Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

MDHP

Fərəc Quliyev: “Bu kimi tədbirlərin ölkəmizdə baş tutması Azərbaycanın dünyadakı mövqeyinin möhkəmlənməsinin nəticəsidir”

Fərəc Quliyev: “Bu kimi tədbirlərin ölkəmizdə baş tutması Azərbaycanın dünyadakı mövqeyinin möhkəmlənməsinin nəticəsidir” BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dünyada Azərbaycana diqqəti artırır

Fərəc Quliyev: “Bu kimi tədbirlərin ölkəmizdə baş tutması Azərbaycanın dünyadakı mövqeyinin möhkəmlənməsinin nəticəsidir”


Elşən Manafov: “Bu Forum Azərbaycanın bir tolerant və hüquqi dövlət olaraq dünyada mövcud olan imicinin daha pozitiv müstəviyə daxil olaraq yüksəlməsinə səbəb olacaq”


Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dünyada da böyük diqqət və maraqlı izlənir. Dünya bir daha görür ki, Azərbaycan müxtəlif xalqlar və dini və etnik qrupların bir yerdə tolerant şəraitdə yaşadığı ən aparıcı ölkələrdən biridir. Bu mənada Forum ilk öncə Azərbaycanın bəşəriyyətə təqdim edilməsi və tanıdılması baxımından olduqca əhəmiyyətli yer tutur. Tədbirin Bakıda keçirilməsinin özü dünya birliyinin ölkəmizə verdiyi yüksək etimadının göstəricisi sayıla bilər.

Milli Məclisin deputatı Fərəc Quliyev əminliklə söylədi ki, bu kimi tədbirlərin ölkəmizdə baş tutması Azərbaycanın dünyadakı mövqeyinin möhkəmlənməsinin nəticəsidir: "Adından da göründüyü kimi BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu olduqca möhtəşəm bir tədbirdir. Artıq Azərbaycan belə tədbirlərə çoxdan ev sahibliyi etməyə başlayıb. Bu, həm də Azərbaycanın son zamanlar müsbət atmosferdə formalaşan imici ilə bağlıdır.
Azərbaycanın bu ili «Multikulturalizm ili» elan etməsi, tolerant ölkə olaraq nümunə kimi göstərilməsi, müxtəlif etnos və dinlərə münasibətdə sərgilədiyi xoş məram, ölkəmizin inkişafı, öz yolu ilə getməsi, müstəqil siyasət yürütməsi, heç kimin əlaltı dövlətinə çevrilməməsi dövlətimizlə bağlı beynəlxalq arenada fərqli bir münasibət yaradıb. Ona görə beynəlxalq təşkilatlar da burada belə tədbirlərin keçirilməsində maraqlıdırlar. İstənilən beynəlxalq tədbir təbii ki, ölkənin mənafeyi, imicinin daha da yüksəlməsi üçün əhəmiyyətlidir. Xüsusən də Azərbaycanın ciddi problemi olan Qarabağ probleminin çözülməsində yeni mərhələnin başlandığı bir dövrdə belə bir tədbirin ölkəmizdə keçirilməsi daha da əhəmiyyətli sayılmalıdır. Çalışmalıyıq ki, gələn qonaqlarla əlaqələrdə, burada qaldırılan məsələlərdə Azərbaycan həqiqətlərini onlara olduğu kimi təqdim edək. Güman edirəm ki, bu tədbir Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək”.


Politoloq Elşən Manafov qeyd etdi ki, bu Forum və ondan irəli gələn nəticələr dünyanın ölkəmizə olan diqqətinin daha da artmasına gətirib çıxaracaq: "Azərbaycanda Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi Avropada islamofobiyanın gücləndiyi bir dövrə təsadüf edir. Digər tərəfdən, maraqlı məqam ondan ibarətdir ki, Forumun keçirildiyi günlərdə Dağlıq Qarabağ münaqişəsinin özü də fərqli bir müstəvi üzərinə gəldi.
Bildiyiniz kimi tərəflər arasında hərbi əməliyyatlar yenidən bərpa olunub. Belə bir şəraitdə indiyə kimi erməni tərəfinin dünyaya ünvanladığı mesajlardan biri Azərbaycanda tolerantlığın olmaması, insan haqlarının pozulması kimi əsassız məqamlarla bağlı idi. Azərbaycan belə bir Forumu keçirməklə isə növbəti dəfə dünyaya mesaj verdi ki, tolerant ölkədir və dünya birliyilə münasibətləri də məhz bu kontekstdə qurmağa, inkişaf etdirməyə hazırdır. Belə bir Forumun ölkəmizdə baş tutması Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətə bu və ya digər mənada aydınlıq gətirir ki, bundan sonra da siyasətimizi Azərbaycanda yaşayan bütün xalqların duyğularına, hüquq və haqlarına hörmətlə yanaşmaq prinsipini davam etdirmək fikrindəyik. Təbii ki, bu Forum Azərbaycanın bir tolerant və hüquqi dövlət olaraq dünyada mövcud olan imicinin daha pozitiv müstəviyə daxil olaraq yüksəlməsinə səbəb olacaq.
Heç şübhəsiz, bu forumun keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycan dövlətinin tutduğu haqlı mövqeyinin daha artıq dərəcədə dünya tərəfindən qəbul edilməsinə gətirib çıxaracaq. Belə bir tədbir dünyanın Azərbaycana olan marağının və diqqətinin daha da yüksəlməsinə rəvac verəcək”.


Rüfət NADİROĞLU