviyyəsi 44,7 faizdən 2011-ci ildə 7,6 faizə enib. Aparılan son islahatdan sonra pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb .
2011-ci il oktyabrın 1-nə olan məlumata görə Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərin həllinə 807 milyon manat vəsait ayrılıb.Bütün bunlar yaxşı tədbirlər olsa da,kifayət deyil.Təkcə köçkünlər təbəqəsinə nəzər salmaqla bunu görmək mümkündür. Köçkünlərin aldıqları çörəkpulu 2011-ci ilin dekabr ayına kimi 15 manat idi. Sonra da 10 faiz artıb 16 manat 50 qəpik oldu. Bu gün işi olmayan və ailəsi 4 nəfərdən ibarət olan köçkün hətta aldığı çörəkpulu ilə 1 nəfərin yaşayış minimumunu təmin etmək qabiliyyətinə malik deyil. Köçkünlər arasında işsizlik də kütləvi şəkildə çoxalıb. Onların müəyyən sosial infrastruktur ehtiyacları ödənilsə də, yoxsulluğun azaldılması üçün vacib olan iş yerləri onların sıx məskunlaşdığı yerlərdə demək olar ki, yoxdur.
Yoxsulluq səviyyəsi hətta inkişaf etmiş ölkələrdə belə kiçik olmayan rəqəmlərlə ifadə olunur. Məsələn, Danimarkada 12,1 faiz, Belçikada 15,2, Almaniyada 15,5, Böyük Britaniyada 14, Amerika Birləşmiş Ştatlarında 15,1 faizdir. Azərbaycanda isə yoxsulluq faizi 7,6 faiz göstərilir.Bu faciə deyil,amma,məsələ burasındadır ki ,biz müəyyən tədbirlərlə bu təbəqənin –aztəminatlı ailələrin yükünü azaltmalıyıq.

Azərbaycanda ailələr öz xərclərinin 73,5 faizini ərzaq alışına yönəldirlər. Bu vəziyyət ölkəmizdə orta statistik ailələrin gəlirlərinin ərzaq xərclərinə nisbətən az olduğunu göstərir. Bu isə əhalinin böyük hissəsi üçün yoxsulluq riski probleminin ciddi olduğunun göstəricisidir. Azərbaycanda ailələrin ərzağa iqtisadi əlcatanlığı səviyyəsi inkişaf etmiş ölkələrdən təxminən 6 dəfə aşağıdır. İnkişaf etmiş ölkələrdə ailələrin ərzaq xərcləri ümumi xərclərin az hissəsini təşkil edir. Almaniyada bu göstərici 13,09 faizə, Yaponiyada isə 14,87 faizə bərabərdir.Azərbaycanla müqayisədə hətta MDB ölkələrində, o cümlədən qonşu ölkələrdə vəziyyət nisbətən yaxşıdır. Məsələn, Rusiyada əhali ərzaq alışına öz xərclərinin 34,3, Qazaxıstanda isə 51,8 faizini sərf edirlər. Bu göstəricilər Qonşu Gürcüstanda 47,4 , Türkiyədə isə 32,6 faiz təşkil edir. Təbii ki,hər kəs başa düşür ki,bu Azərbaycan insanının çox qida qəbulu anlamına bağlı deyil.Sadəcə istehlak səbəti ilə ,yaşayış minimumu məbləği arasında disbalans aradan qaldırılmalıdır.
” Azərbaycan Respublikasında 2012-ciil üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasinin qanununda müəyyən olunmuş məbləğlər istehlak səbətinə uyğun deyil .Qanunda əhalinin əsas sosial –demoqrafik qrupları üzrə yaşayış minimumun məbləği ölkə üzrə 108manat,əmək qabiliyyətli əhali üçün 116 manat,pensiyaçılar üçün 87 manat təşkil edir. Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında hesablanmış minimum istehlak səbətinin dəyəri 169 manatdır. Ona görə də,hesab edirəm ki,biz yaşayış minimumunun məbləğinə yenidən baxmalıyıq və əhalinin əsas sosial –demoqrafik qrupları üzrə yaşayış minimumun məbləği ölkə üzrə yenidən müəyyənləşməlidir. Hörmətli Sədr,hörmətli millət vəkilləri,Mən bu məsələnin yaz sessiyasında müzakirəyə çıxarilmasını təklif edirəm.
