I Pyotrun - Dəli Petronun iş başına gəlməsi ilə Rusiyanın işğalçılıq tarixində yeni bir mərhələ başlandı. Həm özü, həm də taxt-tacına sahib olacaq bütün gələcək varisləri üçün isti sulara çıxmaq strategiyasını irəli sürmüş I Pyotr sərhədləri isti sularadək uzanan Azərbaycanın türk Qacar dövlətini öz qarşısındakı əsas maneələrdən biri kimi görürdü, çünki Rusiyanın Qara dənizdən və Boğazlardan keçərək isti sulara çıxış yolunu Osmanlı imperiyası, Qafqazlardan, Azərbaycandan keçib Bəsrə körfəzinə və Ümman dənizinə çıxan yolunu isə Qacar dövləti kəsirdi. Məhz buna görə də Qafqazların, özəlliklə Azərbaycanın işğalı Rusiya üçün isti sulara çıxış strategiyasında bir nömrəli hədəfə çevrildi. Bununla da Azərbaycanın iki yüz ildən bəri davam edən milli faciəsi başlandı.
XVIII yüzildə Rusiyanın Azərbaycana bəzi işğalçılıq yürüşləri olsa da ruslar tutduqları əraziləri əldə saxlaya bilmədilər. XIX yüzildə isə daha da güclənmiş rus imperiyası artıq Azərbaycan üçün çox ciddi təhlükə idi. 1801-ci ildə Qazax və Şəmşəddil sultanlıqları işğal edildi. 1803-cü ilin yazında isə on ilədək davam etmiş I Rusiya-Azərbaycan müharibəsi başlandı və 1813-cü il oktyabrın 12-də “Gülüstan” müqaviləsinin bağlanması ilə nəticələndi. Azərbaycanın parçalanmasının başlanğıcı olan bu mənhus müqaviləyə görə, Dağıstan da daxil, Arazdan quzeydə yerləşən bütün Azərbaycan torpaqları (Naxçıvan və İrəvan xanlıqlarından başqa) Rusiya tabeliyinə keçdi.
Azərbaycanın quzeyini itirməsi faktı ilə barışmayan Türk Qacar dövləti 1826-cı il iyulun 16-da Rusiyaya qarşı hərbi əməliyyatlara başladı və üç ilədək davam edən II Rusiya-Azərbaycan müharibəsi 1828-ci il 10 fevral “Türkmənçay” müqaviləsinin bağlanması ilə başa çatdı. Həmin müqaviləyə görə, Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın hakimiyyəti altına keçdi. Bununla da Azərbaycanın bölünmüşlük faciəsi rəsmiləşdirilmiş oldu.
Azərbaycanı parçalamaq və quzey hissəsini işğal etmək rus imperiyasına heç də asan başa gəlmədi. İngiltərə xaric, az qala bütün Avropanı tutmuş Napoleon imperiyasını üç ilə darmadağın edən Rusiya 10 il müharibə apararaq Azərbaycanın Arazdan quzeyə, İrəvan xanlığını və Naxçıvanı çıxmaqla, yalnız beşdə birini qoparmağa nail ola bilmişdi. Bu, Azərbaycan türklərinin Rusiya imperiyasına qarşı müharibəsinin necə sərt və dönməz olduğuna ən tutarlı sübutlardan biridir .
Bütövlükdə Rusiya 13 illik ağır müharibədən (1803-1813, 1826-1828-ci illər) sonra Azərbaycanın quzeyini işğal edə bilmişdir. Xalqımız üçün çox ağır olan bu müharibə illəri ərzində bir tərəfdən Azərbaycanın xanlıqlara ayrılan quzey hissəsinin mərkəzləşmiş türk Qacar dövlətinə tabe etdirilməsi uğrunda mübarizə gedir, digər tərəfdən isə Qacar şahzadəsi və vəliəhd Abbas Mirzənin başçılığı ilə işğalçı rus imperiyasına qarşı qəhrəmancasına müqavimət göstərilir, qanlı döyüşlər aparılırdı. Rus işğalçılarına qarşı qeyri-bərabər savaşda Car-Balakən camaatı, Cavad xanın başçılığı altında Gəncə əhalisi və s. Azərbaycan tarixinin şanlı səhifələrini yazdılar. İşğalçı rus qoşunlarının rəhbəri general Sisianovun Bakı qapılarında öldürülməsi və başının Təbrizə - vəliəhd Abbas Mirzəyə göndərilməsi də xalqımızın işğal faktına heç də müticəsinə boyun əymədiyini açıq-aydın göstərməkdədir.
