Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider MDHP

Obama da Putin kimi dördgünlük müharibədə prezidentlərə telefon aça bilərdi...Fəqət...

Obama da Putin kimi dördgünlük müharibədə prezidentlərə telefon aça bilərdi...Fəqət... Quliyev: "Rusiyanın baş naziri Medvedyev regiona səfər etdi və nəticədə gedib öz ölkəsində bildirdi ki, status-kvo olduğu kimi qalmalıdır"

"Putinin isə bir qədər aktivləşməsi Rusiyanın hələ də bu regionda söz sahibi olmasını dünyaya çatdırmağa hesablanmışdı"


Aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibə fazasına keçdi. Dünya ölkələri liderləri döyüşlərin dayandırılmasına və münaqişənin dinc yolla nizamlanması yollarını axtarmağa çağırdılar.

Rusiya prezidenti Vladimir Putin isə, əksinə, ölkəsinin beynəlxalq imicini möhkəmləndirmək, Azərbaycan və Ermənistanı Qərbdən qoparmaq üçün qətiyyətli addımlar atmağa başladı.

Bu fikirlər ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş həmsədri, "Atlantic Counsil"in elmi əməkdaşı Metyu Brayzanın "The Washington Post" qəzetində dərc edilmiş məqaləsindən götürülüb.
Brayza məqaləsində 2006-2009-cu illərdə Minsk Qrupunun həmsədri olarkən Rusiya ilə ABŞ arasında münaqişənin nizamlanmasına dair danışıqlarda konstruktiv əməkdaşlığın olduğunu yazır. Onun bildirdiyinə görə, həmkarı Yuri Merzlyakov rəisi Sergey Lavrov kimi həmişə konstruktiv idi. Onlar mühüm görüşlərdən əvvəl toplaşıb bir neçə saat "beyin fırtınası" edirdilər. 2008-ci ilin avqustunda Gürcüstana müdaxiləyə görə Rusiya ilə ABŞ arasında münasibətlər kəskinləşsə də, bu, Qarabağa dair əməkdaşlığa təsir etməmişdi.
"Ona görə də mən Vaşinqtonla Moskva arasında son günlər baş verən hadisələr zamanı Dağlıq Qarabağa dair əməkdaşlığın olmamasından heyrətə gəldim. Minsk Qrupunun ruhunda birgə, razılaşdırılmış səylər göstərmək əvəzinə, Putin təkbaşına hərəkət etdi. Ola bilsin o, vitse-prezident Cozef Baydenin Vaşinqtondakı nüvə sammiti zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüşüb Qarabağa dair sülh prosesini canlandırmaq səylərinə zərbə vurmaq istəyirdi. Yaxud ola bilsin Putin Sarkisyan və Əliyevin nüvə sammiti çərçivəsində Obama ilə görüşlərindən hiddətlənmişdi"- Metyu Brayza yazır.

Keçmiş səfirin məqaləsində deyilir ki, istənilən halda, Putin hərbi əməliyyatları dayandırmaq üçün intensiv diplomatiya həyata keçirdi, Obamanın isə hadisələrə hər hansı maraq göstərmədiyi üzə çıxdı. Hətta Ağ Ev rəsmi bəyanat da vermədi. Dövlət Departamentinin reaksiyası sönük idi, dövlət katibi Con Kerrinin indiki hadisələrin misli görünməmiş xarakterini əks etdirməyən bəyanatı Kerri ilə Lavrov arasında intensiv məsləhətləşmələrə istinaddan başqa heç nə deyildi.

"Putin isə, əksinə, Əliyev və Sarkisyanla dəfələrlə məsləhətləşmələr apardı, Rusiyanın xarici işlər və müdafiə nazirləri İrəvan və Bakıdakı həmkarları ilə fəal təmaslar qurdular. Nəticədə aprelin 5-də Rusiya ordu qərargahında Azərbaycan və Ermənistan hərbçiləri arasında atəşkəs razılaşması əldə olundu. Bu razılaşmada Minsk Qrupunun birbaşa iştirakı təmin edilməmişdi" - Metyu Brayza xatırladır.
Hadisələr zamanı Obamanın passivliyi nə ilə izah edilə bilər?

Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, heç Rusiyanın da bu məsələdə ciddi fəallığını görməyib: "Rusiyanın baş naziri Medvedyev regiona səfər etdi və nəticədə gedib öz ölkəsində bildirdi ki, status-kvo olduğu kimi qalmalıdır. Təbii ki, belə fəallıq bizi qane edə bilməz. Putinin isə bir qədər aktivləşməsi Rusiyanın hələ də bu regionda söz sahibi olmasını dünyaya çatdırmağa hesablanmışdı. ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin heç birinin davranışında konkretlik görmədik. Bura yalnız Obamanı aid etmək düz deyil. Sülhə çağırışları hətta münaqişəyə heç bir təsir imkanları olmayan ölkələr də etdi".

Məhəmmədəli QƏRİBLİ