Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

YOLBAY

AZƏRBAYCAN (Tarixdən bir neçə söz)

AZƏRBAYCAN  (Tarixdən bir neçə söz)]

Mənim varislərim yoxdur, mənim varislərim gerçək alimlərdir.
Hz. Məhəmməd peyğəmbər


Tarixi yazmaq onu yaratmaq qədər zordur.
M.K.Atatürk




Ey Ulu Tanrı, düşüncənin və duyğunun anladığı və anlamadığı nə varsa Səndən başlar, Səndə qurtarar. Ulusan, Ucasan, Böyüksən, Sevənsən, Sevilənsən! Bizləri də Səni sevmək və qanmaq üçün yaratdın və dedin: "Mən səni Məni qanmaq üçün yaratdım". Alqış Sənə də, bütün yaratdığına da, yaratdığın və sevdiyin Türklərinə də.

Azərbaycan Ulu Tanrının su ilə odun öpüşündən sevə-sevə yaratdığı, Xızır İlyas peyğəmbərin, Qut savçısı Qutay peyğəmbərin, Azər peyğəmbərin, Lut peyğəmbərin, Azərdüşt peyğəmbərin, Yafəs peyğəmbərin və onun oğlu Türkün sevimli, gözəl, görklü yurdudur.

Azərbaycan dünyanın qədimdən-qədim insan məskənlərindən və ilkin mədəniyyət mərkəzlərindən biri, varlı təbiətli, əzəli və əbədi bir türk yurdudur. Bu gün Azərbaycanda 40 milyon türk 183 il bundan qabaq rus imperiyası tərəfindən parça-tikə və pay-püş edilmiş ulu yurdlarının birləşdirilməsi istəyi ilə yaşayır. Demək olar ki, bu istək uğrunda mübarizə artıq başlamışdır.

* * *

Bu gün rus imperiyası hərtərəfli böhran içərisində tənəzzülə uğramaqdadır. Rus imperiyasının düşümü ilə Azərbaycanın yüksəlişi tərs mütənasibdir. Son səkkiz ildə Azəpbaycanda baş vermiş Xalq hərəkatı və Azərbaycanın addım-addım Azadlığa yürüməsi bütün dünyanın baxışlarını özünə çəkmişdir. Dünyaya yeni bir AZƏRBAYCAN doğulmaqdadır.

Uzun müddət rus və fars şovinizminin qanlı hakimiyyəti altında olan Azərbaycan türkləri azad olduqca hər şeyi yenidən yaratmalı, qurmalı və yazmalıdır. Tarixi də! Bunu göz önünə alaraq tariximizlə bağlı ən qədim və qədim tarixə ötəri də olsa göz yetirməyi gərəkli saydıq.

* * *

Çağdaş tarixçilik hərtərəfli araşdırmalardan sonra toplam belə bir sonuca gəlmişdir ki, ən qədim mədəni insan məskəni Çayhun və Sayhun (Amu-dərya və Sır-dərya) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. Dünyada mədəniyyət ilk dəfə burada mərkəzləşmişdir. Daha doğrusu, Doğu Türküstandan Xəzər dənizinin sahillərinədək olan ərazi dünyanın ən qədim mədəniyyət mərkəzi olmuşdur. Buna görə də bir vaxtlar "tarix Şumerdən başlayır" dediyimiz halda, indi "tarix Orta Asiyadan (ya da Turandan) başlayır" deməyi tarix elmi bizdən tələb edir. Heç də təsadüfi deyil ki, dünyanın böyük rəmzlərindən olan səkkizbucaqlı, ya da səkkiz çıxıntılı ulduz, dünyanın bütövlüyünü göstərən baş-ayaq butalar, xaç, svastika və başqalarının ən qədim nümunələri son illərdə aparılan qazıntılar zamanı məhz bu ərazidən tapılmışdır. Bu ilk mədəniyyət mərkəzinin yaranma və varolma tarixi eradan qabaq X-VI minilliklərə aid edilir.

Dünyanın ikinci qədim mədəniyyətinin toplandığı mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir. Bu mədəniyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə dayanır.

Tarix baxımından Şumer üçüncüdür. Dəclə və Fəratın hövzəsi, yuxarı axını, Patağ [(Zaqros)] dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının şimal-şərqinədək olan ərazini əhatə edir və eradan öncə IV-II minilliklərə bağlanır.

Bu baxımdan Aralıq dənizinin (Ağ dəniz) doğusu və Nil hövzəsi (Misir) dördüncü (eradan qabaq IV-I minilliklər), Quanxe (Xuanxe)-Yançju (Çində) çaylarının arası beşinci (eradan qabaq III-I minilliklər), Hind-Qanq çaylarının ərazisi altıncı (eradan qabaq II-I minilliklər) mərkəz sayılır.

Dünya mədəniyyətinin köçmələri və ya yerdəyişmələri nəzəriyyəsinə dayansaq, bütün sonrakı mədəniyyətlər özündən əvvəlkilərin varisləridir. Orta Asiya, Kür-Araz (Xəzərdən Patağ dağlarınadək) və Şumer mədəniyyətləri daha çox varislik əlaqələri ilə bağlıdır; [bunlar] bütövlükdə səkkiz min il davam edən böyük bir mədəniyətin üç böyük mərhələsi kimi də qəbul edilə bilər. Bu mədəniyyətlərin yaranmasında çağdaş dünya xalqlarının bir çoxunun ulu babaları iştirak etmişdir. Bunların içərisində türklərin ulu dədələri önəmli, demək olar ki, birincilər sırasında yer tutmuşlar. Azərbaycan bu böyük mədəniyyətin həm yaranmasında, həm gəlişməsində, həm də bir-biri ilə bağlanmasında, ilişkilənməsində ən önəmli yer tutmuşdur. "Azərbaycan birincinin (Çayhun-Sayhun) davamı, üçüncünün (Şumer) özülüdür" deyə bilərik. Buna görə də Parsa’nın yaranmasınadək Azərbaycanın qədim tarixinə ötəri bir nəzər salmaq burada qaçılmazdır.

Yaxın və Orta Şərqin tarixini araşdıran bütün tarixçilər Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu bildirirlər. Dünyada ən az öyrənilmiş tarix bəlkə də Azərbaycan tarixidir. Azərbaycanın öz tarix qaynaqları az öyrənildiyindən, bir sıra tarix qaynaqları məhv olduğundan və ya məhv edildiyindən, əldə olan tarix qaynaqları düşmən qələmindən çıxdığından və hətta bizim öz tarixçilərimizin də öz taiximizə düşmən tarixçilərin gözü ilə baxdığından, BÜTÖV AZƏRBAYCAN tarixini və mədəniyyətini öyrənmək üçün ayrıca araşdırma metodu yaradılmadığından, daha nələr, daha nələri də düşünsək, Azərbaycan tarix və mədəniyyətinin araşdırılma, öyrənilmə mənzərəsi tam aydınlığı ilə göz önünə gələr.

Çox yığcam bir misal göstərək. İstərsəniz açın, Azərbaycana aid tarix araşdırmalarına baxın. Ən qədim tariximiz Şumer, Babil, Akkad, Assur qaynaqlarına dayanaraq araşdırılır. Özü də, hansı anlara [dayanaraq]? O anlara ki, həmin anlarda bunların dördü də Azərbaycanla müharibə şəraitində olub. Yəni düşmənçiliyin ən düşmən zirvəsində. Düşmənin bizim haqqımızda yazdıqlarından nə çıxarırsınız çıxarın, yenə də bizim tarixi əyri göstərəcək.