Azərbaycan xalqının ciddi müqaviməti ilə qarşılaşan rus imperiyası hərbi işğalı gerçəkləşdirib, siyasi-inzibati bölünmüşlüyü rəsmiləşdirdikdən sonra millətin müqavimət gücünü daha da sarsıda bilmək üçün çeşidli üsullarla “ayır-buyur” siyasətini geniş tətbiq edərək Azərbaycanı mənən, ruhən parçalamağa can atdı. Həmin üsullardan biri də Azərbaycanın quzeyini güneyindən süni şəkildə fərqləndirmək, qüzeydəki əhalini və onun dilini başqa adla adlandırmaq cəhdi idi.
Rusiyanın ozamankı görkəmli şəxsiyyətlərindən olan, sonralar Tehrana səfir göndərilən və orada xalq tərəfindən doğranılan Qriboyedov Peterburqa öz hesabatında yazırdı ki, bu xalq birdir və hamısı özünü türk sayır. Biz ya Azərbaycanı bütövlükdə işğal etməliyik, ya da onu parçalayıb Arazdan şimalda yaşayanlara “oğuz”, yaxud “tatar” adı qoymaqla onları bir-birindən ayırmalıyıq.
Başqa bir hesabatda isə təklif edilirdi ki, onları ölkənin adına uyğun azərbaycanlı… adlandırmaq daha doğru (oxu: imperiya məqsədlərinə daha yararlı) olardı. Bəli, xalqın “türk” adını “azərbaycanlı” adı ilə əvəz etmək fikri elə Türkmənçay müqaviləsi bağlanan andan meydana çıxmışdı.
XX yüzildə rus çar imperiyasının varisi olan rus sovet imperiyası da eyni yolu izləmiş, 30-cu illərin ikinci yarısında adımızı yenidən dəyişdirmişdir.
Azərbaycanın güneyində isə 1924-cü ildə hakimiyyətin türk Qacar sülaləsindən fars Pəhləvi sülaləsinə keçməsi ilə başqa bir üsul - etnik tariximizin inkar olunması, kökümüzün uydurma irandilli azəri etnosuna bağlanması tətbiq edilməyə başlandı. Qondarma “azəri” adı meydana çıxdı (hər cür ad olar, təki türk adı olmasın!). Ona görə də bu gün qardaş Türkiyədə bizə “azəri” deyilməsi, sadəcə, təəssüf doğurur…
Lakin hər iki imperiyanın (fars və rus) milli varlığımızı və milli bütövlüyümüzü inkar etməyə və parçalanmağa yönəlmiş “ayır-buyur” siyasəti nə qədər qəddarlıqla, nə qədər hiyləgərliklə tətbiq olunsa da Azərbaycan türkünün bütövlük ruhunu parçalaya bilmədi. Tarix sübut etdi ki, Azərbaycanın bütövlük ruhu parçalanmazdır! Çünki bi milli bütövlük ruhu
- dilimizin eyniliyində yaşamaqdadır;
- ədəbiyyatımızın bütövlüyündə yaşamaqdadır;
- tariximizin vahidliyində yaşamaqdadır;
- mədəniyyətimizin bütünlüyündə yaşamaqdadır;
- inanc və mənəviyyat birliyimizdə yaşamaqdadır;
- milli kimlik şüurumuzun fərqsizliyində yaşamaqdadır;
- qəhrəmanlarımızın, qəhrəmanlıqlarımızın və dərdlərimizin ortaqlığında yaşamaqdadır…
Bir sözlə, Azərbaycan türklüyündə yaşamaqdadır! Bütün bunlar isə tarix boyu Azərbaycan türkünü işdə birliyə sövq etmişdir.
