Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Qurucu Lider

Klinton, yoxsa, Tramp?- Ekspertlər sabiq dövlət katibini daha şanslı sayırlar

Klinton, yoxsa, Tramp?- Ekspertlər sabiq dövlət katibini daha şanslı sayırlar

Bu gün Amerikada növəbti prezident seçkiləri keçirilir və hazırda dünyanın diqqət mərkəzi bu ölkəyə yönəlib. Seçkilərdə kim qalib gələcək, Amerikanın bundan sonra xarici siyasətində hansı dəyişiklik olacaq və sair kimi suallar insanları düşündürür.
Bunu nəzərə alaraq Azərbaycan siyasətçilərinə müraciət edərək, ABŞ-da növbəti prezidentin kim olacağı və həmin ölkənin xarici siyasətində hansı yeniliklərin gözlənilməsi ilə bağlı mövqelərini öyrənməyə çalışdıq.
Politoloq Azər Rəşidoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, seçkilərdə Hillari Klintonun prezident seçilmək şansı daha yüksəkdir: “Bu, Amerika siyasətinin doktrinasının bir hissəsidir. Bir qaradərili prezidentdən sonra qadın prezidentin seçilməsi strateji baxımdan hazırlanmış dərin bir siyasətə bənzəyir və bu baxımdan, Trampın zəif namizəd olması və bütün parametrlərinə görə Klintona uduzması əvvəlcədən düşünmüş siyasətdir”.
Onun fikrincə, H. Klinton prezident seçilərsə, ABŞ-Rusiya münasibətləri daha da gərginləşə bilər:
“Klintonun prezidentliyi Azərbaycanla münasibətlərə ciddi təsir göstərməsə də, ABŞ və Rusiya arasında qarşıdurmanı xeyli dərəcədə gərginləşdirə bilər. Hillari Klinton Rusiyaya qarşı sərt mövqe tutub. Klinton seçildikdən sonra bu siyasət daha da sərtləşəcək”.
Politoloq əlavə edib ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, strateji prinsiplər toxunulmamış qalacaq:
“Çünki, transmilli neft koorparasiyaları ABŞ-da siyasətə birbaşa təsir etmək gücündə və imkanındadırlar. ABŞ öncədən düşünülmüş bir strateji xətt üzərində gedir. Qaradərili bir şəxsin prezident seçilməsindən sonra bir qadının prezident seçilməsi ehtimalı daha yüksəksdir. Trampın anti-islam çağrışları fonunda Klinton daha cəlbedici görünür. Qaradərili prezident, qadın prezident və sonra hətta ola bilər ki, azlıqların nümayəndəsindən birinin də prezident seçilməsi reallaşacaq. Bir sözlə, ABŞ siyasətində sensasion dəyişikliklər gözlənilmir…”
Politoloq Mübariz Əhmədoğlu da Gununsesi.info -ya açıqlamasında H. Klintonun şanslarının yüksə olduğunu dəyərləndirərək bildirib ki, Klinton Trampdan fərqli olaraq uğurlu bir seçki kampaniysı həyata keçirdi. “Tramp Respublikaçılar Partiyasının namizədi olsa belə, Respublikaçılar Partiyasının üzvləri yetərincə aktivlik göstərmədi. Hətta, bir sıra tanınmış respublikaçılar Trampa səs verməyəcəyini açıqca bəyan edirlər”- deyə, o bildirib.
M. Əhmədoğlu deyib ki, Klintonun seçkilərdə qələbə çalması Azərbaycanın da maraqlarına cavab verir.
Onun fikrincə, Klinton prezident seçiləcəyi təqdirdə, Ağ evin Cənubi Qafqaz siyasətində koordinal dəyişikliklər olacaq: “Çünki Cənubi Qafqaz Suriya və Ukrayna ilə qonşu regiondur. Ona görə çalışacaq ki, Amerikanın bu bölgədə mövqeyi möhkəmlənsin və bu bölgə vasitəsi ilə Suriyadakı və Ukraynadakı proseslərə nəzarət etsin. O baxımdan Klintonun prezident seçilməsi Azərbaycanın da maraqlarına xidmət edir”- deyə, o bildirib.
Klinton prezident seçiləcəyi təqdirdə, onun bölgədəki münaqişələrin həllindəki roluna gəldikdə isə M. Əhmədoğlu bildirib ki, Qarabağ münaqişəsinin həllində aktiv mövqe tutacaq.

Millət vəkili Fərəc Quliyev isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, Amerikada kimin prezdent seçilməsindən asılı olmayaraq, onun xarici siyasətində ciddi dəyişiklik olmayacaq. “Çünki Amerika kimi oturuşmuş dövlətlərin siyasəti 50, hətta, 100 il öncəyə planlaşdırılır. Bu baxımdan, oturuşmuş institutları olan ölkələrdə kimin prezident olması bir az formal xarakter daşıyır. Belə ölkələrdə fərdlərin dövlətin siyasətinə təsiri yetərincə deyil”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili bildirib ki, seçkilərdə H. Klintonun qalib gəlmək şansı çoxdur: “Klinton prezident seçiləcəyi təqdirdə, ABŞ Rusiya arasındakı münasibətlərin bir az da gərginləşəcəyini gözləyirəm. Yaxın Şərq və Cənubi Qafqaz uğrunda mübarizə güclənəcək. Bundan əlavə olaraq dolların mövqeyi bir az da möhkəmlənəcək”.


Politoloq İlqar Vəlizadə də seçkilərdə Klintonun qalib gəlmək şansının böyük olduğunu dilə gətirərək deyib ki, kimin prezident sesçilməsindən asılı olmayaraq, Amerika siyasətində köklü dəyişiklik olmayacaq: “Çünki dövlət siyasətindəki ənənə gözləniləcək. Bundan əlavə olaraq Klinton Dövlət katibi, senator olub və Amerikanın xarici siyasətinin zəif-güclü cəhətlərini bilir”. Politoloq bununla belə əlavə edib ki, ABŞ-Rusiya münasibətlərində gərginliyin artımı müşahidə olunacağı ehtimal olunur ki, bu da qonşu regionlara öz təsirini göstərəcək.
“Biz eyni zamanda, Ağ Evin Cənubi Qafqazla bağlı siyasətində dəyişiklik və müəyyən korrektələr olacaq. Çünki ABŞ son bir neçə ildə regionumuzda gedən proseslərdən kənarda qalmışdı və Klinton prezident seçiləcəyi təqdirdə, bu bölg də Amerikanın yenidən mövqelərinin möhkəmləndirilməsinə çalışacaq”- deyə, İ. Vəlizadə bildirib.
Hazırladı Mürtəza Bünyadlı
Gununsesi.info