Orta əsrlər ərəb, fars, erməni qaynaqları, yeni dövr rus qaynaqları da eyni təsirə malikdir. Rusiya tarixçi, səyyah və agentləri Azərbaycana aid nə varsa hamısını "Persiya"ya aid etmişlər: "Persidskiy Azerbaydjan", "Persidskaya Djulfa (Culfa)", "Persidskaya Astara" və s.

Çox qəribədir ki, öz adlarımızı (insan, yer, tayfa, el və s.) da yabançı qaynaqlarda yazılan kimi oxuyur, ya da elə tanıyırıq. Məsələn:

Türk - turukku, turuku, turuxi;

Quz (Oğuz) - qus, ğuz, quş, kuş;

Qaz - kass, kas, kassit, kaspi, kasan, kaşan, kaş;

Su - şu, çu, şuv;

Alpərtunqa - Əfrasiyab;

Dəmir - Tamara, Tomiris, Tomris;

İldəniz - Eldəgiz, Eldəgəz.

Bu dediklərimiz 4-5 olsaydı nə vardı ki - minlərlədir. Bəzən bunların hamısı oxuculara çox kiçik gələ bilər. Kiçik olsaydı nə dərd idi?!

Baxın! Bir söz götürək: Şumer. Tarixdə indi "şumerlər" adlanan xalq özünə "kəngər" demiş, dövlətini də "Kəngər" dövləti adlandırmışdır. Kəngərlərin ilkin dövlət qurumu Azərbaycanda - Kür-Araz ovalığı və Urmu gölünün ətrafında yaranmış, kəngərlər Urmunun yaxınlığında Patağ (Zaqros) dağlarının keçidlərindən aşaraq İkiçayarasına (Mesopotamiyaya) yerləşmiş, orada yeni mərkəzlərini yaratmışlar. Bu qədər aydın olduğu halda, görəsən, çağdaş (son iki yüzil) tarixdə məsələni bunca dolaşdırmağın nə mənası var?! Bəzi tarixçilər məsələni daha da dolaşdırmaq, insanları çaş-baş salmaq üçün bir az da irəli gedərək heç bir məntiqi dəlilə əsaslanmadan deyirlər: belə güman da etmək olar ki, bəlkə də şumerlər Hindistandan qayıqlarla İkiçayarasının aşağısına gəlmiş, oradan da sonralar yuxarılara yayılmışlar. Belə bir saxta ehtimal, görəsən, kimə və nəyə gərəkdir?! "Kimə" dedikdə aydındır: hind-avropaçılara, avropamərkəzçilərinə. "Nəyə" dedikdə də aydındır: nə olur-olsun, Azərbaycanla, türklərlə bağlı olmasın! Tarixdə yaxşı nə varsa Hindin, Parsa’nın və Avropanın adına yazılsın!

Tarixə bu qərəzli baxış və onun elmə, dünyagörüşünə və insanlığa zərəri Avropada indi də düşünülməkdədir. Çox təəssüf ki, Rusiya və Parsa (Parsua) tarixçiləri məlum ideoloji məqsədləri üçün, öz keçmiş mövqelərini bərkitmək, qoruyub saxlamaq üçün dəridən-qabıqdan çıxmaqda davam edirlər. Ona görə də bu gün gerçək tarixçiliklə qondarma ideologiyaçılıq çarpışmaqdadır; sonda gerçək tarixçilik qalib gələcəkdir!

Bir daha qeyd edək ki, Azərbaycan dünyada ən qədim insan məskənlərindən biridir. Dünyada tapılan yeddi ən əski insan sümüyündən biri (Azıxantrop insanın çənə sümüyü) Azərbaycanda tapılmışdır. Bəlli olduğu kimi, bu tarix faktı dünya arxeoloqları tərəfindən qəbul edilmişdir.

Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu mədəniyyət tarix elmində "Kür-Araz mədəniyyəti" adlanır. "Kür-Araz mədəniyyəti" eradan qabaq VII-II minilliyə aiddir, mərkəzi Azərbaycan olmaqla şərqdə Orta Asiyanın güney-batısından tutmuş qərbdə Doğu Anadolu, şimalda Güney Qafqazdan tutmuş cənub-qərbdə Dəclə çayı, güneydə Bəsrə körfəzinədək böyük bir ərazini əhatə edir.

Kür-Araz mədəniyyəti eradan qabaq X-VI minillikdə Orta Asiyada yaranmış mədəniyyətin ardıcılı, "Şumer (Sumer) mədəniyyəti" adlanan mədəniyyətin öncülüdür.

Bəzi tarixçilər Kür-Araz mədəniyyəti ilə yaxından taniş olmadıqları üçün bu mədəniyyətin tərkib hissəsi olan Urmiya (Urmu gölünün ətrafında yayılmış hissəsini) mədəniyyətini "ilkin Şumer mədəniyyəti" adlandırırlar. Biz bu cür təyinatın tam əleyhinəyik. Bununla bərabər, "Urmu mədəniyyəti" ilə Şumer (oxu: Kəngər) mədəniyyətinin bir-birindən tam ayrılmasının, təcrid edilmiş halda araşdırılmasının da tərəfdarı deyilik - bu, çox qondarma olardı. Ona görə də gələcək araşdrıcılara tövsiyə olaraq belə bir təklif irəli sürmək istərdik - bu mədəniyyətləri eyni bir "Azər-Kəngər mədəniyyəti" adı altında öyrənmək daha doğru olardı!

"Azər mədəniyyəti Kəngər (Şumer, Sumer, Suber, Super) mədəniyyətinin sələfidir" tezisi problemə baxışı düzgün yönəldir.

Eradan qabaq VII-II minillikdə Azərbaycanda yaranan bu mədəniyyətin yaradıcıları kimlər olmuşdur? Yüz ildən çoxdur belə bir məsələ bu sahədə (daha doğrusu, Yaxın və Orta Şərq və orta əsrlər tarixi sahəsində) çalışan bütün tarixçiləri düşündürmüşdür ki, burada hansı xalqlar yaşamışdır? Bəlli olmuşdur ki, Ural-Altay, hind-Avropa [xalqları] və samilər. Son onillərdə bunlara "Qafqaz dilləri qrupuna mənsub olanlar" da əlavə edilir.