Milli bölünmüşlük və asılılıq faciəmiz başlayan gündən buna qarşı milli müqavimət hərəkatımız da ortaya çıxmış və ardı-arası kəsilmədən davam etmişdir. Bu hərəkat fürsət düşdükdə hərbi və siyasi müstəvidə alovlanmış, on illər boyu davam edən qaçaq hərəkatı, çeşidli kəndli üsyanları, xalqımızın Şeyx Şamil hərəkatındakı ciddi iştirakı və sair meydana çıxmışdır. Azərbaycanın güneyindəki Səttar xan hərəkatına, Xiyabaninin “Azadistan” dövləti yaratmasına, Pişəvərinin milli hökumət elan etməsinə; Azərbaycanın quzeyində Rəsulzadənin rəhbərliyi ilə demokratik respublika qurulmasına məhz bu baxımdan yanaşılmalıdır.
Hərbi və siyasi müstəvi ilə yanaşı, xalqımız milli-mədəni müstəvidə də çox ciddi müqavimət göstərmiş, Nəbatinin, M.F.Axundzadənin, Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, M.Ə.Sabirin, Mirzəli Möcüzün, Həbib Sahirin, M.Şəhriyarın, Bulud Qaraçorlunun (Səhənd), Xəlil Rzanın, Həmid Nitqinin və b. simasında öz milli-mənəvi bütövlüyünü ortaya qoymuşdur. Ümumiyyətlə, milli-mədəni müstəvidə Azərbaycan heç vaxt mənən, ruhən ayrılmamış, həmişə bütöv olaraq götürülmüşdür. Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi bunun ən tipik örnəyidir. Milli-mədəni müstəvidən fərqli olaraq, siyasi müstəvidə milli müqavimət hərəkatımız zamanın şərtlərinə, dövrün gerçəkliklərinə uygun inkişaf etmişdir.
* * *
XX yüzildə xalqımız Azərbaycanın güneyində Səttar xan, Xiyabani, Pişəvəri kimi, Azərbaycanın quzeyində isə M.Ə.Rəsulzadə kimi böyük liderlər yetirmişdir. Bir-birini tamamlayan bu liderlərdən hər birinin tariximizdə öz şərəfli yeri var. Onlardan hər birinin rəhbərlik etdiyi hərəkata güneyli-quzeyli bütün xalqımız qatılmış, bununla da Azərbaycan türkünün işdə birliyini ortaya qoymuşdur.
Hansı dövlətin təbəəsi olmalarına baxmayaraq, Azərbaycan oğulları imperiyaya qarşı həmişə birgə çıxış etmişlər. Bunun mahiyyətini başa düşməyən Lenin yazırdı ki, Gəncədə, Bakıda, yəni Azərbaycanın quzeyində və Qafqazda yaşayan türklər Rusiya təbəəsi olduqlarını yaddan çıxararaq və bunu nəzərə almayaraq Səttar xan hərəkatında çox fəal iştirak edirdilər.
Azərbaycanın quzeyində cərəyan edən Müsavat hərəkatı iştirakçılarının böyük bir qismi Azərbaycanın güneyindən olan soydaşlarımız idi. Elə Azərbaycan hökumətinin baş nazirinin Xoylu Fətəli xan olması çox mətləbləri açıqlayır.
Lakin unutmayaq ki, bütün bu hərəkatların hər birində başlıca mübarizə hədəfi ya Azərbaycanın güneyi, ya da quzeyi olmuşdur. Başqa sözlə, siyasi mübarizə meydanında Azərbaycan bütöv olaraq hədəf götürülməmiş və Bütöv Azərbaycan uğrunda hərəkatın ideya əsasları irəli sürülməmişdir. Əsrin əvvəllərindən bəri meydana çıxan milli azadlıq hərəkatlarımızdakı bu boşluğu əsrin sonunda məhz ƏBÜLFƏZ ELÇİBƏY fenomeni ortadan qaldırmaqdadır.
* * *
Xalqımızın ruhunda, folklorumuzda, poeziyamızda, nəğmələrimizdə… yaşayan Bütöv Azərbaycan düşüncəsini siyasi müstəviyə çıxaran ilk yolbay (rəhbər) Əbülfəz Elçibəydir. Hələ 1975-ci ildə rus sovet imperiyası tərəfindən həbs edilərkən Əbülfəz bəy Bütöv Azərbaycan ülküsünün (ideyasının) mahiyyətini müdrik bir bənzətmə ilə belə açıqlamışdır: “Fil nə qədər böyük olur-olsun, onu iki yerə parçalasan hərəkət edə bilməz. Qarışqa isə nə qədər kiçik olsa da parçalanmadığına görə hərəkət edər… Bu səbəbdən hazırda ən kiçik xalqlar belə irəliləyə bilir, Azərbaycan isə böyük olmasına baxmayaraq, parçalandığına görə yüz ildən bəri yerindəcə durur”.
