Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

"Heç bir kənar dövlət Azərbaycanın haqq işinə müdaxilə edə bilməz" AÇIQLAMA

"Heç bir kənar dövlət Azərbaycanın haqq işinə müdaxilə edə bilməz" AÇIQLAMA“Azərbaycanın cəbhədə qazandığı uğurlarda təəccüblü heç nə yoxdur. Cənab Prezidentin də çıxışı zamanı dediyi kimi erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin. İşğalçı ordu nə qədər ki Azərbaycan torpağındadır, onlar ağır zərbələr alacaq”. Bu fikirləri SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev cəbhədə baş verən hadisələr barədə açıqlama verərkən deyib.

Millət vəkili bildirib ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər müharibənin aktiv fazaya keçməsini istəmirsə, onda həlledici tədbirlər görsün: “20 faiz torpağı işğal altında qalan hansı ölkə susar?! 20 ildən çoxdur ki susuruq. Artıq yetər! Beynəlxalq güclər münaqişəni dinc yolla həll etmək istəyirlərsə, buyursunlar etsinlər amma bacarmırlarsa, o zaman Azərbaycan beynəlxalq konvensiyalara əsasən işğal altında olan torpaqlarını müharibə yolu ilə azad edə bilər. BMT-nin 4 qətnaməsi var, amma bu qətnamələrə əməl olunmur. BMT nizamnaməsində də göstərildiyi kimi qəbul edilən qətnamələrə əməl olunmursa, o zaman əməl etməyən tərəfə sanksiyalar tətbiq olunmalıdır. Təəssüf ki, bu edilmir. Son hadisələr də bir daha göstərdi ki, Azərbaycanın səbri də bir yerə qədərdir. Azərbaycan bütün çağırışlara hörmətlə yanaşır amma Ermənistana təzyiqlər edilməyəcəksə öz torpaqlarını güc yolu ilə qaytaracaq”.

Onun sözlərinə görə, son uğurlar bir daha sübut etdi ki, ordumuz istənilən tapşırığı tez və dəqiq yerinə yetirməyə qadirdir: “Azərbaycanın oturuşmuş güclü ordusu, müasir hərbi texnikası cəmi 2 saata erməni müdafiə xəttini darmadağın etdi. Azərbaycanda ölkə başçısı başda olmaqla güclü siyasi iradə, qüdrətli ordu var. Beynəlxalq qanunlar da bizim tərəfimizdədir. Biz hər birimiz müsəlləh əsgərik və Ali Baş Komandanın döyüş əmrinə hazırıq”.

Fərəc Quliyev xüsusilə vurğulayıb ki, heç bir kənar dövlət Azərbaycanın haqq işinə müdaxilə edə bilməz: “Azərbaycan öz ərazisi daxilində hərbi əməliyyat apara bilər və aparır. Torpaqlarımızdan işğalçı ordunu çıxarırıq. Dağlıq Qarabağda olan ermənilərə belə Azərbaycan tərəfi konstitutsiya çərçivəsində hüquqlarını qoruma zəmanəti verir. Azərbaycan Ermənistan kimi monoetnik dövlət deyil. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinə bərabərhüquqlu yanaşma mövcuddur. Kənar müdaxilə olarsa, düşmənin böyük və kiçikliyindən asılı olmayaraq iqtidarlı, müxalifətli, qocalı, cavanlı hər kəs onun qarşısında dayanacaq”.

Tofiq Abdulla