Bu problem təkcə tarixçiləri - tarix elmini deyil, bütün inkişaf etmiş ölkələri: İngiltərə, Fransa, Almaniya, İtaliya və s. düşündürmüş, məsələ elm marağı ilə yanaşı, deyə bilərik ki, daha çox siyasət marağı yaratmış, tarixçilik çox halda siyasətə xidmət etdiyindən öz gerçək mövqeyini itirmiş, tarix elminin bu sahəsində uydurmalar, qondarmalar baş alıb getmişdir. Bildiyimiz kimi, Avropa - Qərb dünyanın önünə çıxmağa başlayandan dünyaya ağa olmaq uğrunda mübarizə aparmış, ona görə də dünyanı yaxından tanımaq Qərb üçün gərəkli olmuşdur. Bunun üçün də Asiya, Amerika və Afrika qitələri hərtərəfli tədqiqat obyektinə çevrilmişdir. Nəticədə, "avropamərkəzçilik" ortaya çıxmış, "Asiya", "Afrika" tədqiqat institutları, akademiyaları yaranmış, "gərəkli" olduğu üçün diqqət daha çox Asiyaya yönəldilmiş, yalnız bu əraziləri "öyrənmək" üçün "şərqşünaslıq" formalaşdırılmış, Yaxın və Orta Şərq Qərbin marağının əsas obyektinə çevrildikcə "asiyaşünaslıq", "ərəbşünaslıq", "iranşünaslıq", "türkşünaslıq" meydana gəlmiş, bunlara Qərb dövlətləri həvəslə qızıl xərcləmişdir. Rusiya da Qərbə qoşulmuş, Asiyanın bölüşdürülməsində daha çox pay götürmək üçün Asiyanı öyrənən Qazandakı kəşfiyyat mərkəzini oradakı "Şərqşünaslıq İnstitutu" ilə birlikdə Peterburqa köçürmüşdür. Paris, London, Berlin, Münxen, Roma, Vyana, Peterburq bu gün "klassik şərqşünaslıq" adlandırılan şərqşünaslığın mərkəzlərinə çevrilmişdir. Bu mərkəzlərdə 3-5 alimi çıxmaq şərti ilə bütün "araşdırıcılar"ın baxışına "avropamərkəzçilik" hakim kəsilmiş, artıq XIX yüzilin sonlarında avropalılar tarixin yaradıcısı (subyekti), şərqlilər yaradılanı, qeyri-fəalı (obyekti) sayılmağa başlamış, ali irq, hakimiyyət, ağalıq üçün Tanrı və tarix tərəfindən "seçilmiş irqlər, xalqlar" nəzəriyyəcikləri meydana gəlmişdir. XIX yüzildə dünyada kiçik qitə olan Avropa özündən qat-qat böyük olan bütün qitələri: Asiya, Afrika, Amerika və Avstraliyanı ağalığı altına almışdı. Elmdə və dünya ictimai rəyində belə bir aparıcı baxış yaradılmalı idi: avropalılar Tanrı və tarix tərəfindən seçilmiş xalqlardır və dünyanı idarə etməlidirlər; vəhşi asiyalı, amerikalı, afrikalı və avstraliyalılara özlərini idarə etməyi öyrətməli, onlara mədəniyyət gətirməlidirlər. Bunun üçün də Tanrının gerçək dini olan xristianlığı yaymaqla Tanrı qabağında borclarını yerinə yetirir, qeyri-avropalıları öz vəhşi ağalarından xilas edir, onlara elm gətirir, onları mədəniləşdirir - avropalılaşdırır.

Bəs avropalıların elm və mədəniyyəti haradan başlayır? Yunanıstandan! Bəli, yunanlar avropalıların babalarıdır. Avropa mədəniyyəti yunan mədəniyyətinin davamıdır, ona görə də yunanları türklərin əlindən qurtarmaq avropalıların Tanrı və tarix qarşısında borcudur, buna tam haqları vardır. Bunu yerinə yetirdilər. Xristian erməni və gürcüləri müsəlmanların ağalığından qurtarmaq da elə. Onu da Rusiya yerinə yetirdi. Bəs Hindistan? Orada yaşayanlar ki xristian deyil! Hindlilər avropalıların ən qədim babalarıdır. Hindistan da onların ulu əcdadlarının vətənidir? Bəli, məhz buna görə ingilislər Hindistana "gəlmişlər". Hind-Avropa qohumluğu yaradıldı və sübut edildi. Bütün xristianları bir cəbhədə birləşdirən Avropa buddist hindliləri də özünə qohum edəndən sonra meydanda kimlər qaldı - Avropanın Asiyaya ən qısa, ucuz və rahat yolunun qapısında dayanan türklər və ərəblər!

Ərəblər XVIII-XIX yüzilliərdə Osmanlı imperatorluğunun tərkibində idilər, elə bir müstəqil, təsiredici gücə malik deyildilər. Avropa, Asiya və Afrikanın qovşağında yaşayan türklər Afrika, Hind okeanı və Çinə çıxmaqda Rusiyaya, Orta və Uzaq Şərqə, cənub-şərqi Asiyaya, Quzey Afrikaya çıxmaqda bütün Avropaya mane olurdular.

Tarix dəyişmişdir. Bir zamanlar [məsələn, XI-XVII yüzillərdə Səlcuqlular (1038-1157), Qaraxanlılar (927-1212), Monqol-Göytürklər (1206-1290), İlxanlılar (1256-1356), Osmanlılar (1299-1922), Səfəvilər (1501-1736), Əfşarlar (1736-1749), Teymurlular (1370-1507), Böyük Moğollar (1526-1858)] dünyaya hökm edən, ara-sıra Moskvanın, Romanın, Parisin, Vyananın qapılarını döyən, bütün dünya müsəlmanlarının xilaskarı, xristianlığa, yəhudiliyə Tanrı dinləri kimi hörmət edib şəfqət göstərən türklərin indi qapıları döyülürdü. Güclü türk imperiyalarından əsər-əlamət qalmamış, nə qalmışsa tarixə çökmüşdür. Öz yerlərinə başqa xalqlarda türk düşmənçiliyi qoyub getmişlər. Təkcə Osmanlı imperatorluğu öz varlığını zorla da olsa qoruyub saxlamaqda idi.

XVIII-XIX yüzillərdə Avropa və Rusiyanın işğal tarixlərinə diqqətlə baxsaq onun ana xəttini türklərlə müharibələr və türk torpaqlarının işğalı, türklərin dünya çapında genosidi (soyqırımı) təşkil edir. Dünyanın hakim dövlətlərinin və qüvvələrinin bu ardıcıl siyasəti nəticəsində "böyük türk düşmənçiliyi" yarandı. Bu, öz təsirini Avropada yaranan yeni tarixçilikdə və ona xidmət edən şərqşünaslıqda da tapdı.

XIX yüzildə Hindistanda (Böyük Moğollar), Orta Asiyada, Qafqazda və o sıradan Azərbaycanın quzeyində, Uyğurustanda, Türküstanda türk sülalələrinin hakimiyyətlərinə son qoyuldu, ərəblər Osmanlı türklərinə qarşı qızışdırıldı.

Bütün bunlara haqq qazandırmaq üçün bir yol vardı - turkləri vəhşi, qaniçən, xristian düşməni, rus düşməni, mədəni hind-avropalıların və samilərin düşməni, işğalçı və hər yerə gəlmə, ümumiyyətlə götürəndə insanlığın, bəşərin düşməni elan etmək, dünya xalqlarını onlara qarşı qaldırmaq, türkləri içdən bölük-bölük etmək. Bununla bağlı Yaxın və Orta Şərq tarixi ilə məşğul olan Avropa tarixçilərinin və onların əlaltı etdiyi Şərq tarixçilərinin, asiyaşünasların və şərqşünasların qarşısında hansı məsələlər, problemlər dururdu? Əsasən:

Dünya xalqlarını irqlərə bölmək. (Bəlli olduğu kimi, bunun nəticəsində insanlığa düşmən olan irqçilik nəzəriyyəciyi törəndi).

Xalqları "mədəni", "qeyri-mədəni" və "barbarlar"a bölmək.

Dünya mədəniyyətinin bütün uğurlarını hind-avropalıların ayağına yazmaq.

Türkləri, yəhudiləri, monqolları və islam dinini bəşəriyyətin düşməni, ən azından, antipodu kimi qələmə vermək (nəticədə yəhudi qırğınları baş alıb getdi, Ural-Altay xalqları bölük-bölük edildi, XIX yüzilin ortasında Rusiya Osmanlı sultanından tələb etdi ki, müsəlmanlıqdan əl çəkib xristianlığı qəbul etsin, Volqaboyunda və Sibirdə türklər zorla xristianlaşdırıldı, Azərbaycan, Mərkəz Türküstan və Doğu Türküstan bir neçə yerə bölündü).

Afrikalıları ən geridə qalmış, barbarlar kimi qələmə vermək, qul alverinə və işğallara bəraət qazandırmaq. (Qul alveri, işğallar və qətl-qarət nəticəsində Afrika yüz milyona yaxın insan itirmiş, yalnız Osmanlı sultanlarının tələbi və təzyiqi nəticəsində Şimali Afrikanın müsəlman ərəb, bədəvi və bərbərlərindən qul aparılmamışdır).