70-ci illərin əvvəllərində rüs sovet imperiyasının çox yaşamayacağını öncədən görən, əqidə dostlarına, yoldaşlarına, tələbələrinə “… bu quruluş dağılacaq” söyləyən Əbülfəz Elçibəy bu gün “İranı da SSRİ-nin taleyi gözləyir” düşüncəsini irəli sürməkdədir. İnanırıq ki, o gün uzaqda deyil… O gün gəlir.
Vaxtilə Əbülfəz Elçibəy rus imperiyasının dağılacağını deyəndə və o gün üçün indidən hazırlaşma zərurətini irəli sürəndə çoxları ona inanmırdı. Rus imperiyası dağıldı… və o günə tam hazır olmayan Azərbaycan xalqı (yalnız bizmi?!) imperiyanın xarabalıqları altından çətinliklə can qurtarmaqdadır…
Rus imperiyasının dağılacağına çoxlarının inanmadığı dövrdə Əbülfəz Elçibəy dostlarını, yoldaşlarını, tələbələrini öz ətrafına toplayaraq hazırlaşmağa - xalqı təşkilatlandırmağa başlamışdı. Azərbaycan Xalq Cəbhəsinin yaranmasında və həmin təşkilatın qazandığı uğurlarda iyirmi il öncədən başlayan bu hazırlığın payı heç də az olmamışdır.
Bu tarixi təcrübəyə dərindən yiyələnmiş Əbülfəz Elçibəy İranın da dağılacağı fikrini ortaya qoyarkən eyni zamanda Azərbaycan xalqının buna indidən hazırlaşma zərurətini də irəli sürməkdədir. Ə.Elçibəyə görə, İran dağılacaq. İran dağılacaqsa bəs biz niyə bu xarabanın altında qalıb əzilməliyik?..
Rejim dəyişikliyi edib demokratik federasiya yaratmaqla təməlləri sarsılmış, dayaqları çürümüş İranın ərazi bütövlüyünü qorumaq xülyasında olanlara qarşı güclü tarixi təcrübəyə əsaslanaraq “İranda demokratik federasiya yaranarsa, onun ömrü uzun olmayacaq - ya tamamilə dağılacaq, ya da yenidən diktaturaya çevriləcəkdir”- deyə cavab verən Ə.Elçibəy yeganə doğru çıxış yolu kimi milli modeli irəli sürür. İranda yaşayan bütün xalqların milli müstəqilliyini nəzərdə tutan bu modelə görə, “Azərbaycan xalqı İrandan ayrılmalı, öz müstəqil dövlətini qurmalı və sonra da quzeydəki dövlətlə danışıqlar aparıb bütöv, müstəqil və demokratik Azərbaycan dövlətini yaratmalıdır”.
Ə.Elçibəy fundamentalist, terrorçu, antidemokratik İrandan qurtulmanın yolunu milli modeldə görür və bütün varlığı ilə inanır ki, Yuqoslaviya kimi, SSRİ kimi, İran da dağılacaqdır. Onun fikrincə, “xalqlar həbsxanası” olan İran məhz milli model əsasında dağılacağına görə Azərbaycan xalqı o günə indidən hazırlaşmalıdır!
Təbii ki, bu hazırlaşmanın - milli güc yetişdirmənin ilk mərhələsi milli ideyanın önə sürülməsi və topluma hədəf göstərilməsi ilə bağlıdır. Ə.Elçibəy hələ 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində bu tarixi zərurəti yerinə yetirmiş və Azərbaycan toplumuna siyasi müstəvidə iki əsas hədəf göstərmişdir:
- milli müstəqillik,
- milli bütövlük.
Azərbaycanın milli müstəqilliyi ideyasının tarixi kökləri müsavatçılıq irsinə dayanır. Ə.Elçibəyin yaxın əqidə dostu, görkəmli Azərbaycan alimi mərhum Malik bəy Mahmudov hələ 1962-ci ildə Bağdadda olarkən “Müsavat” Partiyasının 1936-cı il proqramını əldə etmiş və onu öz mühazirə dəftərində sətirlərdəki hərflərin arasına yazaraq gizlicə Bakıya gətirmişdir. Müəyyən əlavələr etməklə əsas götürülən bu proqram Ə.Elçibəyin bir neçə yaxın əqidə dostu ilə yaratdığı gizli özəyin ilk məramnaməsi oldu.
