Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

20 faiz torpağı işğal olunmuş hansı ölkə susar?

20 faiz torpağı işğal olunmuş hansı ölkə susar? Ermənistan çıxılmaz vəziyyətə düşdüyünü anlayır

"Düşmən təxribat törətməklə, vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır”


Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş bütün təşəbbüslərin qarşısını almağa çalışır. Bu məqsədlə bütün mümkün vasitələrdən istifadə edir. Düşmən bütün sülh təşəbbüslərini bloklayır, mövcud status-kvonun saxlanması üçün əlindən gələni edir. ATƏT-in Minsk Qrupunun münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən bütün təklif və təşəbbüsləri də məhz Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmır.

Müxtəlif illərdə beynəlxalq vasitəçilərin təşəbbüsü ilə aparılmış yüksək səviyyəli danışıqlar, əldə olunmuş razılaşmalar məhz Ermənistanın təxribatı nəticəsində iflasa uğrayır. 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir. Bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır.

Məlumdur ki, Prezident İlham Əliyev Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparıb. ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan edib, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunub. Bundan əvvəl 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsi ilə bağlı təklif irəli sürüb və bu məqsədlə həm Azərbaycana, həm də Ermənistana səfər edib. 2016-cı il martın 10-da isə Serj Sarkisyan Moskvaya dəvət olunub və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılıb. Həmçinin, bu günlərdə Bakıya səfəri nəzərdə tutulmuş Rusiya xarici işlər naziri Sergey Lavrovla da münaqişənin həlli ilə bağlı müzakirələr aparılacağı gözlənilir. O cümlədən Fransa Prezidenti Fransua Olland cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib. Göründüyü kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildiriblər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlarıdır. Artıq Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır. Cəbhə xəttində növbəti təxribat törətməklə, vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Ermənistanın son davranışının arxasında məhz bu amil durur. Bunun təsdiqi olaraq həm də onu göstərmək olar ki, Azərbaycan tərəfi beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq əks-həmlə əməliyyatını və cavab tədbirlərini aprelin 3-dən birtərəfli qaydada dayandırdığını bəyan etdi. Ancaq Ermənistan tərəfi, əksinə, hərbi əməliyyatların intensivliyini artırmağa və ciddi-cəhdlə qarşıdurmanın davam etdirilməsinə çalışdı.

Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyev də bildirib ki, heç bir kənar dövlət Azərbaycanın haqq işinə müdaxilə edə bilməz: "Cəbhədə qazandığımız uğurlarda təəccüblü heç nə yoxdur. Cənab Prezidentin də çıxışı zamanı dediyi kimi, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin. İşğalçı ordu nə qədər ki, torpağımızdadır, onlar ağır zərbələr alacaqlar”. Millət vəkili bildirib ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər müharibənin aktiv fazaya keçməsini istəmirlərsə, həlledici tədbirlər görməlidirlər: "20 faiz torpağı işğal altında qalan hansı ölkə susar?! Artıq yetər! Beynəlxalq güclər münaqişəni dinc yolla həll etmək istəyirlərsə, buyurub etsinlər. Əgər bacarmırlarsa, o zaman Azərbaycan beynəlxalq konvensiyalara əsasən işğal altında olan torpaqlarını müharibə yolu ilə azad edə bilər. BMT-nin 4 qətnaməsi var, amma onlara əməl olunmur. Son hadisələr göstərdi ki, Azərbaycanın səbri bir yerə qədərdir. Azərbaycan bütün çağırışlara hörmətlə yanaşır, amma Ermənistana təzyiqlər edilməyəcəksə, torpaqlarımızı güc yolu ilə qaytaracağıq. Güclü ordumuz var, müasir hərbi texnikamız cəmi 2 saata ermənilərin müdafiə xəttini darmadağın etdi. Beynəlxalq qanunlar da bizim tərəfimizdədir. Hər birimiz müsəlləh əsgərik və Ali Baş Komandanın döyüş əmrinə hazırıq”.

İsmayıl