Çinliləri sarı irqə daxil etmək, sarı irqi bəşəriyyətin "sarı çuması" elan etmək, Çinə qarşı birgə yürüşə haqq qazandırmaq.

Osmanlı sultanlığını "xəstə adam" elam etmək, onun ərazisini və irsini mənimsəmək üçün qabaqcadan cəmiyyətdə rəy yaratmaq, Avropa və Rusiyada türklərdən, türk-monqollardan, busurman (müsəlman) və "qaralar"dan intiqam almaq vaxtının çatdığı fikrini yaratmaq və aşılamaq. (Hətta A.Puşkin də yazırdı ki, tatarlardan, xakaslardan, çuvaşlardan intiqam almağın vaxtı çatıbdır).

Türklərin sonradan yaranma və hər yerə gəlmə olduqlarını isbatlamaq, sonda isə türklərə türk olmadıqlarını sübut etmək!

Stalin türk düşmənçiliyində hələ gəncliyindən tanınan tacik şovinisti Babacan Qafurovu 36 yaşında Moskvadakı birbaşa mərkəzi hakimiyyətə xidmət edən Şərqşünaslıq İnstitutunun (SSRİ Elmlər Akademiyası) direktoru təyin edərkən demişdi: Səni ora direktor qoyuram. Sübut etməlisiniz ki, SSRİ-də türk yaşamır!

Bu göstəriş Stalinin sağlığında həll edildi. Bundan sonra Şərqşünaslıq İnstitutu B.Qafurovun rəhbərliyi altında və Leninqrad Şərqşünaslıq İnstitutu Güney Azərbaycanda və İranda türklərin tarixən olmadığını, azərbaycanlıların isə Səlcuqlular dövründə türkləşmiş irandilli xalq olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxmağa başladı. Bir sıra Avropa, Azərbaycan və İran institut və alimləri də onlara qoşuldu. Bu yolda minlərlə insan ömrü və milyardlar xərcləndi, elmdə haqqı arayanların səsi batırıldı, eşidilməz oldu. Azərbaycan türkləri "irandilli" edildi, irandillilər də "hind-irandilli", onlar da öz növbəsində "hind-avropalı" oldu.

Bu saxtakarlığın yönəldicilərindən olan bir qrup alim (Livşits, Qrantovski, İqrar Əliyev və b.) bir zaman onlara qarşı çıxan bizim alimlərə (mən də iştirak edirdim) dedilər ki, "siz azərbaycanlılar sevinin ki, biz sizi bu yolla ari irq edirik, dünya mədəniyyətini yaradan xalqların sırasına qoşuruq". Mən onlara dedim: "Tarixi saxtalaşdırmağı boynunuza aldığınıza və bizə açıq etiraf etdiyinizə görə çox sağ olun. Gün o gün olsun ki, bunu əsərlərinizdə də yazasınız! Biz türklər tarixi yaratmışıq, ancaq onu yazmamışıq. Bir gün gələr - yazarıq". (Bu sözləri o zaman deyəndə bilmirdim ki, Böyük Atatürk demişdir: "Tarixi yazmaq onu yaratmaq qədər çətindir!").

Siyasət tarixində, tarix elmində və şərqşünaslıqda türk düşmənçiliyi bir neçə yüz il davam etmişdir. Tarix elmi və şərqşünaslıq böyük siyasətin müşayiətçisinə, ara-sıra əlaltısına çevrilmişdir.

İndi dünyanın siyasəti dəyişməkdə, türk düşmənçiliyi (antitürkçülük) sönməkdədir. Uzun müddət dünyada hökm sürən hakim millətçi, şovinist və imperialist siyasətin yerini demokratiyaya dayanan siyasət tutmaqdadır. Bu siyasət elmdə və şərqşünaslıqda özünü hökmən göstərəcəkdir. Azadlığa qovuşan xalqlar öz tarixlərinə, keçmiş mədəniyyətlərinə yenidən baxacaq, bir çox uydurma və qondarmalar, saxtakarlıqlar aradan qalxacaq, tarix gerçəkliyi üzə çıxacaqdır.

Bir məsələdə daha diqqətli olmalıyıq: Avropa və Rusiyanın bir sıra tarixçi və şərqşünaslarının əsərlərində çox qiymətli cəhətlər var. Onların xidmətini heçə endirmək olmaz. Etiraf etmək gərək ki, XVIII-XX yüzillər Avropası və Rusiyası biz türklərin tarixini, ədəbiyyat, incəsənət, din, fəlsəfə və mədəniyyətini bizim özümüzdən çox öyrənmiş, yüz minlərlə əlyazmalarımızı qoruyub saxlamış, bu yolda var-dövlət, qızıl-gümüş, milyardlar xərcləmişlər. Bu baxımdan biz Avropa elminə və mədəniyyətinə minnətdar olmalıyıq, ondan səmərəli faydalanmalıyıq.

Avropanın hegemon dövlətlərinin və Rusiyanın türk düşmənçiliyində ən çox istifadə etdiyi silahlardan biri də Parsua-İran olmuşdur. I Pyotr öz sələflərinə vəsiyyətində göstəriş verirdi ki, Farsistanı (Persiya) axıradək əzməsinlər - o, Türkiyəyə qarşı mübarizədə Rusiyaya lazım olacaq.

Yaxın və Orta Şərqdə işğalçılıq siyasəti yürüdən hər hansı bir Avropa dövləti belə düşünürdü. Ancaq Pyotr (Rusiya) Osmanlı imperatorluğunu dağıdandan sonra Persiyanı da dağıtmağı, məhv etməyi qarşısına məqsəd qoyduğu halda, Britaniya hind-avropalılarla qohum sayılan farsları "İran" adlanan inzibati dövlət birliyinə hakim yapmaq, onunla Hindistanla olduğu kimi davranmaq niyyətində idi. İngiltərə, Rusiya və Fransa uzun müddət İran uğrunda gah gizli, gah açıq toqquşdular. Hər üçü də farslara xüsusi rəğbətlə yanaşır, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırdı.

Vuruşan, ölən, siyasəti və dövləti idarə edən türklər olduğu halda, tarixdə, Rusiya dövlət sənədlərində, mətbuatında və arxiv sənədlərində "persidskiye dokumentı" ("fars sənədləri"), "voyna s Persiyey" ("Persiya ilə müharibə") və s. yazılırdı. Bütün məsələlər də Azərbaycanla bağlı idi. Məsələyə dərindən yanaşsaq dövlət Qacarlar dövləti, Azərbaycan və Fars ona daxil olan əyalətlər idi. Müharibələr Azərbaycanda gedirdi və əslində Rus[iya]-Azərbaycan müharibələri idi, tarixə isə "Rossiysko-persidskiye voynı" ("Rusiya-Persiya müharibələri") adı ilə daxil edilirdi. Bütün bunlar dünən (XIX yüzildə) baş vermiş və tarix gözümüzün qabağında saxtalaşdırılmışdır.