Müsavatçılığın “Türklük, Çağdaşlıq, İslam” fikir cərəyanları əsasında biçimlənmiş həmin məramnamədə ən mühüm yenilik Ə.Elçibəy tərəfindən əlavə edilən MİLLİ BÜTÖVLÜK ideyası idi. Bu, müsavatçılığın tarixi inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. 70-ci illərdə Azərbaycanın quzeyində Ə.Elçibəyin öndərliyi (liderliyi) ilə yaradılmış gizli dərnəklər şəbəkəsinin əsas ideoloji xəttini təşkil edən bu ideya çağdaş xalq azadlıq hərəkatımızda, ilk olaraq AXC-nin, sonra isə bir sıra digər partiyaların proqramlarında öz əksini tapdı. Ə.Elçibəy özü bu haqda təvazökarlıqla belə deyir: “Bütöv Azərbaycan ideyası təkcə mənim deyil, sadəcə olaraq, mən onu AXC-nin proqramına daxil etmişəm, eləcə də Azərbaycanda fəaliyyət göstərən bir sıra partiya liderləri ilə danışıqlar aparıb onların proqramlarında da bu məsələnin yer tutmasına çalışmışam”.
Ə.Elçibəyin irəli sürdüyü milli bütövlük ideyası S.C.Pişəvəridən sonra Azərbaycanın güneyindəki milli yönlü qurumlar arasında daha da qızışan ideoloji dartışmalara, demək olar ki, son qoymuş və artıq bu gün mövcud olan əksər milli təşkilatların proqramlarında öz əksini tapmışdır.
Ə.Elçibəy milli müstəqillik və milli bütövlük anlayışlarını vəhdətdə götürür, milli bütövlüyə gedən yolun məhz milli müstəqillikdən keçdiyinə inanır, Azərbaycanın istiqlal liderlərini hörmətlə yad edərək deyir: “Tutduğumuz yol böyük öndər M.Ə.Rəsulzadənin yoludur, bu yol Səttar xanın, S.C.Pişəvərinin yoludur və mən əminəm ki, biz… müstəqil, bütöv və demokratik Azərbaycana aparan bu yolu şərəf və ləyaqətlə davam etdirəcəyik”.
Milli müstəqillik və milli bütövlük ideyalarının kütləviləşdirilməsi uğrunda dönməz mübariz Ə.Elçibəy bu yolda çoxlu kadrlar yetişdirmiş, böyük tərəfdarlar kütləsi qazanmışdır.
Milli müstəqillik və milli bütövlük ideyalarının gerçəkləşdirilə bilməsi üçün ən zəruri şərtlərdən biri millətin bu yöndə təşkilatlandırılmasıdır. Bu tarixi zərurətin həyata keçirilməsində mühüm rol oynamış Ə.Elçibəy hələ 70-ci illərin əvvəllərində Azərbaycanın quzeyində geniş yayılmış üçlük, beşlik, yeddilik və doqquzluqlardan ibarət gizli dərnəklər şəbəkəsi yaratmış və onlara ümumi rəhbərlik etmişdir. Həmçinin Azərbaycan Xalq Cəbhəsinin və bir sıra digər milli-siyasi təşkilatların yaranmasında ciddi əməyi olan Ə.Elçibəy bu gün Azərbaycanın güneyində milli-siyasi təşkilatlanmanın zəruriliyini vurğulamaqla və dünya Azərbaycan türklərini Vətənimizin güneyində istiqlaliyyəti gerçəkləşdirəcək milli-siyasi təşkilatlanmanı daha da genişləndirməyə çağırmaqdadır.
Xalqımıza milli həmrəylik bayramını qazandırmış 1989-cu il 31 Dekabr sərhəd hərəkatının ideya müəllifi Ə.Elçibəyə görə, həmin gün “…elimizin, yurdumuzun birliyə doğru… ilk böyük addımını atdığı gündür”. O, Azərbaycan yolunda həmrəyliyin önəmindən danışaraq yazır: “Bizə ilk addımda həmrəylik gərək - yurd uğrunda həmrəylik, el uğrunda həmrəylik, dil uğrunda həmrəylik, din uğrunda həmrəylik, Birləşmiş Azərbaycan Yurdları (BAY) uğrunda həmrəylik!”.