İkinci məsəl olaraq,əgər biz ölkədə gerçək siyasi islahatlar arzulayırıqsa,”siyasi partiyalar haqqında qanun layihəsini” yubatmadan,yaz sesiyasının işlər planına daxil etməliyik.
Və üçuncü məsələ olaraq,iran mövzusuna toxunmaq istəyirəm.Mən sevinirəm ki,21 il əvvəl Azərbaycan parlamentində səsləndirdiyim məsələlər həmkarlarım tərəfindən bu gün burada səsləndirilir.Mən 1990-95-ci illərdə parlament üzvü olmuşam,siqnator deputatam-mustəqqillik aktını hazırlayan həmmüəlliflərdən və ona səs verən biriyəm.Müstəqillik aktı qəbul olunanda mən ölkəmizin adının Şimali Azərbaycan respublikası adlandırmasını təklif etdim və bunu əsaslandırdım.O vaxt bu indikindən çox aktual idi,real idi ,deyərdim ki,zəruri idi.Çünki ölkə adı da, bütün atributlar da yeni qəbul olunurdu.Bu yeni olkənin Şimali Azərbaycan adlanması-bəs bu ölkənin cənubu haradır,nə baş verib,ölkə niyə bölünüb,ədalətli status-kvo nədir kimi suallar doğuracaqdi.Həm də Güney Azərbaycanda müstəqillik hərəkatı vüsət alanda beynəlxalq ictimai rəydə suallar yaranmayacaqdı.Məni anlamadılar,gücüm ona çatdı ki,vizit kartımda –Şimali Azərbaycan Respublikasının millət vəkili yazdırıb,daxildə və xaricdə təqdimatlarda bu kartdan istifadə edim.Hər halda bu məsələnin yenidən gündəmə gəlməsi Azərbaycanın ədalətli davasına çox lazımdır.Mən düz bir il öncə burada-ilk iclasdaca,Türkməncay müqaviləsinin qüvvəsini itirdiyini tanımaq haqda məsələ qaldırdım.Bu gün həmkarlarım bu məsələyə də toxundu.Mən yenə də o fikirdəyəm ki,çəkinmədən bu addımı atmaq lazımdır.1978-ci il konvesiyasına görə-işgaldan azad olmuş olkələr,işgaçı dövlətin öhdəliklərini daşımırlar.Üstəlik Azərbaycanı bölən dövlətlər BMT-nin digər üzvləri kimi Azərbaycan Respublikasını taniyiblar.Bölən tərəflərdən biri isə artıq tarixə cevrilib.Biz Türkməncay müqaviləsinin qüvvəsini itirdiyini tanımaqla,bunun hüquqi nəticələri kimi,həm də bu müqaviləyə görə Çar Rusiyasına verilmiş İravan xanlıgının məsələsini və”böyuk qayıdışı” gündəmə gətirmiş olarıq.
İrana beynəlxalq aləm tıərəfindən nəzərdə tutulan sanksiyalara gəlincə,biz mütləq bu sanksiyalara qoşulmalıyıq.Dünya bölgədə demokratiyanın üstün vəziyyətə gətirilməsinə ,nüvə təhlükəsinin aradan qaldırılmasına çalışırsa biz kənarda qala bilmərik.Bizim nə etməyimizdən asılı olmayaraq İranın Azərbaycana dost olmayan münasibəti ortadadir.İran Azərbaycan dövlətinin movcudluğunu belə istəmir.Biz tərəddüd etdikcə,İran üstümüzə ayaq alır.Azərbaycanın təhlükəsizlik doktrinasında siyasi oriyentasiyada prioritet avro-atlantik məkandır.Biz tərəddüd etmədən dostlarımızın və düşmənlərimizin təsnifatını bilməli və ona uygun da davranmalıyıq.

Diqətinizə görə təşəkkür edirəm.