Bunları sadalamaqda məqsədim odur ki, hörmətli oxucu bir daha diqqətli olub, Azərbaycanın və onun ən qədim və ilk sakini olan türklərin qədim və orta əsrlər tarixinin necə saxtalaşdırıldığını az da olsa təsəvvüründə canlandıra bilsin. Və təsəvvür etsin ki, Azərbaycan tarixinin gerçəkliyini üzə çıxarmaq istəyən tarixçilər necə çətin, ağır duruma düşmüş, necə böyük axın halında olan hücumlara məruz qalmış, hansı mənəvi sarsıntıları keçirmişlər. Son 30 ildə mən özüm bu konfrans, seminar və yığıncaqların iştirakçısı və tanığı olmuşam. Alimlərimizdən Ziya bəy Bünyadov, Süleyman bəy Əliyarov, Yusif bəy Yusifov, Mahmud bəy İsmayılov, Şövkət xanım Tağıyeva, mərhum Mirəli bəy Seyidov, mərhum Xudu bəy Məmmədov, mərhum Aydın bəy Məmmədov, mərhum Zelik Yampolski, mərhum Məmmədəli bəy Hüseynov, Tofiq bəy Hacıyev, Kamil bəy Vəliyev, Zakir bəy Məmmədov, İsa bəy Qəmbər, mərhum Malik bəy Mahmudov, mərhum Əbülfəz bəy Hüseynli, Yaqub Mahmudov, Qeybulla bəy Qeybullayev, Məhəmməd bəy Tantəkin və b. (adlarını çəkmədiklərim məni bağışlasın) hər cür hücum və təzyiqlərə məruz qalır, “millətçi”, “pantürkist”, “feodal dövrünün tərənnümçüsü” və s. damğalarla, 37-38-ci illərin havası ilə təhdid edilirdilər (ölənlərə min rəhmət, qalanlara Tanrı yar olsun!).

Bir daha təkrar edirik ki, birgə götürdükdə türk tarixini, ayrıca olaraq da Azərbaycan tarixini araşdırmağın tək bir metodu yoxdur, halbuki bunsuz gərəkli ölçüdə irəli getmək mümkün olmayacaq. Alimlərimizin demək olar ki, hamısı tarixi marksist-leninçi metodologiya əsasında araşdırıb. Qısaca olaraq, bu, nə deməkdir: bütün tarix boyu 4 quruluş olub: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm; beşincisi həm də sonuncu olacaq, onu kommunistlər quracaq, adı da kommunizmdir, sosializm onun birinci mərhələsidir. Tarix siniflərin mübarizəsi tarixidir. İbtidai icma quruluşunda siniflər olmayıb, dövlət olmayıb, çünki dövlət bir sinfin başqa sinif üzərində ağalığını təmin edən alətdir, kommunizmdə də siniflər aradan qalxacaq, deməli, dövlət ölüb gedəcək. Quldarlıq eradan qabaq III minillikdən başlayır; feodalizm indiki eranın III yüzilindən başlayır; kapitalizm (yeni dövr) İngiltərədəki burjua inqilabından başlayır; Rusiyada oktyabr inqilabından ən yeni dövr başlayır və başqa, və başqa hökmlər…

Tarixi saxtalaşdırmaqda bundan eybəcər metodologiya düşünmək və tapmaq mümkün deyil! Tarix elmi Sovet İttifaqında yalan marksist ideologiyanın yalançı quluna çevrildi. İstər-istəməz belə bir tezis yaranırdı: əgər III yüzildən öncə hər hansı bir dövlət olubsa, deməli, quldar dövlət olub; bundan qırağa çıxmaq olmaz. Quldarlıq quruluşu öz növbəsində ən mürtəce, ən pis quruluş olub. Sovet tarixçiləri yeni tezis meydana atdılar: ruslar, ümumiyyətlə götürdükdə slavyanlar, qul olmayıblar, quldarlıqdan yan keçiblər, birbaşa feodalizmə daxil olublar. Çox qəribə bir mənzərə yarandı - almanlar da quldarlıqdan yan keçiblər. Bunun ardınca gürcü və erməni tarixçiləri dəridən-qabıqdan çıxıb sübut etmək istəyirdilər ki, gürcülər də, ermənilər də quldarlıqdan yan keçiblər. Sonra bu Sovet tarixçiləri dilemma qarşısında, iki yol ayrıcında qaldılar: bu ölkələrdə feodalizm IX yüzildən sonra başlayıb, quldarlıq da olmayıb, deməli, X yüzilədək bu xalqların dövləti olmayıb? Onda iki yol seçildi: birinci, bu ölkələrdə feodalizmin tarixini qədimə sürükləmək; ikincisi, Marksın əsərlərində bir-iki yerdə işlətdiyi "Asiya istehsal üsulu" ifadəsini əsas götürmək, ona yeni şərhlər vermək, quldarlıq istehsal üsulundan fərqli olan yeni bir istehsal üsulu tapmaq və oraya daxil olmaq. Nəticədə daima "Asiya feodalizmi", "hərbi-demokratiya dövlətləri", "tayfa dövlətləri" və başqa təyinatlar meydana çıxdı. "Asiya istehsal üsulu" haqqında mübahisələrə 1938-ci ildə Stalinin göstərişi ilə qadağa qoyuldu, 60-cı illərdə sovet tarixçiləri bir daha bu problemi ortaya atdılar, içindən heç nə çıxmadı… Sonra Sovet İttifaqı dağıldı, marksist-leninçi metodologiya da onunla birlikdə hara atıldısa bəlli deyil. Keçmiş sovet tarixçiləri ideologiyasız və metodologiyasız qaldı. Bizdə bir zərbi-məsəl var: "Ara qarışdı (bəzən də "qızışdı" deyirlər), məzhəb itdi". Bəli, ara qızışdı və qarışdı, marksist-leninçi məzhəb itdi.

Haylı-küylü, qanlı-qadalı, dünyanı qorxuya salan, yalanı həyat kredosu edən zalım və müstəbid sovet diktaturası tarixə düşdü. Böyük Füzuli demişkən:


Padişahi-mülk dinarü dirəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Göstərən saətdə dövrani-fələk bir inqilab
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

"Sovet İttifaqı" adlı rus imperiyası fani oldu, yerində müstəqil dövlətlər yarandı. Azad xalqlar keçid dövrünü yaşayırlar, keçmiş sovet tarixçiləri də marksist-leninçi qandallardan qurtuldu, yeni metodologiyaya üz tutdu. Ancaq bir həqiqət vardır ki, siyasət, iqtisadiyyat və ictimaiyyətdə birindən obirinə keçmək, dəyişmək, uyğunlaşmaq ideya, fikir və təfəkkürdə adaptasiya olunmaqdan qat-qat asandır. Onda biz tarixçilər (əgər mən də özümü tarixçi saysam və tarixçilər məni tarixçi saysalar) nə etməliyik?

Demokratiya biz fikir qullarını azad etdi, o cümlədən Azərbaycan sovet tarixçilərini. Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar. Nəticəsi nə olacaq? Ya marksist-leninçi metodologiyadan əl çəkməyəcək, ya da klassik burjua metodologiyasının - nisbətən yaxşı ağanın qulu olacağıq. Bu isə qoyunun ayıdan qurtulub insanın əlinə düşməsinə oxşayır. Hər iki halda onu ölüm gözləyir. Birincinin adı aydındır, ikincinin adı ən yaxşı halda qurbanlıqdır. Nəticə eynidir. Çıxış yolu? Var! Azərbaycan tarixçiləri (Güneyli-Quzeyli) bir yerə yığışıb (əgər toplaşmağa imkan versələr və yaxud biz toplaşmağı bacarsaq) Azərbaycan tarix və mədəniyyətinin araşdırılmasının metodologiyasını yazmalıyıq, sözün əsl mənasında yaratmalıyıq!

Bu gün kimə sorsan ki, hansı metodologiyaya əsasən elmi iş işləyirsən? Cavab verə bilmir. Mən təklif edirəm ki, hələlik ilkin olaraq tarix-məntiq metodunu qəbul edək. Bu metod nə üçün təqdim edilir? Birinci, ona görə ki, istər Azərbaycanın, istər türklərin, istərsə də bütün dünyanın qədim və ən qədim tarixi ya həddən az, üzdən öyrənilib, ya da heç araşdırılmayıb, öyrənilməyib. Buna görə də birinci vəzifə kimi qarşıda empirik məlumatların toplanması gərəkdir. Sonra bu məlumatlar "empirik və xronoloji tarixliyə" toplanmalıdır.