Şübhəsiz ki, milli həmrəylikdən başlayan yol sonda milli birliyə, milli bütövlüyə qovuşacaqdır.
* * *
Milli kimlik şüurunun biçimlənməsi Ə.Elçibəyin baxışlar sistemində çox önəmli bir yer tutmaqdadır. Onun fikrincə, “...Azərbaycan türkü birinci növbədə öz milli varlığını dərk etməli, özünü, öz xalqını, öz dilini, tarixini, mədəniyyətini, vətənini və s. dərindən öyrənib bilməli, sevməli, qorumalı, yüksəltməli və onlara sahib çıxmağı bacarmalıdır… Bir sözlə, bu gün bütün Azərbaycan türkləri öz milli müqəddəratlarını təyin edə bilmək üçün labüdən öz milli kimliklərini dərk etməli və bu yolda mübarizə aparmalıdırlar”.
Təbii ki, Azərbaycan milli kimliyinin təməlində böyük türk varlığına bağlılığımız və vətənçiliyimiz dayanır. Böyük türk varlığına bağlılığımız türk milli kimliyinin dərkindən başlamış çağdaş anlayışla Turan evində birləşməyədək uzun bir məsafə qət etməkdədir. Vətənçiliyimiz isə öz etno-coğrafi hüdudlarımız çərçivəsində müstəqil, bütöv və demokratik Azərbaycan dövlətinin qurulması deməkdir. “Vətən” anlayışımızı darlıqdan qurtararaq etno-coğrafi hüdudlarımızı əhatə edən Bütöv Azərbaycan səviyyəsinə qaldırmış Ə.Elçibəyə görə, “Turanın yolu Bütöv Azərbaycandan keçir”. Bu səbəbdən Azərbaycanın birləşməsi uğrunda mübarizə Turan ülküsünü daşıyan hər bir türkün milli şərəfi və tarixi borcudur.
Vətənin və millətin bütövlüyünə qarşı yönəlmiş ən incə məsələlərə belə xüsusi diqqətlə yanaşan Ə.Elçibəy üçün “azəri” anlayışı, “İran Azərbaycanı - Sovet Azərbaycanı”, “Güney Azərbaycan - Quzey Azərbaycan” anlayışları mövcud deyil. Onun üçün yalnız və yalnız “türk milləti”, “Azərbaycanın quzeyi və guneyi” (həm də doğusu və batısı), bir sözlə, “Bütöv Azərbaycan” gerçəkliyi vardır.
Ə.Elçibəyin Bütöv Azərbaycan və Turan təməli üzərində köklənmiş millətçiliyinə şovinizm tamamilə yaddır. O, İranda müxtəlif xalqların yaşadığını nəzərə almayan, “İran türklərindir və hakimiyyət türklərə məxsus olmalıdır” iddiasında olanlara etiraz edərək deyir: “Biz onların üzərində ağamı olmaq istəyirik? Yox! Biz şovinizmin nə olduğunu görmüşuk. Şovinizm həmin xalqın özünü faciəyə aparır… Bizə öz azadlığımız, öz müstəqilliyimiz yetər. Biz fars şovinizminin əleyhinəyik, farsların yox”.
İngiltərənin keçmiş baş naziri M.Tetçerin ifadəsi ilə desək, “Böyük demokrat Əbülfəz Elçibəy” üçün Azərbaycanın müstəqilliyi və bütövlüyü demokratiyadan ayrı düşünülə bilməz O, Bütöv Azərbaycan dövlətini sivil, dünyəvi (laik), demokratik hüquq dövləti olaraq görür, çünki “demokratiya Allahın çağdaş Türklərə verdiyi ən böyük nemətdir”.
* * *
Bu gün 40 milyonluq Azərbaycan türklüyü böyük bir yola çıxmaqdadır - Bütöv Azərbaycan Yoluna! Yolbay Elçibəyin göstərdiyi Bütöv Azərbaycan yolumuz açıq olsun! Bu müqəddəs yolda Ulu Tanrı millətimizə QUT versin! Amin!