Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

"Avronest" növbəti dəfə ermənilərin anti-Azərbaycan alətinə çevrildi...

"Avronest" növbəti dəfə ermənilərin anti-Azərbaycan alətinə çevrildi... Fərəc Quliyev: "Bütün qurumlar bizim haqlı olduğumuzun fərqindədir, ancaq bəzən doğru qərarlar qəbul etməyə başqa faktorlar mane olur"
"Avronest"də hansısa ifadənin layihədən çıxarılmasının bizə heç bir təsiri olan deyil. Narahatlıq üçün ciddi əsas görmürəm"


"Avronest"in 21-23 mart sessiyasında erməni deputat qrupu Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici siyasət və təhlükələr üzrə hazırlanmış məruzəsindən "işğal edilmiş ərazilər" ifadəsini çıxarmağa nail olub.
Bu barədə Ermənistanın "Avronest"də nümayəndə heyətinin rəhbəri Artak Zakaryan parlamentdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, gürcü nümayəndə heyətinin 2 təklifində "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünün dəstəklənməsi və bu məkanda işğal olunmuş ərazilərin yolverilməzliyi yer alıb. Erməni deputat qrupu Azərbaycanın bununla bağlı sərt mövqeyinin olacağından ehtiyat edərək gürcülərə bu təklifi geri götürmək üçün müraciət ediblər. Gürcü nümayəndə heyəti bununla razılaşıb və təklifini geri götürüb.
Ukrayna nümayəndə heyətinin də təcavüz və işğal olunmuş ərazilərdən ordunun çıxarılması barədə bəyanatı erməniləri qorxudub. Ukrayna nümayəndə heyəti ilə danışıqlardan sonra onlar da bu təklifi geri götürüblər.
Ən çox diqqəti çəkənsə sosialist blokunun təklifi olub. Onların Türkiyənin Qarabağla bağlı dialoqda iştirakının təmin edilməsi ilə bağlı təklifi səs çoxluğu ilə qəbul edilməyib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti "Avronest"in son tədbirində iştirak etməyib. Qurumun bu qeyri-obyektivliyini nə ilə izah etmək olar?
Azərbaycanı "Avronest"də təmsil etmiş millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, həmin qurumun tədbirlərində iştirak etməməklə bağlı Azərbaycan doğru qərar qəbul etdi: "Bu heç də qurumla əlaqələrimizin kökündən kəsilməsi anlamına gəlmir. Çünki son vaxtlar Avropa institutlarının Azərbaycana münasibətinin köklü şəkildə dəyişdiyini sezirik. "Avronest"lə yaranan soyuqluq məhz bizə qarşı bəslənən qeyri-obyektiv mövqedən qaynaqlanırdı. Biz çalışmalıyıq ki, bütün müstəvilərdə ermənilərlə mübarizə aparaq. Beynəlxalq qurumların daxilində qəbul edilən qərarlar bəzən gələcək mübarizə üçün hüquqi baza zəminini yaradır. Nümayəndə heyətimizin orada təmsil olunmamağının qəbul edilən qərara ciddi təsiri olmayacaqdı. Çünki bizim təmsil olunduğumuz bir sıra qurumlarda da Azərbaycanla bağlı qərəzli, ikili standartlardan irəli gələn qərarlar qəbul edilib. Bütün qurumlar bizim haqlı olduğumuzun fərqindədir, ancaq bəzən doğru qərarlar qəbul etməyə başqa faktorlar mane olur. "Avronest"də hansısa ifadənin layihədən çıxarılmasının bizə heç bir təsiri olan deyil. Narahatlıq üçün ciddi əsas görmürəm".
Məhəmmədəli QƏRİBLİ