İkincisi, bu empirik məlumatlar bir məntiqə dayanmalıdır. Bu da tarixsəl məntiqdir. Məsələn, empirik məlumat ya mifdən, ya dildən, ya dindən gələ bilər. Bunların öz məntiqi, öz sistemi vardır. Ümumi götürsək, min illərlə bəşərin yararlandığı "formal məntiq" adlanan məntiq (loqos) bunları qəbul etmir. Bəlli olduğu kimi, miflər loqosa tab gətirməyərək öz yerini dinlərə, onlar da zaman-zaman tab gətirməyərək öz yerlərini elmə, fəlsəfəyə verməkdədir. Hər bir dilin isə öz məntiqi vardır və onlar ümumi formal məntiqdən fərqlidir.

Üçüncüsü, tarixsəl məntiq nə üçün gərəkdir?

Bir mənanı deyə bilərik ki, tarixin fəlsəfəsini anlamaq və yaratmaq üçün. Çünki hələlik, bəlkə də bir neçə yüzil son söz tarix fəlsəfəsinindir.

Bəşər tarixi başlayandan (nə vaxtdan başlandığı elmdə müəyyənləşməyib, mübahisəlidir; bu haqda sonradan öz fikrimizi bildirəcəyik) mif, din və elm bir-birindən yararlanmaqla bərabər, həm də bir-birilə kəskin çəkişmə, mübarizə və münaqişədədirlər. Bir sıra tanınmış tarixçi və filosoflar mifi dinin sıxışdırıb aradan çıxardığını, bir başqaları isə, əksinə, bəşəriyyətin inkişafı nəticəsində insan oğlunun mifdən dinə keçdiyini, dinin mifə varis olduğunu yazırlar; belə ki, dinlərin hamısında özündən əvvəlki əsatirlərin (miflərin) bir qismi yer tapdı və yaşadı.

Dinin əsatirə (mifə) münasibəti ilə elmin mifə münasibəti ayrı-ayrıdır. Din bir sıra əsatirləri "saf-çürük" edib özünə gərəklilərlə ara-sıra çulğaşdı və onları öz içərisinə aldı. Elm isə əsatirləri (mifləri) öyrənir, öz məntiqi əsasında təhlil edir, gerçək saydığı yerlərdən fakt, dəlil kimi yararlanır, onu öz içərisinə qarışdırmır.

Bir sıra tanınmış filosof və alimlər elmlə müqayisədə miflərə, mifologiyaya ayrı-ayrı baxışla yanaşır, müxtəlif qiymətlər verirlər. Görkəmli türk tarixçi, mifoloq, mədəniyyətşünas alimi mərhum Bəhaəddin Ögəl yazır: "Bugünkü millətlər arasında da köklü bir mifolojiyə sahib olanlar və ya olmayanlar vardır. Məsələn, alman və Skandinaviya qövmləri çox geniş və əski bir ədəbiyyata sahibdirlər. Bunun üçün də bu məmləkətlər tarixi (traditional) metoda böyük bir önəm vermişlər. Amerika kimi yeni topluluqlarda isə belə tarixi bir ədəbiyyat yoxdur. Bu səbəblə bu məmləkətlərin bilginləri də adəta alman məktəbinə cəbhə almış kimidirlər" (Prof. Dr. B.Ögəl. Türk mifolojisi, qaynaqlar və açıqlamaları ilə dastanlar. İki cilddə. Ankara, 1993, 1995; I cild, s.V).

Almanların doğrudan-doğruya mifologiyaya maraqları çox böyükdür. XIX yüzildə bu maraq azalmamış, bir qədər də artmışdı. F.Hegel (1770-1831) deyirdi: mifləri rədd etmək yox, onların yenisini, hətta "ağlın mifologiyasını yaratmaq gərəkdir". "Allah öldü" deyən Fridrix Nitsşe (1844-1900) mifə rəğbətlə yanaşır. "Zərdüşt belə demişdir" adlı dini-mifik əsərində sanki "ağlın mifologiyası"nı yaratmağa çalışırdı.

Emmanuel Kant, Karl Marks, Maks Veber (1864-1920), Fridrix Engels və b. alman tarixçi və filosofları mifə və mifologiyaya xüsusi diqqət yetirmişlər. Marks, Engels, Karl Yaspers (1883-1969) mifologiyanın tarixi əhəmiyyətini qiymətləndirməklə yanaşı, onu elmə zidd saymışlar. K.Yaspers "Tarixin məqsəd və təyinatı" adlı əsərində eradan qabaq VIII-II yüzillər arasını, daha doğrusu, VII-III yüzilləri özündə birləşdirən 500 ili tarixin oxu (məhvəri) kimi qiymətləndirərək, bütün tarixi bu "ox epoxası"nın ətrafında qurur və qeyd edir ki, məhz bu epoxanın təsirindən həmin dövrdə "mifoloji epoxa özünün təmkinli dəyanəti ilə sona çatdı… Mif din üçün material oldu. Din onun əsl mənasını yox, onu rəmzə çevirərək tam başqa nəyi isə ifadə etməyə başladı".

K.Yaspers qeyd edir ki, mif tam ölmədi, geri çəkildi, xalq kütlələrinin ona olan faktik inamından yararlanıb "daha sonra nəticədə idrakın geniş sferasında yenidən qələbə çala bildi". Yaspers mifologiyaya qarşıdır, dinin və fəlsəfənin onun üzərində qələbəsini alqışlayır, sevinclə qarşılayır, sonra fəlsəfəni bütün inancları əvəz edən "yeni bir İNANC" kimi görmək istəyir və bunu özünün əsərində təbliğ və təlqin etməyə çalışır.

Tanınmış tatar tarixçi və filosofu Lev Qumilyov "Min il Xəzər ətrafında" əsərində miflə elmi qarşı-qarşıya qoyaraq ayrıca bir başlıqda ("Mif elmə qarşıdır") A.Quliqanın "mif zaman kateqoriyası bilmir, mifdə həyat əbədi təkrardır" fikrinə dayanaraq yazır: "Onda buradan belə çıxır ki, tarix bir-biri ilə bağlı və ardıcıl hadisələr haqqındakı elm-mifin antipodudur; bu, birinci tezisi möhkəmlədir - mif yalanın sferasında yerləşir".

Bu başlığa Qumilyov belə sonluq yazır: "mifin məlumatlarını yoxlamaq mümkün deyil. Nə vaxt ki mif təntənə ilə qalib gəlir, onda elmin, həm də bütün mədəniyyətin əsl tənəzzülü başlayır".

Bəlli olduğu kimi, mif, din və elm arasında əlaqə və ziddiyyət haqda müxtəlif fikirlər çoxdur. Burada onları tutuşdurmaq, açıqlamaq qarşıya məqsəd qoyulmamışdır. Sadəcə olaraq, tarixçilərimizə və tariximizin fəlsəfəsi ilə məşğul olacaq mütəxəssislərə bir məsələni çatdırmaq istəyirik ki, Azərbaycanın, ümumiyyətlə, türklərin çox zəngin mifoloji irsi vardır. Biz tariximizi yeni metodla yazarkən diqqətli olmalı, miflərə necə yanaşmağı bilik yığıncaq, simpozium, konfrans və toplantılarında müzakirə edib üsul hazırlamalıyıq. Bunda birincilik elmə verilməli, mifin tarixləşməsinə, tarix elminin mifləşməsinə, mif bataqlığında batmasına heç cür imkan verilməməlidir! Farslar miflərindən tarix yaratdıqları üçün, yalanı gerçəklik kimi, mifi elm kimi qələmə verdikləri üçün, bununla da öz tarixlərini mifləşdirdikləri üçün nəinki başqalarını, ən çox özlərini aldatmış, indi elmdə, bütün ictimai elmlərdə özlərini dolaşdıraraq geridə qalmış, onlara uyanların da idrakı dolaşığa düşmüşdür. Bunu az sonra açıq görəcəyik.

