Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Fərəc Quliyev: -Baş verənlərin arxasında siyasi məqamlar dayanır.

Fərəc Quliyev: -Baş verənlərin arxasında siyasi məqamlar dayanır.

Qərb sadəcə 12 fransıza görəmi ayaqdadır?

Artıq bir neçə gündür ki, Avropada 7 yanvar terroru ilə bağlı etiraz aksiyaları davam edir. Qərbin iri dövlət rəhbərlərinin də dəstək verdiyi aksiyalarda Parisdə “Charlie Hebdo" satirik jurnalına edilən hücum pislənməklə yanaşı, müsəlmanlara qarşı sərt çağırışlar da səslənməkdədir. Maraqlıdır, dünyanın müxtəlif bölgələrində, İraq, Suriya, Əfqanıstan və s. ölkələrdə on minlərlə insanın həlak olmasına göz yuman Qərbin 12 fransıza görə bir nəfər kimi ayağa qalxması nə ilə bağlıdır? Bu, Qərbin ikili siyasəti kimi dəyərləndirilə bilərmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev baş verənlərin arxasında siyasi məqamların dayandığını vurğuladı:
“Bütün müsəlman ölkələrində, Yaxın və Orta Şərqdə az qala hər gün minlərlə insan həlak olur, terrorun qurbanına çevrilir. Lakin Qərb buna reaksiya vermir. Əksinə, bəzi mənbələrə görə, böyük terror təşkilatları ciddi mərkəzlərdən dəstək alır. Məsələnin qorxulu tərəfi budur ki, həmrəylik yürüşü adı altında böyük dövlətlərin rəhbərlərinin bir araya gələrək guya mədəni etiraz bildirməsinin arxasında böyük ehtimalla hansısa bir bölgə və ya dövlətdə görülə biləcək müəyyən əməliyyatla bağlı ciddi zəmin hazırlanır. Gələcəkdə bu dövlətlər ittifaq halında hərəkət edərək hansısa dövlətin siyasi yönümündə və ya xəritəsində müəyyən dəyişikliklər edə bilər. Böyük ehtimalla bu gün baş verənlərin arxasında bu dayanır. Bu, çox təhlükəli bir məqamdır. Bu hadisənin İslam dini ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Bunu İslam dini ilə əlaqələndirmək doğru deyil. İslam barış dinidir. Təbii ki, 12 nəfərə görə böyük dövlət başçılarının hərəkətə keçməsinin arxasında siyasi məqamlar dayanır. Xocalıda yüzlərlə, minlərlə insan soyqırımına məruz qalırsa, Azərbaycana, hətta uşaqlara qarşı belə terror davam edirsə, ermənilər çaylara uşaqların həlak olmasına səbəb olan oyuncaq formalı bombalar axıdırsa, dinc sakinlər oğurlanırsa, güllələnirsə və bütün bunların fonunda böyük dövlətlər susursa, ikili münasibət sərgiləyirsə, bu, təbii ki, müttəfiqlik münasibətlərini zədələyir və Azərbaycan cəmiyyətində də bu dövlətlərə qarşı etimadsızlıq yaradır. 1998-ci ildə yeni dünya düzəni haqqında kitab yazmışdım. Hesab edirəm ki, təhlükələrdən qorunmaq üçün transkontinentinal " Turan-Avrasiya bloku yaratmaq lazımdır. Türkiyə və Azərbaycan dövlətlərinin də daxil olduğu türk cümhuriyyətlərinin iqtisadi, siyasi, mədəni və hərbi gücünü bir araya gətirmək lazımdır. Böyük təpgilərin qarşısında yalnız bu yolla dayanmaq olar. Bunun başqa bir yolu yoxdur”.

Seymur Əliyev