Milli Dirçəliş Hərəkatı Partiyası
Rəsmi veb səhifəsi

Departamentlər

Şakir Ağayev: “Gecədən səhərə qədər tabut düzəltdik”

Şakir Ağayev: “Gecədən səhərə qədər tabut düzəltdik”

“Buna görə səhərisi gün rus ordusu BRDM-lə qumbara atıb müəssisəni yandırdı”

20 Yanvar faciəsi xalqımız üçün gözlənilməz və çox ağrıdıcı oldu. Azərbaycanda ümumxalq hüznü olsa da, amma heç kim özün itirmədi. Qırğının səhərisi günü dərhal İctimai Dəfn Komissiyası yaradıldı və bundan sonra şəhidlərin dəfninin təşkili işlərinə başlanıdı. Rəsmilər buna etiraz etsə də xalq hərəkatının fəallarının təkidi ilə şəhidlərin dəfn yerinin Dağüstü parkın olması qərarlaşdırıldı. Amma ümumxalq dəfni olduğu üçün şəhidlərin Təzə Pir məscidindən Şəhidlər Xiyabanına tabutda gətirilməsinə ehtiyac olub. Həmin zaman dənf komissiyasının üzvü olan Şakir Ağayev tabutların düzəldilməsi işini öz öhtəsinə götürüb. Ş.Ağayevlə görüşüb həmin ağrılı, acılı günlərin xatirələrini bizimlə bölüşməsini xahiş etdik.

- Şakir müəllim 20 Yanvar gecəsi siz harada idiniz?

- O günlər Xırdalan tutmuş düz şəhərə, Mərkəzi Komitənin binasına qədər postlar qurulmuşdu. Həmin vaxtlar atam Laçından gəlmişdi və o faciəli gecə biz onunla birlikdə idik. Biz çoxlu kolbasa və 100 ədəd çörək alıb maşınla yol boyu postlarda dayanan insanlara payladıq. Sonra şəhərə çatanda atam maşından düşüb Mərkəzi Komitəni daşlamağa başladı. Dedi ki, bilsəydi rus ordusu gəlib Azərbaycan xalqını qıracaq, 1941-45-ci illərdə almanlara güllə atmazdı. Mən atamı apardım evə. Artıq mən Əhmədlidə, Ukrayna dairəsində olanda 12-00 radələrində atışma başladı. Səhər tezdən gəlib Salyansk kazarmanın qarşısında “Kamaz”ların altından meytləri bir-bir Təcili Yardım maşınlarana qoyub xəstəxanaya göndərdik. O meyitlərin yığılmasında iştirak etmişəm. Dünyanın heç bir yerində belə vəhşilk olmamışdı. Onlar tank, BMP, top və hansı müasir silah gəlibsə ondan istifadə etmişdilər. Salyansk kazarmanın qarşısında “Kamaz” bir meyitin üstüdən keşmişdi. Biz o meyiti götürəndə rus ordusu bizə atəş açdığından baş hissə qaldı o tərəfdə. Biz o başı götürə bilmədik. Sonra bilmədim kim o başı götürüb gətirdi. Onda hər yerdə matəm idi. Millətimizə divan tutulmuşdu. Yəni bu imperiya belə vəhşilik edib. Bunlar hamısı mənim gözümün qabağında olub. Sonra mən 40 gün səhərdən axşama qədər Şəhidlər Xiyabanında posta növbə çəkmişəm. Eyni zamanda 5-6 şəhid ailəsinə maliyyə yardım göstərdim. Onlar da mənə təşəkkür məktubu göndərmişdilər.

- Bəs, necə oldu ki, tabutları düzəltməyi sizə tapşırdılar?

- Meyitləri yığandan sonra dedilər ki, 40 tabut olmaldır, yoxsa şəhidləri dəfn etməyə icazə vermirlər. Rəhmətlik Nəcəf Nəcəfov, Xaləddin Xəlilov və birdə mən Şeyxin yanına gedib vəziyyəti ona dedik. Sonra biz getdik “Baksovet”in sədri Qaraqaşlının yanına. O dedi ki, heç yerdə taxta yoxdur. Dövlət onlara icazə vermirdi. Onda bir şeyin şahidi oldum. Ayaz Mütəllibov adam göndərmişdi ki, guya burda ölənlər yol qəzasında ölənlərdi. İctimai Dəfn Komissiyasının sədri Qüdrət Əbdülsəlimzadə dedi ki, qanınızda Azərbaycan qanı varsa, bu sözü siz deməməlisiniz.
Həmin zaman doğurdan da taxta heç yerdə yox idi. Ümumiyyətlə, heç yerdə iş getmirdi. 40 gün idi Rusiyadan taxta gəlmirdi. Onda mənim Xirdalanda “Laçın” mebel kooperativim var idi. Dedim ki, tabutları mən düzəldəcəm. Oradan bir-iki nəfər özümlə götürdüm. Gəldim müəssisəmi açıb işə başladıq. O zaman Abşeron polisinin də bizə çox köməyi dəydi. Gecə polislər qoruyurdular ki, başqa ordu gəlib bizə mane olmasınlar. Gecədən səhərə qədər tabut düzəldik. Sonra aparıb məsciddə təhvil verdim. Bundan sonra xalqın köməyi ilə dəfni təşkil etdik.

- Sizə, müəssisənizdə tabut düzəltdiyinizə görə hansısa təzyiq göstərildimi?

- Səhərisi gün mühafizə xidməti xəbər verdi ki, müəssisə yanır. Demək, rus ordusu BRDM-lə vurub müəssisəni yandırdı. O zaman mən heç bilmirdim, Əhməd Cavadın oğlu Yılmaz Axundzadə Binəqədinin birinci prokuroru idi. Demişdi ki, Şakir müəllim Vətənin qeyrətli oğludur, imkan verməyin ona cinayət işi açılsın. Yəni orada çox şey yanmışdı. Onlar orada elə qeydiyyata aldılar ki, guya 800 manatlıq əmlak yanıb.

Xatırladaq ki, Ş.Ağayev hazırda Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamentinin rəhbəridir. 20 Yanvar qırğınından sonra Salyanın Çuxanlı kəndində hərbi hissə yaradıb. Qarabağ döyüşlərinin son gününə kimi iştirakçısı olub. Erməni girovluğunda olan saysız insanı geri alıb.


Fuad Hüseynzadə