İndi də bir neçə sözlə dinlə elmin, dinlə fəlsəfənin münasibətlərinə baxaq. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, biz nə mifologiyanın, nə də dinin əleyhinə deyilik. Ancaq mif və din çox böyük tarixə malik olduğu üçün özünütəqdimin müxtəlif formalarını tapmış və həm də asan qavranıldığı üçün geniş insan kütləsinə təsir edib onu öz tərəfinə çəkə bilmişdir. Elm və fəlsəfə isə həm özünütəqdimat baxımından, həm də qavranılma baxımından çox mürəkkəbdir, çoxlu maddi əsas və ağır zəhmət tələb edir. İnsanlar daha çox asana qaçır, daha çox mifdə və dində rahatlıq, dinclik tapırlar. Onu da yaddan çıxarmaq olmaz ki, elm, fəlsəfə çətin mənimsənilsə də bəşərin ən böyük nailiyyətləri elmin hesabına olmuşdur.


Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)

Dinlər, miflər müxtəlifdir, çox vaxt da bir-birinə qarşıdır. Elm tək bir sistemdir, dinamikdir, daim inkişafdadır, təkamül və sıçrayışla irəliləyir. Orta çağlarda din hakim mövqedə olanda bütün elmlərin məcmusunu fəlsəfə təmsil edirdi, elmin adından fəlsəfə çıxış edirdi. O zaman din - fəlsəfə münaqişəsi daha kəskin, daha sərt idi. Çatışmazlıqlarına baxmayaraq, formal məntiq fəlsəfənin bir silahı kimi mifə və dinə qarşı mübarizədə əsas yer tuturdu. Öz dövrlərində dünyanın ən böyük filosofları olan Kindi, Farabi, İbn Sina, İbn Rüşd, Bəhmənyar və b. məntiq və fəlsəfəni cəmiyyətdə yüksək bir mövqeyə qaldırmışdılar.

İmam Cəfər Sadiq, Əbu Hənifə, Məhəmməd Şafii, Buxari, Məhəmməd Təbəri, Qəzali kimi nəhəng müsəlman ilahiyyatşünas alimləri dinin nüfuzunu qoruyur, onu yeni deyim və metodlarla geniş kütləyə aşılayırdılar. Belə demək mümkünsə, "din elmləri"nin fəlsəfə elmləri qarşısında geri çəkildiyini görən Qəzali "Din elmlərinin dirildilməsi" adlı dörd qalın cilddən ibarət əsərini yazmışdır. Burada o, Farabi və İbn Sina kimi böyük filosofları tənqid edir, kəskin şəkildə islam dinini fəlsəfəyə qarşı qoyurdu. Bundan sonra dinlə fəlsəfənin mübarizəsi daha da kəskinləşmişdir.

Yeri gəlmişkən, qeyd edək ki, Avropada xristian dini fəlsəfəni sıxışdırıb zorla meydandan çıxarmış, yüzillər boyu fəlsəfə ilə məşğul olmaq qadağan edilmiş, fəlsəfə ilə məşğul olanlar amansızcasına təqib edilmişdir. Orta əsrlərdə islam dini xristian dininə baxmış elmə və fəlsəfəyə loyal idi. Qur’anda elm yüksək qiymətləndirilir. Allah ən böyük bilici (alim) sayılır, elmi bilmək Allahın ən gözəl keyfiyyətlərindən biri kimi təqdim edilir.

Qur’anda bir ayədə deyilirdi ki, "elm müsəlman kişi və qadın üçün fərzdir", yəni Allah qarşısında borcudur. Həzrəti-Məhəmməd peyğəmbərin dili ilə hədisdə müsəlmanlara göstəriş tərzində deyilirdi: Utlubul-elm minəl-məhd iləl-ləhd 1. ("Ləhd" bizim tələffüzümüzdə "əlhəd" şəklini alıb. İslam dininə görə, insan öləndə qəbrə qoyulub üstü örtüləndən sonra dirilir, ayağa durub getmək istəyir, başı qəbirdəki daşa dəyəndən sonra yıxılır və öldüyünü başa düşür. Bu daşın adına ərəblər "ləhd" daşı deyirlər).

İslamda (Qur’andan başlayaraq) elmin mövqeyi, elmə münasibətə aid geniş məlumat üçün Rozentalın "Elmin təntənəsi", A.Metsin "Müsəlman intibahı" əsərlərinə baxmaq kifayət edər.

İbn Rüşd elmlə dinin mübahisəsinə belə bir maraqlı yekun vurmuşdur: "Din xəstələr üçün dərmandırsa fəlsəfə də sağlamlar üçün qidadır".

Bəli, biz bu gün təmiz elmlə qidalanıb sağlam şüurla Azərbaycan tarixini həm yaratmalı, həm də ən əski çağlarından bugünədək yeni metodla yenidən yazmalıyıq!

Qayıdaq tariximizə!

Aristotel, Farabi və b. böyük filosoflar dönə-dönə göstərmişlər ki, fəlsəfə ilə məşğul olmaq istəyən, sözün əsl mənasında filosof olmaq istəyən adam mənəvi və fiziki cəhətdən təmiz və sağlam olmalı, gəncliyindən həyatını buna sərf etməlidir. Mən bu sözləri bütünlüklə türk-Azərbaycan tarixçisinə aid edirəm. Hər bir tarixçi, siyasətçi, filosof, alim, ümumiyyətlə, əsl mənada İNSAN bilməlidir ki:

birinci, gerçəkliyi görmək, anlamaq çətindir;

ikinci, gerçəkliyi görüb anlayandan sonra onu demək, yazmaq çətindir;

üçüncü, bunlardan sonra gerçəkliyi savunmaq, müdafiə etmək çətindir;

dördüncü, onu insanlara, topluma çatdırmaq çətindir.

Bütün bu dörd mərhələni keçə bilən İNSAN böyük HAQQı dərk etmiş olur, ruhən ona qovuşur.

Alimlər, siyasətçilər bilməlidir ki, başqasının yalanı birini-beşini bədbəxt edirsə onların yalanı minləri, milyonları, xalqları və ölkələri bədbəxt edə bilər. "Güclü birini, bilikli minini yıxar" atalar sözü burada yerinə düşür.

Tarixçi, tarixçi-filosof ruhunda daşıdığı böyük Gerçəklik naminə hər cür saxtalaşdırmanın qarşısını almalı, sözün əsl mənasında saxtakarlığa qarşı dör-dör döyüşməlidir. Tarix elminin cəlbediciliyi, insanlar üzərində güclü təsiri vardır. Buna görə də sovet diktaturası tarix elmini marksist-leninçi ideologiyanın "əsaslarından biri kimi" götürərək onu ideologiyanın əlaltısına çevirmişdi. Tarix elmində yalanla azca həqiqət elə qarışdırılıb kütlənin mədəsinə yeridilirdi ki, insanlar bunu asanlıqla həzm edir, beyinlər asanlıqla dumanlanırdı.

Adətən, tarix boyu tarix elmindən yaramaz məqsədlər üçün də geniş istifadə edilməyə çalışmış, çox vaxt da buna nail ola bilmişlər. Buna görə də bu elmdən ucuz şöhrət axtaranlar, ondan gəlir yeri kimi yararlananlar, elmdə heç bir səriştəsi olmayanlar daha çox istifadə etməyə çalışmışlar. Bütün bunları hələ 600 il bundan qabaq yaxından izləyən və öz gördüklərini geniş incələyən görkəmli tarixçi, filosof İbn Xaldun fikirlərini açıqladıqdan sonra belə nəticəyə gəlir: "Bunun (bilərəkdən və bilməyərəkdən, savadsızlıqdan və tarixçilikdə səriştəsizlikdən doğan saxtalaşmanın - Ə.E.) nəticəsi olaraq tarix elmi və fənni əsassız və qarışıq bir hala gəldi. Tarixə baxan və onu oxuyan da doğrunu yanlışla, gerçəyi batillə qarışdıran bir insan durumuna düşdü, tarix isə artıq, xalqın söylədiyi məsəllər, rəvayətlər durumuna gəldi, onların malı oldu… Bir çoxları tarix elmindəki hikmət və sirdən qafil olduqları üçün tarix elmi ilə məşğul olmaq cahillik halına gəldi. Xalq və elmlər haqqında əsaslı savadı olmayanlar tarix oxumağı, tarix sahəsində bilgi yiyəsi olmağı, bu sahəyə dalmağı və bu sahədə yetişməyi asan saydılar. Bunun nəticəsində güdülən dəvə, başına buraxılan dəvə ilə, iç qabıqla, doğru yalanla qarışdı. Bu işlərin aqibəti Allaha qalır".

Sanki bu sözlər türk tarixi üçün deyilmişdir. Dünyada böyük, tarixi millətlər arasında türklərin tarixi qədər dolaşdırılmış, türk düşmənləri tərəfindən saxtalaşdırılmış, türklərin özləri tərəfindən ən az araşdırılmış ikinci bir millətin tarixini təsəvvür etmək belə mümkün deyildir. Tarix millətləri içərisində türklər qədər öz tarixinə sayğısız yanaşan ikinci bir millət yoxdur. Tarixi şəhid qanı ilə yaradan bir millət unutmuşdur ki, qiyamət günündə gerçək alimin qələminin mürəkkəbi şəhid qanından fəzilətli tutulacaq.

Tarix və tarix elmi haqqında bir neçə söz. XIV yüzildə yaşayıb-yaratmış İbn Xaldun "Müqəddimə" əsərində yazır: "Bil ki, tarix elmi qayəsi şərəfli, faydaları olduqca çox, üsulu qayət önəmli olan bir fəndir. Çünki bu elm qədim xalqların yaşayış tərzi, peyğəmbərlərin gedişatı, hökmdarların var-dövlətləri və siyasətləri ilə bağlı hal-durumlarla bizi yaxından tanış edir…

Tarix bir çox qaynaqlara (mənbələrə), cürbəcür bilgilərə, yiyəsini haqqa çatdıran, xəta və əyintilərdən çəkindirən (çəkib çıxardan) gözəl bir düşüncəyə və prinsipiallığa möhtacdır".

Son cümlədə son sözün - "möhtacdır" sözünün qarşısına "hər zaman" sözünü əlavə etsək nəyin vurğulandığı daha aydın olar. İbn Xaldun başqa bir yerdə tarixin müqayisəli metodundan danışaraq yazır: "Keçmiş indiyə və gələcəyə suyun suya bənzəməsindən daha çox bənzər!". Son yüzildə geniş yayılmış "tarix olduğu kimi təkrar olunmasa da onda baş verən hadisələr bir-birinə çox oxşayır" fikri 600 il bundan öncə deyilmiş bu fikrə çox bənzəyir.

Ümumiyyətlə götürsək, mən marksist-leninçi metodologiyaya qarşıyam. Marksın və Leninin böyük tarixi səhvlərini mən universitetin üçüncü kursunda oxuyarkən anlamağa başlamışdım. 69-74-cü illərdə universitetdə dərs deyərkən bu səhvləri tələbələrimə və mənə yaxın olan alimlərimizə deyirdim; indi də keçmiş tələbələrimdən bir çoxu bunu təsdiqləyə bilər. Bununla yanaşı, Marks və Engelsin elmdə bir sıra xidmətlərini sadalayırdım, indi də inkar etmirəm. Xüsusən də Engelsin təbiətin tarixi və dialektikası, Marksın cəmiyyətin tarixi və dialektikası ilə ciddi məşğul olmaları və hər ikisinin bir yerdə müəyyən yeni ideyalar kəşf etməsi tarix elmi baxımından çox qiymətli idi. Marks və Engels tarix elmi haqqında yazırdılar: "Bizim tanıdığımız tək bir elm var - tarix elmi! Tarix iki cəhətdən nəzərdən keçiilə bilər - onu təbiət tarixi ilə insanlar tarixinə bölmək olar. Ancaq bu iki cəhət bir-biri ilə qırılmaz dərəcədə bağlıdır!".

Bizcə, sonuncu cümlə tarixin əsas düsturudur. Bu düstur başqa fikirləri, məsələn, tarixin obyekti və subyekti olan xalqlar, tarix yazıdan başlayır, tarix Şumerdən başlayır, tarixi xalqlar, qeyri-tarixi xalqlar, geridə qalmış xalqlar, təkmərkəzçilik, avropamərkəzçilik və s. və s. alt-üst edir, onları puça çıxarır. Belə ki, bütün varlığın varoluşundan tarix başlayır. Dinlərə görə, Tanrı varlığı yaradan andan zaman - tarix başlayır. Yunan filosoflarının təliminə görə, bütün varlıq - fizika (təbiiyyat) bir bütövdür, onun mənbəyi və hərəkətvericisi, daha doğrusu, ilkin təkanvericisi fizikadan (təbiiyyatdan) o yanadır - metatafizika’dır (ma bə’d ət-təbiiyyat’dır). Bir çox orta çağ islam filosoflarına görə, Varlıq bir-birini tamamlayan iki tamdır: MÜTLƏQ VARLIQ, VACİB VARLIQ.

Bunlara diqqətlə yanaşsaq, Tanrı - metatafizika, mütləq varlıq və böyük Demruq və ya mütləq ideya (Hegeldə) bir-biri ilə çox yaxındır. Eləcə də yer-göy (dində), fizika, vacib varlıq, təbiət bir-biriylə hətta eyniyyət təşkil edir. Tarix elminin vəzifəsi bu ikincini yaranışdan bügunədək öyrənməkdir, əsl tarix də budur. İnsan cəmiyyətinin təbiətin ayrılmaz bir hissəsi olduğunu əsas götürən L.Qumilyov tədqiqatlarında bu prinsipə üstünlük vermişdir. İctimai elmlər sırasında sayılan tarix elmi dəqiq maddi sübutlara, məlumatlara (arxeologiya, etnoqrafiya, etnologiya) və dəqiq zaman ölçülərinə və məkana dayandığı üçün dəqiq elmlər sırasına da daxil ola bilir.

Bizim düşüncəmizə görə, BİLGİ (ELM) çözələşən və çulğaşan, çözələnən və çulğanan, çözələyən və çülğayan daim diri bir titrəyiş, tərpəniş və yürüşdür. Bu böyük Bilgidə tarix elminin yeri əvəzsiz və ölçülməzdir.

Alman tarixçi-filosofu K.Yaspers yazır: "İndiki zamanda nəyin baş verdiyini dərk etmək üçün yalnız və yalnız bütövlükdə bəşər tarixi geniş ölçü (masştab) verə bilər".

Tarixçilərin Bilgi, Millət, Bəşər və İnsan qarşısında necə ağır, məsuliyyətli və şərəfli bir vəzifəni daşıdığı göz qabağındadır.